İşdən çıxarılan sürücüyə: “Hara və kimə istəyirsən şikayət et, hər şeyi pul həll edir”

Andrii Yalanskyi/shutterstock

“Gardashlar Mebel” fabrikində sürücü işləmiş Ümid Məmmədli hüquqlarının pozulmasından şikayətçidir. 

Meydan TV-yə üz tutan şikayətçi bildirir ki, əmək müqaviləsində gün ərzində 8 iş saatı nəzərdə tutulsa da, bəzən 14–16, hətta 20 saat işləməyə məcbur olub. Artıq əlavə ödəniş və ya istirahət günü tələb etdikdə isə rəhbərlik sərt reaksiya verib və bir müddət sonra onu işdən çıxarıb.

Ümid Məmmədli. Foto: şəxsi arxivindən

“Sürücü kimi Azərbaycanın müxtəlif rayonlarına fabrikin məhsullarını daşımışam və gördüyüm işdə heç bir problem olmayıb. Sürücülərin nəzarətçisi Əsgər Xuduyev isə yer müəyyənləşdirmə sistemi vasitəsilə daim maşınımı izləyir, yorğun olduğum hallarda belə dincəlməyimə icazə vermirdi. Buna etiraz edəndə isə deyirdi ki, rəhbərliyin tapşırığıdır, sən yolda dincələ bilməzsən. Avtomobilin nasazlıqla bağlı xərclərini də bəhanə ilə mənim əməkhaqqımdan tuturdular”.

Vətəndaş bildirir ki, rəhbərliyə etiraz edəndə, onu işdən çıxarmaqla hədələyiblər.

Fabrikin mövqeyi: “İşçi kobud səhvlərə yol verib”

“Gardashlar Mebel” fabrikindən Meydan TV-yə bildirilib ki, Ümid Məmmədlinin müqaviləsinə 2025-ci il oktyabrın 20-də əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, müəssisənin qanuni mənafeyinə xələl gətirdiyi üçün xitam verilib.

“Məhsulların daşınması zamanı idarə etdiyi avtomobillə hərəkət edən zaman müxtəlif ünvanlarda əsassız olaraq dayanmalar edib, sonradan səhəri gün üzrsüz səbəbdən işə gəlməyib, daha sonra isə işə gələrək öz vəzifə öhdəliklərini icra etməyib”, – fabrikin əməkdaşı Meydan TV-yə deyib.

Ümid Məmmədli isə deyir ki, həmin gün Saatlı və Sabirabad rayonlarına məhsulları təhvil verib, şəhərə gecə saatlarında qayıdıb. Növbəti gün işə getməyəcəyi ilə bağlı sürücülərin nəzarətçisi Əsgər Xuduyevə məlumat verib:

“Ona bildirdim ki, çox yorğun olduğum üçün işə gələ bilməyəcəyəm. Növbəti gün fabrikə getdim, Əsgər Xuduyev bildirdi ki, İbrahim Mirzəyev ərizəmi yazıb, işdən çıxmağımı istəyir. Ərizəmi yazmadığım halda, məni maddə ilə işdən çıxarmaqla hədələdilər. Məsələ ilə bağlı şikayət edəcəyimi bildirdim. İbrahim Rzayev isə dedi ki, hara və kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram, hər şeyi pul həll edir”.

“İşçilərin şikayəti adətən kiçik şirkətlərdə araşdırılır”

Əmək hüquqları üzrə ekspert Sara Rəhimova Meydan TV-yə deyir ki, Azərbaycanda əmək hüquqları ona görə pozulur ki, bu sahədə olan müstəqil təşkilatların fəaliyyəti sıxışdırılır, mövcud hüquq pozuntularının həlli müvafiq qurumlar üçün maraqlı deyil, nəticədə də vətəndaşlar işlərini itirmək qorxusu ilə susmaq məcburiyyətində qalırlar. O, əlavə edir ki, işçilərin şikayəti əsasında yoxlamalar adətən, kiçik şirkətlərdə aparılır, oliqarxlara məxsus, arxasında imkanlı şəxslərin durduğu şirkətlərə isə yaxın duran olmur:

Sara Rəhimova – Foto: Şəxsi Facebook səhifəsi

“Azərbaycanda mövcud olan fabriklərin və iri müəssisələrin sahibləri, əsasən, yüksək vəzifəli şəxslər, onların ailə üzvləri və ya yüksək dairələrlə əlaqəli olan oliqarxlardır. Buna görə də həmin müəssisələrdə real yoxlamalar aparılmır, aparılan yoxlamalar isə görüntü naminə, formal xarakter daşıyır. Yoxlama aparmalı olan qurumlar şəffaf fəaliyyət göstərmir, qəbul etdikləri qərarlar çox vaxt yoxlama aparılan müəssisələrin xeyrinə olur. Əlavə olaraq, korrupsiya halları da müşahidə olunur, maddi vəsaitlər hesabına yoxlamalar aparılmış kimi göstərilir və məsələ üzərindən keçilir”.

