İranlı iş adamı Azərbaycanda aldadıldığını deyir

Cəfər Pourassad. Fotolar: Meydan TV

“Prezident İlham Əliyevə, Naxçıvan rəhbərliyinə səslənirəm: məni eşidin”

İranlı iş adamı Cəfər Pourassad Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahəddin İmanovun onu aldatdığını iddia edir.

O, Meydan TV-yə deyir ki, 2022-ci ildə Təbrizdə Naxçıvan Yaşıllaşdırma Xidmətinin əməkdaşı Natiq Hüseynovla görüşüb.

İş adamı bildirir ki, Natiq Hüseynov ondan ümumi dəyəri 61140 dollarlıq – 103 min 938 manatlıq – müxtəlif növ dekorativ və meyvə ağacları alıb.

Yaşıllıq Xidmətinin əməkdaşı ilkin olaraq Cəfər Pourassada 32 min manat ödəyib:

“Yaşıllıq Xidmətinin direktoru mənə dedi ki, 73 min manatı dövlətdən pul ayrılan kimi ödəyəcəyik. Sən malları İrandan vur, gəlsin. Üzərindən bir ildən çox vaxt keçib, pullarımı onlardan ala bilmirəm”.

Şikayətçi deyir ki, dövlət qurumu olduğu üçün onlara etimad edib, ona görə də aldadılacağı ağlına gəlməyib.

“Mənə dedilər ki, ağaclar Naxçıvanda Zəfər Abidəsi parkının salınması üçün alınır. Parkın açılışından artıq bir ildən çox vaxt keçib, hələ də pulumu vermirlər. Siravi vətəndaşlar olsaydılar, belə böyük məbləğdə malı onlara verməzdim. Üstəlik, Yaşıllaşdırma Xidmətinin direktoru məni əmin etdi ki, pulların hamısı ödəniləcək. Bunlar dövlət idarəsinin adından istifadə etdilər”.

Cəfər Pourassad baş verənləri özünə qarşı iqtisadi terror hesab edir.

O deyir ki, məsələ ilə bağlı müraciət etmədiyi dövlət qurumu, hüquq-mühafizə oraqanı qalmayıb. Bununla belə, şikayətinə baxılmır:

“Mənə qarşı iqtisadi terror et, ya da güllə ilə vur, heç bir fərqi yoxdur. Mən dərdimi kimə deyim? Şikayətimə baxan yoxdur. İrandan Naxçıvana yeddi maşın mal göndərmişəm. Hamısının da sənədləri əlimdədir. Gömrükdən keçmə sənədləri, mallar hansı maşına yüklənib, hamısı ilə əlaqədar əlimdə sübutlar var. Hətta Yaşıllaşdırma Xidmətinin direktorunun səs yazısı da var. Deyir ki, malı göndərin, sizə pul göndərəcəyik. Heç kim bunlarla bacara bilmir. Hara gedirəm, həmin adamın bir zəngi ilə iş dayanır, araşdırılmır. Naxçıvanda hamı bir-birindən qorxur. Mənə deyir ki, get, hara, kimə şikayət edirsən et, qorxmuram. Deyir ki, nə edirsən et, pulunu verməyəcəyəm. Prezident İlham Əliyevə, Naxçıvan rəhbərliyinə səslənirəm, məni eşidin”.

Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahəddin İmanov Meydan TV-yə bildirib ki, iş adamı Cəfər Pourassad ilə aralarında heç bir müqavilə bağlanmayıb:

Biz müqaviləni Naxçıvandan olan Hikmət Əliyevlə bağlamışıq. İranlı mallarını da həmin Hikmət Əliyevə verib. Natiq Hüseynov idarəmizin işçisidir və Hikmət Əliyevlə yaxındır. Hikmət Əliyevlə müqaviləmiz olub. Malları ondan almışıq və hamısının pulunu qəpiyinə qədər ödəmişik. Elektron qaimə verilib, yoxlanıla bilər. Mənim məsələyə heç bir aidiyyətim yoxdur. Hikmət Əliyev iranlıya pulun bir hissəsni verməyib. Bundan xəbərsiz olmuşam. Bilsəm, Hikmət Əliyevə təsir edərdim ki, camaatını pulun versin. Hikmət Əliyev hazırda həbsdədir. İranlıya borclu olduğunu da inkar etmir. Deyir ki, qaytaracağam”.

Ana səhifəBölgəİranlı iş adamı Azərbaycanda aldadıldığını deyir