İraq krallığı

1930-cu il müqaviləsi ingilislərə müharibə şəraitində İraq ərazisindən öz qoşunlarının hərəkəti üçün istifadə etmək hüququ verirdi.

Foto: Meydan Tv


“Qızıl kvadrat” üzvlərinin 1941-ci il aprelin 1-də həyata keçirdikləri çevriliş bu sırada ən önəmlisi idi

Birinci dünya müharibəsindəki məğlubiyyət Osmanlı imperiyasının ərəb vilayətlərinin itirilməsinə gətirib çıxardı. İndiki İraq ərazisi bir müddət işğal hüququ əsasında, 1920-ci ildən isə San-Remo konfransının qərarına əsasən mandat hüququ ilə Böyük Britaniya tərəfindən idarə edildi.

Bəzi iraqlılar ölkələrinin Böyük Britaniya imperiyasına qatılacağından ehtiyat edirdilər. Buna görə də ingilis idarəçiliyinə qarşı 1920-ci ilin mayında dinc etirazlar, iyunda isə böyük ayətullah Məhəmməd Tağı Şirazinin “müsəlmanların özlərinə qeyri-müsəlmanı rəhbər seçməsi və ona tabe olmaları haramdır” fitvasından sonra silahlı üsyan baş verdi. Şiə və sünni əhalinin az-az rastlanan əməkdaşlığına baxmayaraq, oktybarda üsyanı yatırıldı. Şirazi isə müəmmalı şəkildə vəfat etdi.

Növbəti ildə İraq krallığı yaradıldı. Birinci dünya müharibəsi zamanı osmanlılara qarşı üsyan etməklə ingilsilərə ciddi kömək edən Məkkə şərifi Hüseyn bin Əlinin oğlu Feysəl İraq kralı oldu. Əslində Hüseyn etdiklərinin müqabilində bütün ərəb ərazilərinin kralı olmağı umurdu, amma səudlara məğlub oldu. Onun könlünü almaq istəyən ingilislər bir oğlunu İraq kralı, digəri oğlu Abdullanı isə Transiordaniya əmiri təyin etdilər (1946-cı ildən İordaniya kralı oldu).

1922-ci ildə imzalanan İngiltərə-İraq müqaviləsi ikincini birincidən mandat asılılığını rəsmiləşdirdi. Sənədə əsasən İraq müstəqil xarici siyasət apara bilməzdi, bu sahədə, eləcə də maliyyə işlərində ingilislərlə məsləhətləşməli idi. Hərbi qüvvələr üzərində nəzarət də Britaniya ali komissarına məxsus idi.

Müqavilə 40 illiyə imzalanmışdı. Amma iraqlılar tərəfindən ciddi narazılıqla qarşılandığından müddəti 4 ilə endirildi və yalnız 1924-cü ildə İraq tərəfindən ratifikasiya olundu. Hərçənd, 1926-cı ildə, ölkədə gərginliyin azalmasından sonra müqavilənin müddəti 1950-ci ilə kimi uzadıldı. Bu zaman qeyd olunurdu ki, əgər İraq müstəqil dövlət kimi Millətlər Cəmiyyətinə qəbul edilərsə, müqavilə qüvvədən düşür.

Bir il sonra İraqın tarixində mühüm hadisə baş verdi. Baba Gurgur adlanan yerdə nəhəng neft yatağı aşkar edildi. Bu hadisə Böyük Britaniyanın İraq siyasətinə də təsir etdi. İngilislər ölkə üzərindəki nəzarətlərini daha nəzərəçaprmaz, eyni zamanda daha qalıcı etməyə üstünlük verdilər.

1930-cu ildə imzalanan müqavilə ilə London İraqı müstəqil dövlət kimi tanıdı və əvvəlki iki müqavilənin qüvvədən saldı. Bununla belə, müqavilə Britaniyanın İraqa təsir imkanlarını saxlayırdı. İngilislər ölkədə iki yerdə – Həbbaniyyədə və Şaubada hərbi bazalar saxlamaq hüququ qazandılar.

