İSAXANNAMƏ

“Prosesi biz udduq, amma, hakim qələbəni qarşı tərəfə verdi”. İsaxan Aşurov bu ifadəni bəzi məhkəmə proseslərinin nəticəsini soruşanda deyirdi. İsaxan Aşurov yaddaşlarda güclü vəkil, yaxşı insan, möhtəşəm səs tonu ilə qalıb.

İsaxan Aşurov 1955-ci il avqustun bu günü Gürcüstanın Bolinisi rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1989-cu ildən Azərbaycanın Milli-Azadlıq Hərəkatına qoşulub. 1993-cü ildə Surət Hüseynovun qiyamçıları onu qiyama müqavimət göstərdiyi üçün həbs edib, bir il sonra azad edilib. İsaxan Aşurov Azərbaycanın məhkəmə tarixində iz qoyan bir sıra proseslərdə vəkil olub. Bunların arasında hüquq müdafiəçisi Leyla Yunusun, Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, keçmiş səhiyyə naziri Əli İnsanovun, jurnalist Eynulla Fətullayevin, yazıçı və publisist Rafiq Tağının, bloqqerlər Adnan Hacızadə və Emin Millinin prosesləri də bu səpkidəndir.

İsaxan Aşurov 2012-ci il iyunun 22-də, 57 yaşında ABŞ klinikalarından birində onkoloji xəstəlikdən vəfat edib. Öz vəsiyyəti ilə doğma kəndi Faxralıda dəfn olunub.

Ölümündən sonra Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən İsaxan Aşurov adına mükafat təsis edilib. İlk mükafata “Tolışi Sədo” qəzetinin həbs edilmiş redaktoru və hüquq müdafiəçisi Hilal Məmmədov layiq görülüb. Növbəti mükafat 2014-cü ildə Müsavat Partiyası rəhbərinin həbsdə olan müşaviri Yadigar Sadıqova verilib.

“İsaxan Aşurov azad insan idi. Azad insanın səsi isə sözlərə tamamilə fərqli bir məna donu biçə bilir”. Bu sözləri Qulu Məhərrəmli İsaxan Aşurov barədə xatirələrində deyir. Əlavə edir ki, İsaxan bəyin Azərbaycan dilinə çox böyük həssazlığı var idi. O düşünürdü ki, bir millətin dilinə hücum etmək onun ürəyinə hücum etmək deməkdir.

Sujetin adı təsədüfən İSAXANNAMƏ adlanmayıb. Bu ad, İsaxan Aşurov haqqında hazırlanan kitabla uyğunlaşdırılıb. Hazırda Nəriman Əbdülrəhmanlı və Aygün Muradxanlının ərsəyə gətirdiyi kitab bir növ İsaxannamədir, orda İsaxan Aşurovun həyat fəaliyyəti, onun dostlarının həmkarlarının xatirələri yer alıb.

İsaxan Aşurov cəmiyyəti, insanları azad görmək istəyirdi. Onun vəkillik etdiyi porseslərin çoxu həbs edilmiş hüquq müdafiəçilərinin, jurnalistlərin məhkəmə prosesi idi. Ölümündən illər keçməsinə baxmayaraq hələ hüquq müdafiəçiləri, jurnalistlər peşə fəaliyyətinə, yazılarına görə təqib edilir və həbs olunur. Görmək istədiyin cəmiyyətdə yaşamaq arzusu ilə səni anırıq, Azad İnsan!


(Sujetdə obyektiv tv, Azadlıq Radiosu, AN tv, ANS və youtube kanalındakı videolardan istifadə edilib. Sonda ifa edilən mahnı İsaxan Aşurovun sevdiyi “Yemen Türküsü”dür

)

Ana səhifəVideoİSAXANNAMƏ