İqtisadçı: Yalnız Azərbaycanda Prezidentin Ehtiyat Fondu var

“Ayrılacaq 480 milyon manat 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin 2 faizinə çatır”.

Source: Foto: sosial şəbəkə


“Büdcədə əsas pay ehtiyat fondlarına çatır”

2020-ci ildə Prezidentin Ehtiyat Fonduna 480 milyon manat vəsait ayrılıb. Bu, son 15 ildə fonda ayrılan ən çox vəsaitdir. İndiyədək fonda ayrılan ən çox vəsait illik 400 milyon manata çatmayıb.

İqtisadçı Qubad İbadoğlu deyir ki, elə 2020-ci il büdcəsinə edilən düzəlişlərdən ən çox pay götürən ehtiyat fondları olub. Bu xərc maddəsi üzrə vəsaitlər 72,5 faiz artırılıb:

"Bu artımdan daha çox pay prezidentə düşüb. Onun ehtiyat fondu 300 milyon manatdan 480 milyon manata qaldırılıb. Yəni 1,6 dəfə artırılıb. Büdcənin ehtiyat fondu isə 100 milyon manatdan 210 milyon manata çatdırılıb. Beləliklə də dövlət büdcəsində əvvəlcə 400 milyon manat təsdiq olunan ehtiyat fondları düzəlişdən sonra 690 milyon manat olub".

İqtisadçı deyir ki, ehtiyat fondlarının xərc istiqamətləri təsnif olunmadığına görə, 690 milyon manatın hara, necə və kim tərəfindən xərclənməsi yalnız Prezidentin sərəncamları və Baş nazirin qərarlarından sonra bilinir:

"Cənub-Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində daxil olan 22 ölkə üzrə aparılmış tədqiqatlar göstərir ki, yalnız Azərbaycanda Prezidentin ehtiyat fondu var. Fonda bu ilə qədər ən çox vəsait 2015-ci ildə 382 milyon manat olub. Son artımdan sonra 2020-ci il üçün prezidentin ehtiyat fondunun vəsaiti onun mövcud olduğu 15 ilin pik göstərici sayılacaq. Ayrılacaq 480 milyon manat 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin 2 faizinə çatır".

Prezidentin Ehtiyat Fondu 2006-cı ildən formalaşdırılır. Büdcə sistemi haqqında qanuna görə, prezidentin ehtiyat fondu ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Yalnız Azərbaycanda Prezidentin Ehtiyat Fondu var