İşdən çıxarılan icra başçısının sərvəti

İlham Əliyev və Şair Alxasov. Foto: president.az

Şair Alxasovun ailəsinə məxsus əmlakların bir qismi məlumdur

Mayın 31-də dövlət başçısı İlham Əliyev Şair Balaşərif oğlu Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Şair Alxasov 2007-ci ildən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. O, 2 dekabr 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib.

Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində işləyib. Ailəlidir, 1 oğlu, 2 qızı var.

İcra başçısı mətbuatda gedən yazılarda Qusardakı 22,3 hektarlıq meşə zolağında 4 mindən çox ağacın kəsilərək yerində istirahət mərkəzinin salınmasında günahlandırılırdı. Hərçənd ki, Baş Prokurorluq yerli bələdiyyə sədrini təqsirkar bilərək, cəza kəsmişdi. Ehtimal olunur ki, icra başçısı Bakıda keçiriləcək olan dünyanın ən mühüm ekoloji tədbirlərindən biri olan “COP29” çərçivəsində olan hazırlıqlara görə bu addım atılıb və o vəzifədən uzaqlaşdırılıb.

 İcra başçısının özünə və ailə üzvlərinə aid olan biznes və əmlaklar

2020-ci il oktyabrın 19-da Qusar Rayon İcra Hakimiyyəti Qusar şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında yerləşən ticarət obyektinin istismarına icazə verib. Ümumi sahəsi 362,6 kv. metr olan obyektin sahibi Alxasov İlkin Şair oğludur.

Tikintisinə 2018-ci ildə başlanılan obyektin sahibi eyni zamanda tikintinin istismarına icazə verən quruma rəhbərlik edən şəxsin – Qusar Rayon İcra Hakimiyyəti başçısı Şair Alxasovun oğludur. Ərazidə həmçinin icra başçısının oğluna aid olduğu bildirilən “İlk İNN” Hotel fəaliyyət göstərir.

Tikinti obyektinin layihəçisi kimi isə “Urfan” MMC  (VÖEN 4700011561) adlı şirkət qeyd olunub. Şirkətin qanuni təmsilçisi isə Urfan Şahabbas oğlu Saruxanovdur. Eyni adlı şəxs həm də “Şahdağ-Samur” MMC (VÖEN 4700061861) adlı şirkətin də qanuni təmsilçisidir və eyni ünvanda qeydiyyatdan keçib. Şirkət 2019-cu ildə Qusar Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin də qalibi olub. 472,165 min manat vəsait udan şirkət, “Abadlaşdırma işlərinin satınalınması” tenderinin qalibi elan edilib. Şirkət Qusarda ən çox tender udanlar siyahısında birincidir. Həmin şirkətin KİV-də icra başçısının proksi şirkətlərindən biri olduğu iddia olunur.

Bundan əlavə, icra başçısının qardaşı Nazim Balaşərif oğlu Alxasovun da inşaat şirkəti sahibi olduğu müəyyən olunub. Belə ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə 26 may 2016 tarixindən etibarən eyni adlı şəxs “SUVAL İNŞAAT” MMC (VÖEN: 1503207821) şirkətinin qanuni təsisçisi və təmsilçisidir.

İcra başçısının həyat yoldaşı Xanımgül Muradağa qızı Alxasovanın da şirkət təmsilçisi olduğu məlum olub. Belə ki, 12 avqust 2009-cu ildə dövlət qeydiyyatına alınan, 20 manatlıq nizamnamə kapitalı olan  “ƏKİNÇİ-2009” MMC (VÖEN: 4700302341) şirkətinin qanuni təmsilçisi və təsisçisi Xanımgül Muradağa qızı Alxasovadır.

Xanımgül Alxasovanın adına “10BT622”, “90SJ798” və “90OH290” dövlət nişanlı, “LEXUS GX460” və “HYUNDAI SANTA FE” markalı avtomobillər də var.

Bundan başqa, “Unikal” saytı işdən çıxarılan Şair Alxasova aid olduğu iddia olunan biznesin siyahısını yayıb:

▪️ Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;

▪️ Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

▪️ 6 nömrəli məktəbin yanında hotel;

▪️ Nəriman Nərimanov parkında restoran;

▪️ Bayraq meydanının yaxınlığında 2 hotel;

▪️ Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Həmçinin yerli mətbuatda yer alan məlumatlara görə, Qusardakı “Təzə Bazar” Ticarət Mərkəzinin və “Yaşıl Park” restoranının da icra başçısına məxsus olduğu iddia olunur.

Şair Alxasova aid olduğu bildirilən mənzillərin siyahısı:

– Bakı, Nizami rayonu, 2-ci Şərq Döngəsi, ev 32 ünvanında bir mənzil

– Bakı, Xətai rayonu, Sarayev küç. ev 13V ünvanında mənzil

– Qusar rayon, Çiləgir kəndində dəbdəbəli malikanə

– Qusar şəhəri, H.Əliyev prospekti, ev 108 ünvanında mənzil

– Qusar şəhəri, Şarvili küç. ev 71 ünvanında mənzil

Ana səhifəSiyasətİşdən çıxarılan icra başçısının sərvəti