Xədicə İsmayıl: ”Vətənim neft ölkəsinin çöküşü ilə bağlı dərslik materialına çevrilib”
“Burda iqtisadi bohranın yaratdığı həbslərin hesabını aparıram”.
Həbsdə olan jurnalist Xədicə İsmayılova belə deyir.
Yanvarın 14-də vəkil Yalçın İmanov onunla saxlandığı 4 saylı cəza çəkmə müəssisəsində görüşüb.
Jurnalist deyir ki, həbslərin statistikası belədir: “Bahalığa etiraz edənlər 55 nəfər, qiyməti artıran orta sahibkarlar 3 nəfər, iqtisadiyyatı pis günə qoyanlar 0 nəfər”.
Xədicə İsmayılova deyir ki, ölkənin indiki durumu ilə bağlı vaxtı ilə dediyi, yazdığı fikirlərində haqlı olduğuna görə qeyri-məmnunluq hissi keçirir: “Çünki vətənim neft ölkəsinin çöküşü ilə bağlı dərslik materialına çevrilib”.
Jurnalist cəzaçəkmə müəssisəsindəki bir müşahidəsini də vəkillə bölüşüb.
O deyir ki, qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, indi məhkum olunan məhkumlardan soruşduqda ki, nəyə görə qanunu pozub, cinayət edirsiz, ancaq ətrafınızda baş verən qanunsuzluqlara etiraz etmirsiniz?: “Ümumiləşdirilmiş cavab belədir: həmin məhkumlar deyirlər ki, qanunu pozmaqla birincisi pul əldə etmək olur, ikincisi isə əgər “ilişsən” həmin puldan verib canını qurtarmaq olur. Amma etiraz edəndə nə birinci olur, nə də pul verib cəzadan qurtarmaq”.
Jurnalist yüksək əhval-ruhiyyədə olduğunu, dostlara salam söylədiyini də bildirib.