İran DTX-nın iddialarını rədd edir

“Xidmət Paşinyanın İrana səfərinə əsəbi reaksiya verərək, köhnə siyahını yenidən dərc etməyə başlayıb”

Azərbaycan Prezidenti İlham Əliyev Tehrana səfərə dəvət olunub. Lakin hələlik, rəsmi Bakı dəvətlə bağlı hər hansı cavab verməyib. 

İranın dövlətə məxsus “IRNA” İnformasiya Agentliyi belə yazıb.

Həmin məlumatda bildirilir ki, Azərbaycanın təhlükəsizlik xidməti İranla əlaqələri olan qanunsuz silahlı dəstə üzvlərinin həbsi ilə bağlı qeyri-konstruktiv iddia səsləndirib. 

“Azərbaycanın təhlükəsizlik xidməti Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərini əsəbi reaksiya ilə qarşılayıb. Onlar köhnə siyahını yenidən yayıb, vaxtı bitmiş məsələləri qaldırıblar” – məlumatda qeyd edilir. 

rəsmi Tehrana səfərə dəvət edib. Lakin Bakı hələ də dəvətin qəbulunu yubadır.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2022-ci il noyabrın 1-də İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmənin ifşa olunduğunu bildirib.

Məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli qanunsuz silahlı birləşmə yaradılıb.

Cinayət işində Müsəlman Birliyi Hərəkatının (MHB) üzvlərinin, eləcə də əvvəllər həbs olunmuş şəxslərin adları hallanıb. İranla işbirliyində şübhəli bilinən 19 nəfər istintaqa cəlb olunub.

MHB isə DTX-nin iddialarını təkzib edib.

Daha öncələr də bu birliyin rəhbər şəxsləri Azərbaycan hakimiyyətinə tənqidi mövqeyi ilə seçiliblər. Qətl və daha bir çox ağır cinayətlərdə ittiham olunaraq həbs cəzası çəkiblər. Həbsləri zamanı onlar və vəkilləri barələrində irəli sürülən ittihamları qəbul etməyiblər. 

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana noyabrın 1-də səfər edib. İran Prezidenti İbrahim Rəisi onunla birgə brifinqdə deyib ki, “Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir”. Odur ki, Tehran regiona həssaslıqla yanaşır. 

İbrahim Rəisi bildirib ki, regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir.

Son zamanlar Azərbaycan-İran münasibətlərində gərginlik sezilir. İran rəsmiləri sərhədlərin hər hansı formada dəyişdirilməsinə qarşı çıxdıqlarını və bunun qarşısını almaq gücündə olduqlarını açıqlayıblar. Eyni zamanda, İranın Azərbaycanla sərhəddə təlim keçməsini isə yerli deputatlar pisləyiblər.

Təlimlər getdiyi müddətdə Azərbaycan Prezidenti İlham Əliyev açıqlama verərək “Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, – on milyonlarla qan qardaşlarımızı, – dəstəkləyəcək”, – deyib. Prezident əlavə edib ki, onların təhlükəsizliyi, hüquqları, salamatlığı çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanat İranda kütləvi etirazlar fonunda verilib.

Hazırda isə Azərbaycan cənub bölgəsində təlim keçir. Ancaq Prezident Əliyevin İrana dəvət olunması, bu dəvətə cavab verilməməsi barədə hər hansı rəsmi açıqlama yoxdur. 

Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci il noyabrın 1-də İrana səfər edib.

Ana səhifəXəbərlərİran DTX-nın iddialarını rədd edir