Nəhayət, 1932-ci ildə İraq müstəqil dövlət kimi Millətlər Cəmiyyətinə qəbul edildi. Növbəti ildə Feysəl vəfat etdi, yerinə oğlu Qazi keçdi. 1934-cü ildə 22 yaşlı Qazi öz əmisi qızı, Hüseyn bin Əlinin digər oğlunun qızı Aliyə ilə evlənir və bir il sonra anadan olan oğluna atası Feysəlin adını qoyur.

Gənc olmasına baxmayaraq, Qazinin hakimiyyəti cəmi 6 il çəkdi. 1939-cu ildə müəmmali şəkildə həlak oldu. Onun idarə etdiyi idman avtomobili işıq dirəyinə çırpıldı. Hadisədən az öncə Qazi Küvetin İraqa birləşdirmək niyyətində olduğunu bildirdiyindən, bir çoxları bu hadisədə ingilislərin, digərləri Baş nazir Nuri əl-Səidin, başqaları da hər ikisini əli olduğuna əmin idilər.

Qazidən sonra İraq kralı II Feysəl oldu, amma onun cəmi 4 yaşı vardı. Buna görə də dayısı Əbd əl-İlah qəyyum oldu. Nuri əl-Səid isə 1940-ci ilin martın sonuna kimi Baş nazir vəzifəsində qaldı.

***

1930-cu illərdə nasist Almaniyasının Bağdaddakı səfiri Frits Qrobba coşğun fəaliyyətə başlayır. O, İraqın millətçi zabitləri arasında Birtaniya əleyhinə əhvalı qızışdırır və Almaniyaya rəğbəti artırırdı. Bu məqsədlə hətta “əl-Aləm əl Arabi” (Ərəb dünyası) qəzetini satın almışdı. “Berlin radiosu” da ərəbcə verilişlərə başladı.

İraqın panərəb meylli və nasist Almaniyasına rəğbətlə yanaşan zabitlərindən ibarət “Yeddilər çevrəsi” adlı təşkilat yaranır. Onun daha nüfuzlu dörd üzvünə isə “Qızıl kvadrat” adı verilmişdi. Kvadratın üzvləri polkovniklər Kamil Şabib, Səlahəddin əl-Sabbah, Fəhmi Səid və Mahmud Salman idilər.

Qeyd etmək lazımdır ki, İraq ərəb dünyasında hərbi çevriliş nümunəsini ortaya qoyan ilk dövlət idi. İlk belə hadisə hələ 1936-cı ildə yaşandı. Baş qərargah rəisi Bəkr Sidqinin həyata keçirdiyi çevrilişdən sonra Hikmət Süleyman Baş nazir oldu. Sonrakı beş il ərzində daha altı dəfə həyata keçirilən hərbi çevrilişlər İraqda adi hala çevrildi.

“Qızıl kvadrat” üzvlərinin 1941-ci il aprelin 1-də həyata keçirdikləri çevriliş bu sırada ən önəmlisi idi. Bu hadisədən sonra Taha əl-Haşimi hökuməti devrildi, nasist Almaniyasını İraqın Britaniya əleyhinə müttəfiqi kimi görən, əvvəllər də iki dəfə hökumətə başçılıq etmiş Rəşid Əli əl-Geylani Baş nazir oldu. Qəyyum Əbd əl-İllah isə çevriliş olacağından hələ bir gün əvvəl xəbər tutaraq İordaniyaya qaçdı.

Çevrilişi həyata keçirən hərbçilər ümid edirdilər ki, Şimali Afrikada alman və italyanlara, Uzaq Şərqdə isə yaponlara qarşı ağır döyüşlər aparan britaniyalılar İraqdakı proseslərə müdaxilə edə bilməyəcək. Eyni zamanda onlar Almaniyanın da köməyinə ümid edirdilər. Amma elə olmadı.

Almanlar həm Şimali Afrikadakı döyüşlər, həm də SSRİ-yə planlaşdırılan hücum səbəbindən əl-Geylani hökumətinə yardım göstərə bilmədilər. İngilislər isə Hindistandan qoşunlarını İraqa göndərməyə başladılar. 1930-cu il müqaviləsi ingilislərə müharibə şəraitində İraq ərazisindən öz qoşunlarının hərəkəti üçün istifadə etmək hüququ verirdi.

İndi də ingilsilər İraqa çıxardıqları qoşunları guya Fələstinə göndərəcəklərini iddia edirdilər. Amma tezliklə məlum oldu ki, həmin qoşunlar heç yerə getmirlər. Baş nazir Britaniya səfirindən qoşunları Fələstinə göndərməyi və onlar gedənəcən yeni hissələr gətirməməyi tələb edəndə, ingilislər Geylanini legitim iqtidar kimi tanımadıqlarını bildirdilər.

Mayın 1-də 9 minlik İraq hərbi dəstələri tank və artilleriya ilə ingilislərin Həbbaniyədəki Hərbi-hava qüvvələri bazası yaxınlığındakı yüksəkliklərdə mövqe tutdular. Həmin gün Çörçill İraqdakı ingilis qüvvələrinə hərəkət azadlığı verdi: “əgər zərbə endirmək lazımdırsa, möhkəm vurun”.

Mayın 2-də səhər saat 5-də Britaniya təyyarələrinin havaya qalxıb İraq hərbçilərinin mövqelərini bombalamaları ilə müharibə başladı. Qəfil yaxalanan iraqlılar ciddi müqavimət göstərə bilmədilər. Daha üç gün davam edən hava zərbələrindən sonra mayın 6-da ingilislər yerüstü əməliyyata başladılar.

Almaniya və İtaliya İraqa yalnız azsaylı hərbi təyyarələr göndərməklə kömək edə bildilər. Bu da britaniyalılara ciddi müqavimət göstərmək üçün yetərli deyildi. Onu da əlavə edim ki, mayın 12-də SSRİ də əl-Geylani hökumətini tanıdı. Həmin dövrdə Moskva Berlinlə isti münasibətlərini qoruyub saxlamağa çalışırdı, halbuki Hitler artıq SSRİ-yə hücumun vaxtını təyin etmişdi.

Mayın 19-da Fəllucanı ələ keçirən ingilislər səkkiz gün sonra buradan Bağdad üzərinə irəliləməyə başladılar. Mayın 29-da əl-Geylani İrana qaçdı (üç ay sonra İran sovetlər və ingilislər tərəfindən işğal olunanda isə İtaliyaya, oradan da Almaniyaya getdi). İki gün sonra tərəflər arasında atəşkəs imzalandı.

Qızıl kvadratın dörd üzvündən Fəhmi Səid tutularaq edam edildi. Digər üç nəfər isə ölkədən qaça bildilər. Amma bu onları xilas etmədi. Qaçdıqları ölkələr onları İraqa təhvil verdilər. Mahmud Salman 1942-ci ildə, Kamil Şabib 1944-cü ildə, Səlahəddin əs-Sabbah isə 1945-ci ildə edam edildilər.

Müharibənin bitməsindən sonrakı ilk iki gündəki hakimiyyət boşluğu zamanı Bağdadda Farhud – yəhudi talanları baş verdi. İyunun 1-də ingilislər hadisələrə müdaxilə etməyərək İraq polisinin talanları durduracağına ümid etdi. Amma ertəsi gün məlum oldu ki, polis talançılara nəinki mane olmur, hətta kömək edir. Bundan sonra ingilislər komendant saatı tətbiq etdilər və talançılara atəş açmağa başladılar.

Farhud nəticəsində ən azı 180 yəhudinin öldürüldüyü söylənilir. Bəzi mənbələrdə daha böyük rəqəmlərə rast gəlmək mümkündür. Xeyli əmlak qarət edildi. Bu hadisədən sonra İraqdakı yəhudi icmasının Babil əsarəti dövründən davam edən tarixi süqut etməyə başladı. Onlar Fələstinə köçürdülər. 1948-ci ildə İsrail dövlətinin yaranması, eləcə də yəhudi əsilli zəngin iş adamı Şefik Adesin qondarma ittihamlarla Bağdadda edamından sonra proses daha da sürətləndi və sonrakı onilliklərdə fasiləsiz davam etdi. Hal-hazırda İraqda yəhudilərin heç olmadığı və ya bir neçə nəfər olduğu iddia edilir.

***

Müharibədən sonra real hakimiyyət yenidən Əbd əl-İlahın əlinə keçdi. Nuri əl-Səid isə ölkənin ikinci ən mühüm adamına çevrildi. O, oktyabrda üçüncü dəfə Baş nazir təyin olundu və bu vəzifəni 1944-cü ilin iyuluna kimi daşıdı. Həmin ilin noyabrında isə yenidən hökumət başçısı oldu, amma budəfəki iqtidarı yalnız beş ay çəkdi.

