İnsan böyrəyinin bazar qiyməti 8 000 – 15 000 $ arasında dəyişir. Doğrusu, Azərbaycan üçün çox yaxşı rəqəmdir. Əhalisinin əksəriyyəti kasıb olan İran üçün isə kifayət qədər ciddi məbləğdir. Böyrəyini sataraq bu məbləğə yaxın pul “qazanmış” birilərinin aqibəti mənə həmişə maraqlı olub.
İstanbulda urologiya təhsilini başa vururdum. Adətimiz üzərinə, yeni çıxan elmi məqalələri oxuyur, bəzən öz aramızda müzakirə edirdik. Biz də müəyyən yazılar yazırdıq. Amma onları dərc etmək həmişə asan olmurdu. Ali səviyyəli A qrupu jurnallarda 2 səhifə məqalə çap etdirmək bir həkim üçün böyük şərəfdir.
Artıq Bakıya qayıtmışdım. Yenə də ildə 250 dollar jurnalları almaq üçün büdcəmdən ayırırdım. Bir gün urologiya aləminin ən hörmətli nəşri olan Journal of Urology-də tam 16 səhifəlik məqalə gördüm. Çox təəcübləndim. Yazı nə qədər vacib və hörmətli olmalı idi ki, bu həcmdə çap etsinlər.
Amma məqalə çox sadə qurulmuşdu. İrandan bir həkim öz böyrəyini satmış insanlardan video-müsahibə çəkərək sadəcə olaraq protokolları yayınlamışdı. Kirman vilayətində xəstəxanalardan birində işləyən Dr. Cavad Zərquşi bu səpkidə bir çox məqalənin müəllifidir.
İranda böyrəyini satmış insanlardan alınan müsahibə.
Haqqında danışdığım uzun məqalə yerinə eyni müəllifin başqa vaxt çap edilmiş və daha qısa yazısından müsahibələrə nəzər yetirək.
Leyla A. M. : Maşın qəzası edən ərim yaranan borcu bağlamaq üçün məni böyrəyimi satmağa məcbur etdi. Elə bildim ərim mənim onun üçün elədiklərimi başa düşər və mənə hörmət qoyar. Amma heyhat, yanılmışam. Əməliyyat tikişlərim hələ sökülməmiş aramızda dava düşdü və ərim mənim belimə vurdu, yaramı da iki dəfə təpiklədi. Böyrəyimi verəndən sonra mənimlə sanki lazımsız və ölmək üzərə olan biri kimi davranır.
Soltan Əli K. : Allah şahiddir, axırıncı dəfə 6 ay əvvəl ət yemişik. O da birinin qurban nəziri idi. Bizim yediyimiz elə yavan çörəkdir. ?.. Yırtıq xəstəliyim var, mənə yaman əziyyət edir, amma onu əməliyyat etdirməyə pulum yoxdur.
Fərhad A. : Həyatımda heç vaxt əliaçıq, mərhəmətli və kiməsə canyandıranlıq görməmişəm. Canyandıranlıq keçmir, ancaq güclü olmaq lazımdır.
Əli Rıza K. G. : Böyrəyimi həyat yoldaşımın müalicə xərcləri üçün satdım. Amma sağalandan sonra məndən boşandı və məni tərk etdi.
Betül A. : Camaat mənə şikəst kimi davranır, elə bil cüzzam xəstəsiyəm. Qonşumla dalaşarkən mənə dedi ki, mənə toxunsan, bilirəm sənə nə edərəm.
İbrahim K. : Böyrəyimi satmağa gedəndə biz, acından ölürdük. ?…böyrəyimi satandan sonra evə elektrik və su xətti çəkdim, bir neçə aylıq yemək-içmək aldım. Böyrəyimi satandan sonra həmişə yaman pis yuxular görürəm. ?…Bizim bütün mal-dövlətimiz heç 100 000 tümən eləmir (125$), mənə böyrək lazım olsa, necə alacam?
Pəri M. : Böyrəyimi satandan sonra altı ay böyrüm ağrıdı. Həkimə getdim, o da mən ultrasəs müayinəsi və laboratoriya sınaqları istədi. Pulum çatmadığı üçün müalicə almadan kor-peşman evə qayıtdım.
Xədicə F. : Böyrəyimi yoldaşımın babasilini əməliyyat etdirmək üçün satdım. Amma onun əməliyyatı heç fayda vermədi.
Əli Əsgər Ş. : Böyrəyimi verdiyim adama həyatda bəla və əziyyət çəkməyi arzulayıram. Məni aldatdı, o qədər söz verdi, amma sözünü heç tutmadı. ….. Əlimdə maya olmadığı üçün başıma bunlar gəldi. Əlində mayası olanlar da bizə hamballıq etmək və böyrəyimizi satmaqdan başqa çarə qoymurlar. Ancaq qarın toxluğuna yaşayırıq. Biz hamımız kapitalizmin qurbanlarıyıq.
Novruz Əli M. : Uzun müddət fəhləlik edəndən sonra arvadım dilənçilik edir, mən də böyrəyimi satdım.
Cəlal Ş. : Böyrəyimi vermək mənim həyatımı məhv etdi. Sələmçidən aldığımız borcun faizləri bir akula kimi pulumuzun hamısını yeyir və deyəsən, ondan heç vaxt qurtula bilməyəcəyik.
Mehdi K. : Hemodializ xəstəsi olsam, özümü güllə ilə vurub öldürəcəm. (Bir böyrəyini artıq verdiyi üçün qalan böyrəyində problem çıxarsa ömürlük hemodializ xəstəsi olmaq riski var: V.İ.)
Bu məqaləni oxuduğum gün beynimi gəmirən suala cavab tapdım: Böyrəyini satan insanlar gedərək daha da miskinləşir, əllərinə keçirtdiyi pulları tezbazar mənasız şeylərə xərcləyir və……yenə pulsuz, amma xəstə qalırlar.
Yaxşı öz qohumuna böyrəyini bağışlamış biri niyə xəstə qalmır və ya miskinləşmir?
Öz qohumuna mərhəmət hissi ilə yaxşılıq etmiş biri elə mərhəmət və əsalət sahibi olduğu, həyatda nəcib hərəkətə qadir olduğu üçün dik qalır.
Nəticə
1. Böyrək satmaq miskinləşdirir.
2. Böyrək satılmasına şərait yaradan cəmiyyət miskin, geri və ədalətsizdir.
Mənbə:
medium