İran XİN Elmar Vəliyevə qarşı hücumu pisləyib

”Qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq”

Source:
Bəhram Qasimi
Bəhram Qasimi


”Qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq”

“İran İslam Respublikası zorakılığı həmişə pisləyir, biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun səhhəti tezliklə yaxşılaşacaq”.


“APA”

agentliyinin məlumatına əsasən, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında Gəncə icra başçısı Elmar Vəliyevə hücum edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

“Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”, – deyə o vurğulayıb.

Gəncə hadisələrinə növbəti dəfə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da toxunub.

O, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədildiyini bəyan edib.

Türkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışında Ə.Həsənov bəyan edib ki, Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir.

“Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər”.

Tədbirdə çıxış edən, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, 15 iyulu planlayanlar islam dinindən sui-istifadə etdilər.

“Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil”.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə silahlı hücum olub. Hər ikisi yaralanaraq, xəstəxanaya yerləşdiriliblər. Sonradan E.Vəliyev İsrailə aparılıb. Hadisə yerində, Rusiya vətəndaşı Yunis Səfərov saxlanılıb.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər. Güc strukturları bəyan ediblər ki, Y.Səfərov 8 ay İranın Qum şəhərində yaşayıb və oradan Suriyaya gedərək hərbi təlim keçib.

Ana səhifəXəbərlərİran XİN Elmar Vəliyevə qarşı hücumu pisləyib