“Fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə tirajlamayın”
İREX Azərbaycan Nümayəndəliyi bank hesablarına həbs qoyulması haqqında yayılan məlumatlarla bağlı bəyanat yayıb.
Bəyanatda təəssüflə bildirilir ki, son zamanlar bəzi üzdəniraq “veb resursları” ölkənin ciddi gündəmini bir tərəfə qoyaraq, durmadan yalan və böhtan dolu yazılarla son 17 ildə Azərbaycanda təhsilin və jurnalistikanın inkişafına ciddi dəstək verən, internet infrastrukturunun genişləməsinə, regionlarda əhalinin internetə çıxışına əvəzsiz yardımları olan İREX təşkilatına qara yaxmağı özlərinə peşə seçiblər.
İREX Azərbaycan Nümayəndəliyi bəyan edir ki, Azərbaycandakı bütün fəaliyyətləri Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib və yenə də davam edir. Ölkədəki bütün fəaliyyət Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə sıx koordinasiya edilib, bütün fəaliyyətlər qarşılıqlı əlaqələndirmə ilə və onlara məlumat verilərək davam etdirilib.
İREX-in əsas fəaliyyəti Azərbaycanın istedadlı gənc insanlarının müxtəlif xarici universitetlərdə pulsuz təhsil almasına yardım etmə olmuş, bu günə qədər yüzlərlə insan bu imkandan istifadə edərək Azərbaycana qayıdıb, müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Bunlar eyni zamanda idarəetmədən istehsalatadək hər yerdə var.
Bəyanatda bildirilir ki, İREX Azərbaycandakı fəaliyyəti dövrü ərzində dövlət və hökumət qurumları ilə əməkdaşlığını sadəcə bilgiləndirmə və koordinasiya çərçivəsində deyil, icra səviyyəsində də qurub.
“Müxtəlif dövrlərdə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərpoçt MMC, Dövlət -Universitetləri, İctimai Televiziya, Regional Televiziyalar ən sıx əməkdaşlıq etdiyimiz qurumlar olub. İREX Azərbaycanı bir bütün görür və hər hansı ayrıseçkilik olmadan istər dövlət, istər QHT, istər Kommersiya qurumları və vətəndaşlarla əməkdaşlıq edir. Ayrıca, İREX-Azərbaycan Nümayəndəliyi Azərbaycan Qanunlarının tələblərinə hər zaman hörmətlə yanaşır, öz işini bütün qanunvericiliyin o cümlədən 18 İyul 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanununun tələblərinə uyğun qurub” – deyə nümayəndəlik bildirir.
Yayılan məlumatları böhtan, yalan və uydurma hesab edən nümayəndəlik xahiş edir ki, fakta söykənməyən, jurnalist etikasına əməl etmədən qərəzli və tərəfli hazırlanan yazıları dəqiqləşdirmədən öz səhifələrinizdə, ekranlarınızda, qəzetlərinizdə tirajlamayın: “Azərbaycan qanunvericiliyinə görə qurumun nüfuzuna zərər vurmaq hüquqi məsuliyyət yaradır. Sizi hüquqa hörmət etməyə, başqalarına zərər vurmamağa, obyektiv və peşəkar olmağa və qalmağa çağırırıq.