“Təqi” ləqəbi vətəndaşın hansı ölkədən ekstradisiya olunduğu açıqlanmayıb
“Təqi” ləqəbi ilə vətəndaşları “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməkdə şübhəli bilinən Taleh Yusifov Azərbaycana ekstradisiya edilib.
1967-ci il təvəllüdlü Taleh Yusifovun İran ərazisində qanunsuz silahlı dəstədə iştirakı iddia olunur.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Bildirilir ki, Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçərək Yunis Rafiq oğlu Səfərov (məhkum edilib), Rövşən Elçin oğlu Əsədov və digərləri ilə birlikdə gizli qanunsuz silahlı birləşmədə olub:
“Onlar müxtəlif silahlarla hərbi təlimlərdə iştirak ediblər. Həmçinin Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçiblər”.
“İbtidai istintaq zamanı Taleh Yusufovun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək Azərbaycan vətəndaşlarını İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edərək üçüncü ölkə ərazisindən təşkilini həyata keçirib. Bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib”, – deyə DTX qeyd edib.
Məlumatda Taleh Yusifov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunduğu vurğulanıb:
“Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib. İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub. O, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib”.
Ancaq DTX-nin məlumatında Taleh Yusifovun hansı ölkədən ekstradisiya olunduğu əksini tapmayıb.
Meydan TV-nin T.Yusifovun yaxınları ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.
Noyabrın 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) İrana casusluq edən şəxslərlə bağlı əməliyyat keçirmişdi.
Əməliyyat nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı Zahir Əsgərovun və daha bir neçə nəfərin həbs olunduğu qeyd olunub.
Bildirilirdi ki, Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.
Məlumatda adı keçən Yunis Səfərov kimdir?
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük həbs cəzası verilib.
Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb.
Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir.
O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb.