Onun 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Əliyev və iki nəfər əməliyyatçı tərəfindən döyüldüyü deyilir
Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində karserdə (cərimə otağı) saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin müəssisə rəhbərliyi tərəfindən işgəncəyə məruz qaldığı bildirilir.
Bu barədə məlumatı “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası yayıb.
Konfederasiyanın məlumatına görə, Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbi ilə aclıq aksiyasına başladıqdan sonra saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və orada karserə salınıb.
Karserə salınmazdan öncə isə müəssisə rəisi Fariz Əliyev və iki nəfər əməliyyatçı tərəfindən döyülüb:
“Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura, gəldiyin zonalar kimi deyil, burada ağıllı ol”, deyərək onun üzünə şillə vurub. Elvin Mustafayev belə davranışa etiraz edərək bunun qanunsuz və alçaldıcı olduğunu bildirib”.
Konfederasiya yaydığı məlumatda bildirir ki, bundan sonra müəssisənin rejim əməliyyatçıları Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər:
“Elvinin sözlərinə görə, rəis Fariz Əliyev və rejim əməliyyatçıları Samir və Əli ona xüsusi amansızlıqla fiziki zorakılıq göstəriblər. Onun baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib. Nəticədə Elvinin qulağı partlayıb və o, huşunu itirib. İşgəncədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Elvinin hələ də qulağında iltihab və bədənində kəskin ağrılar olduğu məlumdur”.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası məsələ ilə əlaqədar Ombudsman və Ədliyyə Nazirliyi Penitensiar xidmətinə müraciət edərək, adları çəkilən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Ədliyyə Nazirliyi, Penitensiar xidmət yazılanlara hələlik münasibət bildirməyiblər.
Elvin Mustafayevin vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, 6 saylı cəzaçəkmə müəssisəsi Nizami Rayon Məhkəməsinə Elvin Mustafayevin cəzasının ciddi rejimli Qobustan həbsxanasında çəkməsinə dair təqdimat verib.
Məhkəmənin iyunun 19-na planlaşdırılsa da, sonradan vaxtı dəyişdirilib və hazırda dəqiq tarix məlum deyil.
Vəkili Zibeydə Sadıqova iyunun 18-də Meydan TV-yə bildirib ki, Elvin Mustafayevlə görüşüb və onun səhhətində ciddi problemlərin yarandığını öyrənib.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.