Uşaqpulu

Mənbə: Foto: arxiv

Başlıq: Uşaqpulu

İqtisadçı: Növbəti ilin büdcəsində uşaqpulu üçün bir neçə qaynaq var

“Rəhbərlər istəsəydilər, uşaq pullarının ödənilməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərdilər”

Son dövrlər Azərbaycanda uşaqpulunun bərpa edilib- edilməməsi mövzusu çox müzakirə edilir. Bəzi məmurlar, müstəqil ekspertlər tərəfdarı olsalar da, Əmək və əhalinin sosial müdafiəsi naziri bunu etməyə dövlətin vəsaitinin olmadığını söyləyir.

Ən son Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov dedi ki, uşaq pulu ünvanlılıq prinsipinə tam cavab vermir.

“Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır” – deyə, nazir müavini bildirib.

“Uşaqpulu ilə böyüyən adamlarıq”

Deputat Vahid Əhmədov isə uşaqpulunun bərpasının tərəfdarıdır. O, bunun millətin tələbi olduğunu əsas gətirərək, vacib olduğunu söyləyib:

“Biz hamımız sovet vaxtı uşaqpulu ilə böyüyən adamlarıq. Hər ailədə 10-12 uşaq olmuşuq və uşaqpulu ilə dolanmışıq. Biz demirik ki, 18 yaşınadək uşaqlara uşaqpulu vermək lazımdır. Amma ümumi məxrəcə gəlmək mümkündür, çünki cəmiyyətdə də buna tələbat var. Odur ki, buna birdəfəlik “yox” demək düzgün deyil”.

Vahid Əhmədov

Vahid Əhmədov

Mənbə: Foto: Meydan tv

Uşaqpulunu hansı mənbələrdən ödəmək olar?

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə uşaqpulunu ödəməyin mümkün olduğunu söyləyir. Bunun üçün gələn ilin büdcəsindən 2 maliyyə qaynağı olduğunu deyir:

“Əmək və əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin bu məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi. Ancaq mən baxdım və gördüm ki, növbəti ilin büdcəsində uşaqpulu üçün bir neçə qaynaq var. Və həmin qaynaqlar potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır”.

Qubad İbadoğlunun söylədiyi mənbələr:

1) Növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalınması” bölməsi var. Bu bölümün 28,2 faizlik xüsusi çəkisi var və ora 7,6 mlrd. manat məbləğində ayırma nəzərdə tutulub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlakyönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu, o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlakyönümlü xərclər” adı ilə qapalı saxlanılır. Yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib.

2) Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub. Bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1 faiz təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib.

“Odur ki, rəhbərlər istəsəydilər, uşaq pullarının ödənilməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərdilər. Hələ də gec deyil. Bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm” – deyə, Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

“Uşaqpulunun adı bəlli, ünvanı məlumdur”

Nazir müavininin açıqlamasına gəlincə, iqtisadçı əlavə edir ki, sosial yardımda ünvanlılıq prinsipi bu məqsədlə ayrılan vəsaitin əhalinin yalnız ehtiyacı olan təbəqəsinə və ya ehtiyacı olan hər kəsə çatdırılmasıdır:

“Nazir müavinin açıqlamasından 3 nəticə çıxarmaq olar. Ya demək istəyir ki, uşaqpuluna ehtiyac yoxdur. Ya düşünür ki, uşaqpuluna ehtiyac olsa da, onu hər kəsə çatdırmaq mümkün deyil. Ya da, o, sosial yardımda ünvanlılıq prinsipini düzgün anlamır. Hər 3 qənaətdən bir nəticə çıxır ki, nazir müavinin bu açıqlaması gerçəkliyi təhrif edir”.

2006-cı ildən Azərbaycanda uşaqlara aylıq müavinətlərin (uşaq pulu) verilməsi dayandırılıb. 2019-cu ildə isə bu məsələ yenidən gündəmə gəlib. Bəzi ekspert və deputatlar onun bərpasını düzgün sayır. Bununla bağlı müxtəlif təkliflər səsləndirirlər. Azərbaycanın bəzi müxalifət qüvvələri isə bunu hökumətdən tələbləri sırasına daxil edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5tw5gy

Ən çox baxılan