İş adamı 1 il 3 ay müddətinə həbs edilib

Vəkil: “Kredit götürüb qaytarmama ilə bağlı irəli sürülən ittiham təsdiqini tapmayıb”

Source:

Səməd Sadıqov
Səməd Sadıqov


Vəkil: “Kredit götürüb qaytarmama ilə bağlı irəli sürülən ittiham təsdiqini tapmayıb”

İş adamı Səməd Sadıqov 1 il 3 ay müddətinə həbs edilib. Bu barədə məlumatı vəkil Elçin Sadıqov verib.

“Report” yazır ki, yanvarın 5-də Balakən rayon Məhkəməsində Azərbaycandan çıxmaq istəyərkən saxlanılan iş adamı Səməd Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi bitib. Məhkəmənin hökmünə əsasən, S.Sadıqov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata görə, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

“Bermud City” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri, “CityTV” televiziyasının təsisçisi və direktoru olan iş adamı S.Sadıqovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilib.

S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Elçin Sadıqov deyir ki, istintaq zamanı S.Sadıqov barəsində irəli sürülmüş “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmama ilə bağlı ittiham təsdiqini tapmayıb.

Sərhədi qanunsuz keçməkdə təqsirli bilindiyi üçün onun cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb.

Ana səhifəXəbərlərİş adamı 1 il 3 ay müddətinə həbs edilib