“Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin”
“14 hektarlıq ərazisi olan “Relax” İstirahət Mərkəzi hər torpaq sotuna görə ayda 10 qəpik vergi ödəyib. Bu, yayılan rəsmi açıqlamadan bəlli olur”.
İqtisadçı Vüqar Bayramov belə deyir.
Lerikdə yerləşən “Relax” İstirahət Mərkəzində bir qrup şəxs arasında qarşıdurma olub. Bu barədə video da yayılıb. Video ““Relax” İstirahət Mərkəzində deputat İqbal Məmmədovun adamları vergi işçilərin döyüblər” başlığı ilə paylaşılıb. Buradan görünür ki, istirahət mərkəzinin əməkdaşları mülki geyimli şəxslərlə mübahisə edirlər və çörəklərinə bais olduqlarını bildirirlər. Söz mübahisəsi ara-sıra davaya keçir və əraziyə çağırılmış polis əməkdaşları baş verənlərə müdaxilə edərək, tərəflər arasında davanın böyüməsinə imkan vermirlər.
“Relax” İstirahət Mərkəzinin direktor müavini Famil Kərimov avqustun 15-dən istirahət mərkəzində Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanıldığını danmayıb. Ancaq videogörüntüdəki davanın turistlər arasında olduğunu söyləyib.
Daha sonra Vergilər, Daxili İşlər nazirlikləri və Baş prokurorluq “Relax” istirahət mərkəzində baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar.
Məlumatda deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfərin həbs edilməsi xəbəri təsdiqlənib.
Hüquq-mühafizə orqanları bildiriblər ki, Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət və turizm mərkəzində cari il avqustun 16-da vergi nəzarəti tədbirinin keçirilməsi planlaşdırılmışdı:
“Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relax” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər”.
Vüqar Bayramov deyir ki, rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu, o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub:
“14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir”.
İqtisadçı bildirir ki, qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlər ilə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandı:
“Aydındır ki, “Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir”.
İqtisadçı əlavə edir ki, birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Onun fikrincə, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq.
Demokratiya və Rİfah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, "Relax" İstirahət Mərkəzinin sahibi hər obyektə görə ayda 6 manat 94 qəpik vergi ödəyib. İqtisadçının fikrincə, hər bir şirkətin nə qədər vergi ödəməsi ilə bağlı məlumatlar ictimai əlçatan olmalıdır:
"Həm də dövlətdə vəzifə tutan şəxlər gəlirlərini və əmlaklarını dərc etməlidirlər. Vergilər Nazirliyinin açıqlamasına görə, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekti olan "Relax" şirkəti 2018-ci ildə cəmi 10 min 726, 2019-cu ilin 7 ayı ərzində isə 972 manat məbləğində vergi ödəyib".
İqtisadçı deyir ki, milyonlarla qazancı olan, 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik, hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də, hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır:
"Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş. Belə olan halda, çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər. Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir".
Qubad İbadoğlu problemin həlli üçün 2 təklif verir. Deyir, əvvəla vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaiyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa, onda bu hallar baş verməz və əhali də bilər ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir:
"Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir".
İqtisadçının qənaətincə, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir:
"Şübhəsiz ki, "Relax" İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır".
Məsələ ilə bağlı yayılan rəsmi açıqlamada bildirilir ki, iş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.