İqtisadçı: “Rusiya-Ukrayna müharibəsi Türkiyə iqtisadiyyatına da zərbə vuracaq”

Ukrayna. Foto: Reuters

“Hər iki dövlətin iqtisadi durumu Azərbaycan üçün də risklər yaradır”

Türkiyənin illik inflyasiyası fevralda gözlənəndən çox – 54,44 faizə yüksəlib.

Türkiyə Statistika Qurumu “Reuters”in sorğusuna cavab olaraq bildirib ki, bu, illik 53 faiz proqnozu ilə müqayisədə çoxdur.

Paralel olaraq insanların istehlak səbəti aylıq 4,81 faiz artıb.

İstehsalçı qiymətlərinə gəlincə, fevralda aylıq 7,22 faiz artaraq illik 105 faizə çatıb.

Bildirilir ki, burada Rusiya-Ukrayna gərginliyinin də rolu var.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Güclü maliyyə sanksiyaları Rusiya milli valyutası olan rublun dəyər itirməsinə səbəb olub.

Ekspertlər bildirirlər ki, Rusiya dayanmasa, maliyyə sanksiyaları yaxın zamanda ölkənin iqtisadiyyatını çökdürəcək.

Həm Türkiyə, həm də Rusiya Azərbaycanın xarici iqtisadi əlaqələrində ən yüksək payı olan iki ölkədir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, xüsusilə Azərbaycanın idxalının təxminən üçdə biri, qeyri-neft ixracının isə tam yarısı bu 2 ölkənin payına düşür:

“Son günlər Rusiyaya sanksiyaların Azərbayacana mümkün təsirləri barədə xeyli müzakirələr oldu. Bura banklarası hesablaşmalarda, pul köçürmələrində yaranacaq problemlər daxildir. Eyni zamanda, manatın rubl qarşısında kəskin bahalaşmasından, eləcə də daxili tələbin mümkün azalmasından dolayı qeyri-neft ixracatında mümkün itkilər ola bilər. Pul göndərişlərinin azalması və geriyə miqrant axını kimi mümkün risklər gözləniləndir”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı deyir ki, daha bir problem Rusiyanın sanksiya altına düşməsinin nəticələrinin Türkiyəyə vura biləcəyi zərbələrdir:

“Ekspertlərin hesablamalarına görə, Türkiyə bu müharibədən 4 milyard dollardan artıq turzim gəliri itirərək çıxacaq. Böyük həcmdə (2021-də 14,5 mlrd. dollar) cari defisitlə üzləşən Türkiyə indi ikiqat zərbə altındadır: bir tərəfdən energinin qiyməti kəskin yüksəlir, digər tərəfdən turizm gəlirləri azalır”.

Rövşən Ağayevin fikrincə, belə durumda cari hesabın kəsirinin böyüməsi türk lirəsinə təzyiqləri daha da artıracaq.

Onun sözlərinə görə, ehtiyatı tükənən Mərkəzi Bank, xarici valyutada depozitlərə təminatlı məzənnə ilə üzərinə böyük yük götürən Xəzinə sistemi üçün yenidən gərgin dövr başlayıb:

“Rusiya ilə bərabər Türkiyənin də iqtisadi vəziyyətinin ağırlaşması Azərbaycan üçün mümkün riskləri nəzərə alınmalıdır. Xarici ticarət əlaqələrilə yanaşı Türkiyə Rusiyadan sonra Azərbaycana daxil olan və Azərbaycandan çıxan pul baratlarının həcminə görə 2-ci yerdədir”.

Ötən ilin son aylarında Türkiyə milli valyutası-lirə kəskin dəyər itirib.

2021-ci ilin oktyabr-dekabr aylarında təkcə ABŞ dollarına nisbətən 50 faiz civarında ucuzlaşıb.

Ana səhifəDünyaİqtisadçı: “Rusiya-Ukrayna müharibəsi Türkiyə iqtisadiyyatına da zərbə vuracaq”