Əfsanə Bayeqan bu müddətdə internetdən də istifadə edə bilməyəcək
İranlı aktrisa Əfsanə Bayeqanın “Hicab və İffət qanunu”nu pozduğuna görə iki il şərti həbs cəzasına məhkum edildiyi bildirilir.
İran məhkəməsi filmin premyerasına hicabla deyil, şlyapa ilə gələn 61 yaşlı aktrisaya həm də internetdən istifadəni qadağan edib.
Əfsanə Bayeqana həmçinin “Ailə əleyhinə şəxsiyyətin psixi pozğunluğu”nun müalicəsi üçün hər həftə psixoloqa baş çəkmək tapşırılıb.
Əfsanə Bayeqan 1960-1970-ci illərdə İran kinosunun məşhur aktrisalarından olub. O, İslam inqilabından əvvəl “Miss İran 1976” gözəllik müsabiqəsində iştirak edib.
Aktrisa həm də ötən ilin payızında hicabı “düzgün” geyinmədiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazların fəal tərəfdarıdır.
İranda bir müddət öncə aktrisalar Azadə Səmədi və Leyla Belukatanın da hicab qanuna qarşı çıxdıqları üçün cəzalandırıldıqları bildirilir. İctimai yerlərdə şlyapayla görünmək ittihamı ilə mühakimə olunan aktrisaların yaradıcılıq fəaliyyətinə də qadağa qoyulduğu bildirilir. Məhkəmənin aktrisalara oxşar hökm çıxarması cəmiyyətdə narazılıq yaradıb.
İran Kino Aktyorları Assosiasiyasının rəhbəri Pejman Bazği aktrisalara qarşı məhkəmə qərarlarını vətəndaşlıq hüququnun pozulması hesab edib.
İran Prodüserlər Birliyi, İran Kino Rejissorları Assosiasiyasının birgə bəyanatında isə aktrisalara psixoloji mərkəzlərdə dəstək almaq hökmünün qoyulmasını kino adamlarının vicdanının təhqiri kimi dəyərləndirilib.
İranda İslam İnqilabından sonra, 1981-ci ildən başlayaraq doqquz yaşdan yuxarı bütün qadınlara ictimai yerlərdə hicab taxmaq məcburi olub.
İranda 2022-ci il sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Amini adlı qadının həbsdə ölməsindən sonra etirazlar başlayıb.
Qadınların rəhbərlik etdiyi etirazlar ölkənin 31 vilayətində 160 şəhərə yayılıb.
Etiraz hərəkatı ilə həmrəylik ifadə edən və rejimə qarşı açıq-aşkar itaətsizlik aktı olaraq ictimai yerlərdə hicablarını çıxaran iki aktrisa – Henqame Qaziani və Katayun Riahinin də həbs edilib.
İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən qızışdırılan “iğtişaşlar” kimi qələmə verib və təhlükəsizlik qüvvələrinə onlarla “qətiyyətli davranmağı” əmr edib.
Sonralar hakimiyyət hicab qanununun icrası ilə məşğul olan əxlaq polisini ləğv edib.
Yeni qanun layihəsinin daha effektiv olacağını bildiriblər.
2023-cü ilin iyununda “Hicab və İffət” qanunu qəbul edilib.
Yeni qanuna əsasən, məcburi hicaba əməl edilməməsi “çılpaqlıq” sayılır.
Qanunda “qismən çılpaqlığa” görə yeddinci dərəcə, “tam çılpaqlığa” görə isə altıncı dərəcəli maksimum pul cəriməsi və sosial hüquqlardan məhrumetmə cəzası nəzərdə tutulub.
2013-cü ildə təsdiq edilmiş İslam Cəza qanununa əsasən, yeddinci dərəcənin maksimum pul cəriməsi iki milyon tümən, altıncı dərəcənin maksimum pul cəriməsi isə 24 milyon tüməndir.
“İffət və Hicab” qanun layihəsində iki cərimədən sonra sürücü və ya avtomobildə olan sərnişinlər tərəfindən məcburi hicaba yenidən əməl edilmədikdə, üçüncü dəfədən nəqliyyat vasitəsinə həbs qoyulacaq və hər gün üçün bir milyon tümən cərimə yazılacaq.
Məcburi hicab tələbi pozulduqda, mağazalar, restoranlar, kinoteatrlar və idman, əyləncə və incəsənət obyektləri kimi müəssisə və ictimai yerlərin sahibləri və idarəçiləri üçün cərimələrdən əlavə, vergidən azad olunmalar ləğv ediləcək. Həmçinin həmin obyektlər möhürlənməyə və dövlət tariflərindən məhrumiyyətlərə məhkum ediləcəklər.
İctimai-siyasi, mədəni, incəsənət və ya idman şöhrəti və ictimai nüfuzu olan şəxslər hicab qanununa zidd hərəkət etdikdə, pul cəzaları ilə yanaşı, üç aydan bir ilədək kiberməkanda peşəkar fəaliyyətdən məhrum olunacaqlar. Eyni hal təkrarən baş verdikdə isə həmin şəxsləri altı aydan üç ilə qədər həbsi nəzərdə tutan altıncı dərəcəli cəza gözləyir. Həbs, şallaq və 8-18 milyon tümən civarında beşinci dərəcəli pul cəriməsi də bu şəxslərə şamil ediləcək cəzalar arasındadır.
“İRNA”-nın məlumatına görə, “Hicab və İffət” qanunun icraya başlamasından bəri bir ay ərzində 173 nəfərə qarşı məhkəmə işi açılıb.