İqtisadçı: Mərkəzi Bank vacib məlumatları hesabatından çıxarır

Samir Əliyev: Adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər

Source:


Samir Əliyev: Adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib. Eyni zamanda, bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.

İqtisadçı Samir Əliyev APA-nın bu məlumatına “Facebook” səhifəsində münasibət bildirib. O, Palatanın belə sərt addımını müsbət qiymətləndiririb.

İqtisadçı hesab edir ki, iqtisadi böhran yaranandan sonra banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr yaradırdı:

“Devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını sübut etdi. Bankların hesabatları ictimaiyyətə açıqlaması əhali üçün maraq kəsb etməsə də, ekspertlər üçün bank sektorunun mənzərəsini müəyyən etməyə imkan verəcək”.

Samir Əliyevin fikrincə, bütün bu müsbət hadisə fonunda bir sıra suallara cavab tapılması vacibdir:

“Şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox, həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır. Vacib məlumatlar hesabatdan çıxarılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur. Hesabatların ilkin analizi maraqlı nüanslar ortaya çıxarıb. Hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər”.

Samir Əliyev deyir ki, bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə “güclü bank” imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər:

“Bu, necə ola bilər? Əgər “AccessBank”, “Yapı Kredi” Bank Azərbaycan, Xalq Bank, “Bank of Baku”, Bank Respublika, “Unibank” zərər etdiyi halda digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə mənfəət qazanan bütün bankları nəzərdə tutumuram. Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Suallar çoxdur?. Bunların cavablarını həmin banklar və Palata verə bilər”.

İqtisadçı düşünür ki, 2 sualın cavabı real vəziyyəti qiymətləndirməyə imkan verər: “Banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər? Problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar? Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olardı”.

Ana səhifəAnalitikaİqtisadçı: Mərkəzi Bank vacib məlumatları hesabatından çıxarır