İrana müalicəyə gedən azərbaycanlının həyat hekayəsi

Mənim başıma gələnlər hakimiyyətin vətəndaşına verdiyi qiymətdir.

Source:

Adım Camaldır, Ağdam sakiniyəm, amma məlum səbəblərdən Bakıda yaşayıram. Həyat yoldaşım Ramilə ilə sakit həyatımız var idi. Ölkənin sadə vətəndaşı kimi gecəmi-gündüzümə qatıb işləyirdim, o da uşaqlarımızın tərbiyəsi ilə məşğul olurdu. İllər keçir, həyat öz sakit axarı ilə gedirdi.

Belə günlərin birində Ramilənin səhhətində problemlər yarandı. Mən də tələm-tələsik qohum-əqrabanın məsləhəti ilə onu İranın Ərdəbil şəhərinə apardım. Ərdəbil xəstəxanlarının birində müayinədən keçdi. Həkimin diaqnozu nəticəsində məlum oldu ki, xərçəng xəstəsidir. Etiraf edim ki, onun mənə necə doğma insan olduğunu, tutulduğu xəstəlikdən sonra anladım. Xəbəri alanda çarəsiz halda həkimin gözlərinə baxırdım. Büzüşüb durmuşdum, canımdan olan bir parçanı itirəcəyim qorxusu içimi yeyirdi. Amma özümü ələ aldım, çünki Ramilə məndən cavab gözləyirdi. Ona gülümsəyərək qorxulu bir şey olmadığını dedim.

Qərar verdim ki, təcili Azərbaycana qayıdıb kreditə pul götürüm. Ərdəbildə taksi sürücüsü ilə razılaşıb İran-Azərbaycan sərhədinə doğru yol aldıq. Taksi sürücüsü Mehdi adlı ərdəbilli idi. Mehdinin 40-45 yaşları olardı. Ortaboylu, arıq, qarabəniz, qıvrıq saçlı bu dindar ərdəbillinin iri gözlərində məsumluq vardı. Yolüstü maşından düşüb siqaret yandıranda ona başıma gələn hadisəni danşdım. Mənə toxtaqlıq verib dedi ki, onunla Təbrizə gedib, bir də yoxlanışdan keçək. O, əvvəlcədən Təbrizə qayınanasıgilə getməyi planlaşdırdığı üçün bizdən pul götürməyəcəyini dedi. Mehdi namazını qıldı və biz Təbrizə doğru hərəkət etdik. Mehdi narazılıqla dedi ki, 3 il qabaq Bakıda olub, amma gömrük əməkdaşlarının sərhəddə, yol polisi isə yolda onu saxlayaraq rüşvət istəyib. Ona görə Azərbaycandan incik düşüb. Başımı yelləyərək onun dedikləri ilə razılaşdım, amma Bakıya qonaq çağırmağı da unutmadım. Sözün düzü, fikrim-zikrim Ramilənin yanındaydı, ona görə Mehdiyə dəvətim də quru alındı.