Əmək Məcəlləsinin 15-ci maddəsinə görə, iş yerlərində əmək qanunvericiliyinə dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir. Həmin məcəllənin 309-cu maddəsinə əsasən isə bu nəzarətin ictimai tərəfini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təmin etməlidir.

“Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqları – ölü təşkilatlardır”

Neftçilərin Hüquqlarını müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyir ki, reallıqda istər Dövlət Əmək Müfəttişliyi, istərsə də  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “ölü” təşkilatdır:

Foto: Mirvari Qəhrəmanlının şəxsi profilindəndir

“Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Sosial Müdafiə Nazirliyinin təsirindədir və müstəqil fəaliyyət göstərmir, buna görə işçilərin hüquqlarını qorumaqda səmərəsizdir. Yayda isti, qışda da soyuqdan çölə çıxmırlar, işləri kağız üzərindədir, praktik yoxlamalar olmur. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Sosial Müdafiə Nazirliyindən alınmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, Əmək Nazirliyi yaradılmalıdır və ora peşəkar, ixtisaslı mütəxəssislər cəlb olunmalıdır”.

Hüquq müdafiəçisi bildirir ki, Azərbaycanda bir  çox idarə və nazirliklərin rəhbərləri çalışdıqları sahə üzrə mütəxəssis deyillər. 

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti isə formal xarakter daşıyır və əsas məqsədi maaş almaqdan ibarətdir, başqa iş görmürlər”.

Mirvari Qəhrəmanlı idarə və müəssisələrdəki həmkarlar təşkilatlarının işlərindən də narazıdır. O, deyir ki, təşkilatlar işçilərin hüquqlarını müdafiə etmək əvəzinə, işəgötürənlərin maraqlarına xidmət edir:

“Özəl sektorda ümumiyyətlə, həmkarlar təşkilatı yoxdur. Dövlət strukturlarında isə bu təşkilatlar formal şəkildə, işəgötürənlərin tabeliyində olan, asılı qurumlar kimi fəaliyyət göstərir. Bu təşkilatlarda “seçkilər” formal keçirilir -alternativsiz, əvvəlcədən müəyyən olunmuş şəxslər seçilir. Belə vəziyyətdə həmkarlar təşkilatı işçilərin müdafiəçisi yox, əksinə, işəgötürənin istəyi ilə işçinin işdən çıxarılmasına belə razılıq verir. Həmkarlar təşkilatı işəgötürənin əlindən alınmalıdır. Həmkarlar təşkilatının yeganə məqsədi işçilərin hüquqlarını qorumaq olmalıdır”.

Rəsmi rəqəmlər də hüquq pozuntularını təsdiqləyir

Hökumət Azərbaycanda əmək hüquqlarının pozulmasını inkar etmir və bildirir ki, ölkədə bu sahədəki problemləri həll etmək üçün 2016-cı ildə Əmək Məcəlləsinə 200-dən çox dəyişiklik edilib. Həmçinin ASAN xidmətinin tərkibində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb.

2017-ci idə isə Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş nazirin müavini Əli Əhmədov bu komissiyanın sədri seçilib.

Amma bütün bu görülən işlərə rəğmən ölkədə əmək hüquqlarının pozulması halları hələ də qalır. Özü də bunu rəsmi rəqəmlər göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti oktyabrın 7-də məlumat yayaraq bildirib ki, 2025-ci ilin ilk 9 ayı ərzində əmək hüquqlarının pozulması ilə bağlı 20032 məktub alıb. Ərizələrin 5363-ü qadınlara, 14669-u isə kişilərə aiddir. Açıqlamada məktubların aidiyyatı üzrə araşdırılması, həmçinin hansısa tədbirlərin görülməsi barədə məlumat verilməyib.

Ana səhifəSosialİşdən çıxarılan sürücüyə: “Hara və kimə istəyirsən şikayət et, hər şeyi pul həll edir”