İngilislər 1947-ci ilə kimi ölkəni işğal altında saxladılar. Belə status-kvo bitəndən az sonra, 1948-ci il yanvarın 15-də Portsmutda ölkələr arasında yeni müqavilə imzalandı. Sənəd “birgə müdafiə komissiyası”nın yaradılmasını nəzərdə tuturdu ki, burada da rəhbərlik, əlbəttə, ingilis zabitlərində olacaqdı. Amma İraqın ictimai rəyində Böyük Britaniyaya qarşı münasibət o qədər mənfi idi ki, yeni müqavilə xəbəri ölkədə siyasi partlayışa səbəb oldu. 17 yanvar – 2 fevral tarixində baş verən etirazları hətta gülləbaranla da yatırmaq mümkün olmadı. Belə olduqda, hökumət sözügedən müqavilədən imtina etdi.

1950-ci illər bütün ərəb coğrafiyasında olduğu kimi İraqda da ərəb millətçiliyinin gücləndiyi bir dövr idi. 1952-ci ildə Misirdə Camal Əbdül Nasirin başçılıq etdi hərbi çevrilişdən sonra bu meyllər daha da artdı. Üstəlik, ölkədəki iqtisadi vəziyyət, inflyasiya, yoxsulluğun və təbəqələşmənin artması da monarxiya əleyhdarlarının çoxalmasına səbəb oldu.

İraqlıların əhval-ruhiyyəsinə təsir edən daha bir hadisə isə İranda Baş nazir Müsəddiqin həyata keçirdiyi addımlar, İran neftini milliləşdirməsi, Böyük Britaniya ilə diplomatik əlaqələri kəsməsi oldu. 1952-ci ilin payızında İraqı tətillər və etirazlar bürüdü. Amma Əbd əl-İlah güzəştə getmək niyyətində deyildi. O noyabrın 23-də general Nurəddin Mahmudu Baş nazir təyin etdi. Mahmud isə fövqəladə vəziyyət tətbiq edərək “İraq intifadası” adını alan etirazları silah gücünə yatıra bildi.

İraqın xarici siyasətində Qərb meylinin bariz nümunəsi 1955-ci ildə Böyük Britaniya, Türkiyə, İraq, İran və Pakistandan ibarət olan Mərkəz Müqaviləsi Təşkilatının (The Central Treaty Organization – CENTO) yaranması oldu. Təşkilatın məqsədi SSRİ-nin cənub sərhədləri boyu çənbər yaratmaq, kommunizmin cənuba irəliləməsinin qarşısını almaq idi.

1956-cı ildə baş verən Süveyş böhranı zamanı bütün iraqlıların rəğbəti Misir tərəfində olduğu halda ölkə rəhbərliyi İngiltərənin müttəfiqi kimi davrandı. Bu hadisə monarxiyaya (II Feysəl artıq həddi-buluğa çatsa da əsas söz sahibi yenə də Əbd əl-İlah idi), eləcə də həmin dövrdə yeddinci dəfə Baş nazir postunu tutan Nuri əl-Səidə nifrəti daha da artırdı.

1958-ci il fevralın 1-də Qahirədə Misir və Suriyanın Birləşmiş Ərəb Respublikası yaratmaları barədə razılıq imzalandı. Bundan 13 gün sonra isə iki əminəvəsi – İraq kralı II Feysəl və İordaniya kralı Hüseyn ölkələrinin Ərəb Federasiyası yaratmaları barədə müqavilə imzaladılar. Amma ictimai rəy birinci hadisəni ərəb birliyi yolunda ilk addım kimi qiymətləndirdisə, ikincisinə imperializmin növbəti aləti kimi baxdı. Bu dövrdə ərəb birliyinin simvolu Misir prezidenti Nasir idi. Yalnız onunla birləşmək ərəb birliyi sayılırdı.

Ərəb federasiyasının yaranmasından düz 5 ay sonra, iyulun 14-də hərbi çevriliş nəticəsində İraq monarxiyası süqut etdi. Bu artıq növbəti məqaləmizin mövzusu olacaq.

Ana səhifəXəbərlərİraq krallığı