Təbrizdə həyat yoldaşımı Behbud xəstəxanasına apardıq. Yoxlanışdan sonra məlum oldu ki, Ramilədə şiş var, amma bu, xərçəng xəstəliyi deyil. Xəbəri eşidən kimi qışqırıb Mehdini qucaqladım. Artıq Ramilənin həyatına təhlükə yox idi. Elə həmin gün Bakıya qayıtmağı qərarlaşdırdıq. Mehdi buna imkan verməyib, bizi qayınanasıgilə apardı. Gecəni gülərüz, qonaqpərvər təbrizli ailəsində keçirdik. Səhərə yaxın Ramilənin halı birdən pisləşdi. Vaxt itirmədən onu İmam Rza Xəstəxanasına çatdırdıq. Həkimlər huşsuz halda olan yoldaşımı əməliyyat elədilər. Bir neçə gün sonra Ramilənin səhhəti normallaşdı. Artıq həyatına təhlükə yox idi. Onun xəstəxanadan çıxarılması üçün məndən 20 min manat istədilər. Çarəsiz halda bu qədər pulu belə tez bir zamanda tapmayacağımı dedim. Bu dəfə də Mehdi sinəsini qabağa verdi. Təbrizin altını-üstünü gəzib tacirlərdən, din adamlarından, sadə insanlardan 13 min manat topladı. Pulun 7 min manatı çatmadığından Mehdi ilə Azərbaycanın Təbrizdəki Baş konsulluğuna gedib vəziyyəti izah etdik. Bizə pullarının olmadığını dedilər. Başa saldım ki, pul istəmirik, heç olmasa xəstəxanaya müraciət etsinlər, mənim girovluğum müqabilində yoldaşımın xəstəxanadan çıxmağına yardım etsinlər. Bunu eşidər-eşitməz “pulumuz yoxdur”, “bizim başımız qarışıqdır” deyib, bizi ordan qovdular. Mehdi çıxdı, mən qayıtmaq istəyəndə, viza növbəsi gözləyən vətəndaşlar narazılıq edərək dedilər həftələrdi viza ala bilmirik, sən bizə mane olursan. Bu mənzərəni görən konsul əsəbləşərək çıxıb getməyimi istədi. Beləcə suyum süzülə-süzülə geri qayıtdım.

Pulun qalan hissəsini yenə də Mehdi tapdı. O, qohumundan borca pul götürdü və biz Ramiləni xəstəxanadan çıxardıq. Bir gün Təbrizdə gecələdik, səhərisi geri qayıtmaq istəyəndə Mehdi dedi ki, yoldaşın tam düzəlməyib, gəlin mən sizi aparım, amma bunun üçün viza almaq lazımdır. Gəldik Təbrizdəki konsulluğa, viza almaq istəyənlərin sırasını gözləyəndə anladıq ki, bu iş alınası deyil. Konsulluqdan çıxıb maşına oturanda üst-başı kir-pasaq olan qoca kişi bizə yaxınlaşdı. Nimdaş geyimli, baxımsız qocanın dilənçi olduğunu zənn etdik. O, bizdən nəyə ehtiyacımızın olduğunu soruşdu, biz də “heç nə” deyərək maşına əyləşdik. Bu vədə qoca dilləndi ki, viza istəyirsinizsə, mən kömək edə bilərəm. Mehdi ilə gülümsədik, çünki qocanın bu işi görə biləcəyini ağlımızdan keçirmirdik. Qoca vaxt itirmədən dedi ki, pasportu və 50 dollar pulu verin, sabah gəlin vizanı götürün. Onun bu qətiyyəti bizi inandırdı. Bir gün sonra gəlib vizanı götürdük və Bakıya yola çıxdıq. Xoşbəxtlikdən gömrükçülər sərhəddə Mehdini incitmədilər. O da gülümsəyərək dedi ki, gömrüyünüz düzəlib, viza məsələsi də həll olunsaydı, yaxşı olardı. O, bizdə 4 gün qalıb geri qayıtdı. İndi Ramilə sağalıb, Mehdi ilə də zəngləşib hal-əhval tuturuq. Bu sadə ərdəbilli tanımadığı insanın həyatını xilas etdi. Doğma insanların belə, bir-birinə, yad, inamsız olduğu bir vaxtda gecəsini-gündüzünə qatıb, tanımadığı insana 20 min manat pul tapdı. İndi maşınımı, torpağımı satıb həmin pulları ödəyirəm. Onu Məhərrəm ayında Bakıya dəvət elədim, dedi ki, Camal Ağa viza ala bilmirik, əbəs yerə də rüşvət vermək istəmirik. Həmin pulu ehtiyacı olana verərik. Bu sözlərdən sonra çox utandım. Bunu sizə ona görə yazıram ki, dünyada Mehdi kimi insanların olduğunu biləsiniz. Həm də ölkə başçısı görsün ki, vətəndaşa xidmət etməli olan dövlət qurumu, ölüm ayağında olan sakininə necə lazımsız əşya kimi davranır. Mənim başıma gələnlər hakimiyyətin vətəndaşına verdiyi qiymətdir.

Ana səhifəMənim Fikrimcəİrana müalicəyə gedən azərbaycanlının həyat hekayəsi