İranın Azərbaycanla birgə ”yol xəritəsi” mümkündürmü?

Source:

İran prezidenti Həsən Ruhaninin 21 dekabrda Ermənistana birgünlük səfəri Azərbaycanda ciddi tənqid olundu. Rəsmi Bakı İranın daxili işlərinə qarışmasa da, bu səfər siyasi dairələrdə və cəmiyyətdə neqativ qarşılandı. Azərbaycanda hesab edirlər ki, əgər İran Azərbaycanla sıx əməkdaşlığa çalışırsa, Ermənistan siyasətini korrektə etməlidir. İranlı diplomatlar Tehranın məhz Bakı ilə münasibətlərə önəm verdiklərini, İrəvanla əlaqələrin isə qonşuluq prinsipinə uyğun olduğunu bildirirlər. Buna baxmayaraq, bu izah Azərbaycann siyasi dairələrini və cəmiyyətini qane etmir. Çünki Ermənistan hakimiyyəti İranla əməkdaşlıqdan maksimum faydalanmağa çalışır.

Həsən Ruhaninin Ermənistana səfərindən bir həftə sonra İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya gəldi. Mahmud Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir. Ona görə də onun il ərzində Bakıya tez-tez səfər etməsi anlaşılandır. Tehranda onu da anlayırlar ki, Həsən Ruhaninin Ermənistana səfərinin Azərbaycanda doğurduğu mənfi reaksiyanı bir yolla neytrallaşdırmaq lazım idi.

Mahmud Vaezi məhz bu işin öhdəsindən gələ biləcək fiqurdur. Çünki Vaezi Bakıya etdiyi intensiv səfərlər sayəsində Azərbaycan rəsmiləri ilə sıx münasibətlər qurub və görüşlərdə ancaq iki ölkənin əməkdaşlığına xidmət edən layihələrdən danışır. Vaezinin Azərbaycana budəfəki səfəri də xüsusi bir tədbirlə yadda qalacaq: Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd qatarı işə düşür. Bu marşrut il ərzində 12 min insanın daşınmasına imkan verəcək. Yaxın perspektivdə isə Astara-Astara dəmir yolu də işə düşəcək ki, iki qonşu ölkənin tarixində ilk dəfə olaraq nəqliyyat xətləri birləşəcək.

Ümumiyyətlə, Qərb ölkələri İrana qarşı sanksiyaları ləğv etdikdən sonra Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıqda inkişaf sezilir. Misal üçün iki ölkə arasında son 11 ayda ticarət dövriyyəsinin həcmi 60 faiz artıb. Üstəgəl, İran Azərbaycanda bir neçə iri layihə reallaşdırmaq – zavod və fabriklər inşa etmək istəyir. Azərbaycanın Neftçala şəhərində avtomobil zavodunun inşası davam edir, Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminə isə hazırlıq gedir.

2017-c ildə iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlənəcəyi haqqında da rəsmilər optimist fikirlər söyləyirlər. Azərbaycan hökuməti İrandan Azərbaycana turist axınının artacağına da ümidlidir. Əgər bunun üçün keçmiş illərdə viza sadələşdirilməsi tələb olunurdusa, hazırda bu proseduru ASAN-viza xidməti vasitəsilə 3 gün ərzində internet üzərindən həyata keçirmək mümkündür.

Mahmud Vaezi dekabrın 27-də prezident İlham Əliyevlə görüşdə dedi ki, İran prezidenti Azərbaycanla əlaqələrin 2017-ci ildə də inkişafı məqsədi ilə ona yol xəritəsinin hazırlanmasıyla bağlı tapşırıq verib. Görünür, bu “yox xəritəsində” Azərbaycanla əməkdaşlığın konkret istiqamətləri göstəriləcək.

Mahmud Vaezi İlham Əliyevlə görüşdən sonra Bakıda təşkil olunan İran-Azərbaycan biznes forumunda iştirak etdi. Vaezi bu toplantıda belə fikir söylədi ki, İranla Azərbaycan arasındakı münasibətlərdə problemlərin çoxu həll olunub. Vaezi bunun ardınca belə bir cümlə də işlətdi: “Problemlərin cüzi hissəsi qalıb və düşünürəm ki, bu problemlər də tez bir zamanda həll olunacaq”.

Bu cüzi problemlər hansılardır?

Əslində Vaezi çıxışında bu problemlərin varlığına işarə etdi. Məsələn, məlum oldu ki, Tehran bank sektorları arasındakı əlaqələri genişləndirmək istəyir. Görünür, bu əlaqələrin həcmi Tehranı qane etmir. Və ya İran Azərbaycanla torpaqların müştərək şəkildə istifadəsi imkanlarını müzakirə edilməsində maraqlıdır. Bu da çox ciddi təşəbbüsdür ki, rəsmi Bakı buna dərhal müsbət cavab verə bilməz.

Rəsmi Bakı Tehranla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır və mümkündür ki, Mahmud Vaezinin Bakıda söylədiyi “cüzi probemlər” yaxın müddətdə həllini tapsın. Ancaq rəsmi Bakı İranın rəsmi və dini dairələrinin Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Məsələn, Mahmud Vaezinin Bakıda olduğu gün İranın müdafiə naziri Hüseyn Dehqanın müsahibəsi dərc olunub. Həmin müsahibədə İranın müdafiə naziri deyib ki, Tehran “İsrailin Azərbaycandakı iştirakına dözə bilməz” və guya İsrail Azərbaycanla İran arasındakı münasibətləri pozmaq istəyir.

Bu növbəti dəfə İran rəsmisinin Azərbaycanın daxili işlərinə qarışmasıdır. Bu cür açıqlamalar Mahmud Vaezinin fəaliyyətini də çətinləşdirir. Çünki Vaezi bir tərəfdən Azərbaycanla əlaqələrin inkişafına, ortaq layihələrin reallaşmasına çalışarkən, iranlı bir başqa məmur bu əməkdaşlığa kölgə salan açıqlama verir ki, nəticədə rəsmi Bakı qonşu dövlətlə münasibətlərdə ehtiyatlı mövqeyinə qayıdır.

Buna baxmayaraq, İranın müdafiə naziri eyni müsahibədə bu sözləri də deyib: “İsraillə əməkdaşlıq Azərbaycanın qərarıdır və biz buna qarşı çıxa bilmərik”. Yəni İranın müdafiə naziri hər halda onu da anlayır ki, müstəqil Azərbaycanın siyasətinə təzyiq etmək düzgün yol deyil.



“Atlas” Araşdırmalar Mərkəzi

Ana səhifəAnalitikaİranın Azərbaycanla birgə ”yol xəritəsi” mümkündürmü?