İqtisadi və Sosial İnkişaf Mərkəzi mavi yanacağa tətbiq edilən limitin ləğvi məsələsini araşdırıb
"Vətəndaşlarımızın əksəriyyəti qış mövsümündə fərdi kombi istilik sistemindən istifadə etdiyi üçün əksər hallarda onların aylıq mavi yanacaq ödənişləri limiti keçir. Bu da ailə büdcəsi üçün əlavə xərc deməkdir".
İqtisadçı Vüqar Bayramov belə deyir. Bildirir ki, son günlər ən çox müzakirə olunan məsələlərdən biri də kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət limitlərin ləğvinin mümkünlüyüdür.
V.Bayramovun rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi yanacağa tətbiq edilən limitin ləğvi məsələsini araşdırıb. Deyir, elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil ediblər:
"Taarif Şurasının 28 noyabr 2016-cı il, 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kubmetri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır. 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır".
V.Bayramov deyir, monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi yanacaqla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələri büdcələri üçün əlavə xərc deməkdir:
"Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var. Əvvəlla, Azərbaycanda qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi yanacağın həcmi artıb. Ölkəmizdə 30,490 min kubmetr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur".
İqtisadçı deyir ki, 2017-ci ildə Azərbaycanda 28,597 min kubmetr qaz hasil olunub. 2017-ci ildə 6,089 min kubmetr qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kubmetrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir:
"Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kubmetr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır".
İqtisadçı deyir ki, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu, əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır:
"Eyni zamanda, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır".