Dünya İqtisadi Forumu oktyabrın 9-da “Qlobal Rəqabətlilik Hesabatı”nı
açıqlayıb
.
Hesabatda Azərbaycan 62,7 balla 141 ölkə içində 58-ci yeri tutub. Ötən il 140 ölkə içində 69-cu olmuşdu. Bu da 2017-ci illə müqayisədə iki dəfəyə qədər geriləmə demək idi (dəki 35-ci pillən enmişdi).
2019-cu ilin göstəricilərində Rusiya 43, Ermənistan 69, Gürcüstan 74, İran 99-cu yerdədir.
1979-cu ildən bu yana hər il açıqlanan hesabatda biznesin effektliyi və uzunmüddətli iqtisadi artıma təkan verən faktorlar dəyərləndirilir.
2019-cu il dünyanın ən rəqabətli ölkəsi Sinqapur seçilib – 84,8 balla. Amerika Birləşmiş Ştatları ikinci yerdə qərarlaşıb. 3-cü yerdə Honq Konq, 4-cü yerdə Niderland, ondan sonra isə İsveçrə gəlir.
İndeks 103 indikator üzrə dəyərləndirilib. İndikatorlar 12 mövzu üzrə qruplaşdırılıb – institutlar, infrastruktur, İKT-nin qəbulu, makroiqtisadi sabitlik, səhiyyə, bacarıqlar, məhsul bazarı, əmək bazarı, maliyyə sistemi, bazarın ölçüsü, biznes dinamizmi və innovasiya qabiliyyəti.
Böyük 20-lik ölkələrindən ilk onluğa Yaponiya (6), Almaniya (7), Böyük Britaniya (9) da düşüb. Argentina isə iki pillə geriləyərək 83-cü yerdə qərarlaşıb.
Dünyada ən böyük rəqabətin Asiya-Sakit Okean regionunda olduğu, ondan sonra Avropa və Şimali Amerikanın gəldiyi bildirilir.
ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın builki hesabatda 11 pillə irəliləməsi çox gümün yaxın günlərdə hökumət təbliğatının əsas mövzusu olacaq. Deyəcək, yazacaq, tərifləyəcəklər ki, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində irəliləyib:
“Təbliğata start verilmədən mən göstəriciləri tərcümə etmək istəyirəm ki, insanlar televiziyalardan eşidəndə təsəvvürləri olsun. Qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və 141 ölkə nəzərə alınır. Əvvəla, Azərbaycan "əmək bazarı" indeksində 21-ci yerə qalxıb, 2018-ci ildə isə 40-cı yerdə idi, səbəbi – hökumətin rəsmi statistikasıdır, deyirlər, cəmi 5 faiz işsiz var. Forum da inanır, çünki başqa müstəqil mənbələr yoxdur”.
İqtisadçı deyir ki, bunu həmişə təkrar etməyəcək. Çünki bütün indikatorlarda keçərlidir. Belə hesabatlar birmənalı olaraq hökumətin açıqladığı rəqəmlərə əsasən tərtib edilir:
“Bundan əlavə, Azərbaycan “biznesin dinamikliyi" indikatorunda 23 yerdədir. 2018-də isə 31-ci yerdə olub. Səbəbi – vergi və gömrükdə baş verən müəyyən dəyişiklik, qeydiyyatın asanlaşması və s.-dir. Burada müəyyən həqiqət var. "Ərzaq bazarı"nda 23-cü yerdəyik. 2018-də 37-ci yer olmuşuq. Səbəbi aqrar sektorda atılan addımlar, hökumətin təqdim etdiyi rəsmi rəqəmlərdir. "İnfrastruktur"da isə 38-ci yerdəyik. Ötən il 46-cı yer olub. Səbəbi yol, enerji və digər kommunal xidmətdə dövlət investisiyalarıdır. Burada da həqiqət payı var”.
Azərbaycan "Bacarıqlar" bölümündə 48-ci yerdə qərarlaşıb. Ötən il isə 54-cü yerdə olub. İqtisadçı deyir ki, səbəbi sorğularla müəyyən edilir. Azərbaycan xalqı bacarıqlıdı, sistem isə zaydı:
““İctimai institutlar" bölümündə də irəliləyiş var. Bu il 49, ötən il 58-ci yerdə olmuşuq. Səbəbi hökumətin məlumatları, QHT şurası, KİV-ə dəstək şurası və s. qurumların pozitiv təqdimatıdır. Həqiqətdə isə ciddi geriləmə var. "Bazarın miqyası" bölümündə isə 2 pillə geriləmişik. Bu il 67-ci yerdəyik. Ötən il 65 olmuşduq. Bu, 141 ölkənin rəqəmsal göstəriciləri əsasında yaranmış rəqəmdir. Fiziki göstəricilərə görə hesablanır deyə, önəmli deyil. "İnnovativ potensial" bölümündə irəliləyiş var. Bu il 68-ci, ötən il 71-ci olmuşuq. Bunun da səbəbi hökumətin təqdim etdiyi məlumatlardır. Əslində isə ciddi irəliləyiş yoxdur”.
Natiq Cəfərli deyir ki, "İKT potensialı"na görə Azərbaycan ötən il 69-cu, bu il 73-cü yerdə qərarlaşıb. Bunun isə səbəbi digər ölkələrdə geriləmənin olmasıdır:
“"Maliyyə sistemi"ndə ötən il də bu il də 96-cı yerdəyik. Bu, çox vacib indikatordur, dəyişiklik yoxdur və çox geridəyik, çünki maliyyə sistemi kövrəkdir, dayanıqlı deyil, bu göstəricidə qonşulardan çox geriyik. "Səhiyyə" indikatorunda 98-ci yerdəyik. Ötən il 91-ci yerdəydik. Çox bərbad yerdəyik. "Makroiqtisadi sabitlik" indikatorunda isə 103-cü yerdəyik. Ötən il 126-cı yerdə olmuşuq. Hə, gəldik əsas məsələyə, bu göstəricidə Afrika ölkələri ilə bir sıradayıq, çünki bütün sabitlik tək bir faktordan, əlahəzrət neftdən asılıdı. Sabitliyin dəyəri London birjasında müəyyən edilir, ancaq barellə ölçülür”.