“Əgər hakimiyyət bundan sonra da öz korrupsiya əməllərinə son qoymayacaqsa, o zaman xalq bunun qiymətini verməlidir”
Bu barədə Meydan TV-yə Milli Strateji Mərkəzin rəhbəri İsa Qəmbər bildirib.
İsa Qəmbər deyib ki, mütləq matəm elan olunmalıdır, çünki böyük faciə baş verib. Onlarla insan həlak olub, xəsarət alıb, onlarla ailə faciə yaşayır və bütün xalq bu itkinin təsiri altındadır: “Ona görə bu hadisəylə bağlı matəm elan olunmalıdır”.
Mərkəz rəhbəri bildirib ki, daha ciddi addımlara ehtiyac var: “Hakimiyyət indiyə qədər korrupsiya maraqlarına görə göz yumduğu bu məsələni aşkara çıxarmalı və binaların bu cür yanğına davamsız üzlüklərlə örtürülməsi ilə bağlı işlər araşdırılmalıdır. Buna icazə verənlər və həyata keçirənlər qanun qarşısında cavab verməlidirlər. Bu faciə hakimiyyətin korrupsiya fəaliyyətinin bilavasitə nəticəsidir. Əgər hakimiyyət bundan sonra da öz korrupsiya əməllərinə son qoymayacaqsa, o zaman xalq bunun qiymətini verməlidir”.
Sabiq Müsavat başqan onu da əlavə edib ki, zərərçəkənlərə ciddi kompensasiya verilməsilə yanaşı, bundan sonrakı yanğınların qarşısını almaq üçün tədbirlər görülməlidir. Bakıda, Sumqayıtda və bir çox şəhərdə binalara bu cür üzlüklər vurulub. Yeri gəlmişkən, mənim yaşadığım binaya da həmin üzlükdən vurulub. Zahirən çox gözəl görünür, amma istənilən gün hadisə baş verərsə, insanların narahat olması təbii hesab olunmalıdır”.
Mayın 19-da, saat 11 radələrində Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 15-dən çox insan ölüb, onlarla insan yaralanıb.