İqtisadçı “tələbələrə güzəşt verin” kampaniyasına başladı

“Baxın, ölkədə mobil operatorlar 3 ayda nə qədər qazanır”

Source: Foto: arxiv


“Hökumət hətta tələbələrin distant yolla təhsillərini davam etdirmələrinə də dəstək olmur”

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 1-ci rübündə informasiya və rabitə müəssisələri 546,6 milyon manatlıq xidmət göstərib.

Yəni COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən karantin tədbirlərindən informasiya və rabitə sektoru qazanclarını 18 faiz artırıb.

2020-ci ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 546,6 milyon manatlıq xidmət göstərib. Yəni bu xidmət 71,7 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 40,8 faizi və ya 223,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Deməli, əhali bu ilin 1-ci rübündə rabitə və informasiya xidmətlərini əldə etmək üçün 392 milyon manat xərcləyib. Onun da 223,2 milyon manatı “Azərcell”ə, “Bakcell”ə və “NarMobil”ə ödənilib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu məbləğ dövlətin COVİD-19 pandemiyasının yayılmasına görə 600 min işsizə ödəyəcəyi 2 aylıq yardım üçün ayrılan vəsaitdə cəmi 4,8 milyon manat azdır:

“Bu, elə böyük rəqəm deyil. Baxın, ölkədə mobil operatorlar 3 ayda nə qədər qazanır. Üstəlik, müştərilərinə pandemiya dövründə heç bir güzəşt vermir”.

İqtisadçı deyir ki, hökumət belə durumda bir xeyli kəsimə dəstək verməlidir. Onlardan biri də tələbələrdir. Qubad İbadoğlu pandemiya dövründə hökumətin tələbələrə güzəştlər tətbiq etməsi üçün kampaniya başladıb. “Tələbələrə güzəşt verin” kampaniyasının müraciətində deyilir ki, bu məsələyə nə qədər çox adam qoşulsa, tələbələrin tədrisi yarımçıq qalmaz.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Hazırda bir sıra tədris müəssisələri pullu təhsil alan tələbələrdən təhsil haqqı tələb edirlər. Tələbələr isə bu vəsaiti ödəyə bilməyəcəklərini deyirlər. Bildirirlər ki, pandemiya dövründə əksər işləyən tələbələr və onların valideynləri işlərini itirdikləri üçün hər hansı bir ödəniş etmək iqtidarında deyillər.

Bir müddət öndə

Meydan TV

-yə müraciət edərək çətin durumda olduqlarını söyləyən, Bakı Asiya Universitetinin tələbələri də onlarda tələb edilən təhsil haqqını ödəyə bilmirdilər.

Qubad İbadoğlu deyir ki, hökumət hətta tələbələrin distant yolla təhsillərini davam etdirmələrinə də dəstək olmur. Əksinə, borc yaranan kimi xidməti dayandırırlar:

“Tələbələrə hər hansı güzəşt edilmir. Prosesdən mobil operatorlar qazanır. Üstəlik, o mobil operatorlar müştərilərinə ən xırda güzəşt etmir. Ancaq pandemiya dövründə başqa ölkələrdəki (Türkiyə, Macarıstan, Özbəkistan) mobil operator şirkətləri müştərilərinə analoji güzəştləri bir aydan çoxdur ki, təqdim edib”.

İqtisadçı hesab edir ki, heç olmazsa, Təhsil Nazirliyi tələbələrə mobil internet güzəştinin verilməsi istiqamətində təşəbbüs göstərməli və Nazirlər Kabineti də mobil operatorlara sosial məsuliyyət proqramları çərçivəsində öhdəliklərini xatırladan tövsiyəsini verməlidir:

“Bütün bunları nəzərə alıb, tələbələrə güzəşt kampaniyasına start verirəm. Siz də qoşulun ki, onların tədrisi yarımçıq qalmasın”.

Ana səhifəİqtisadiyyatİqtisadçı “tələbələrə güzəşt verin” kampaniyasına başladı