İqtisadçı: Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi boşuna maliyyə sərfiyyatıdır

Dəmiryolu

Dəmiryolu

''Özünə hörmət edən turist 2 saatlıq yola 8-9 saat sərf etməz''

Prezident İlham Əliyev Ləkidən Qəbələyə dəmir yolu xətti çəkilməsi üçün sərəncam imzalayıb. Sərəncama əsasən, xəttin çəkilməsinə 30 milyon manat ayrılıb.

Ləkidən Qəbələyə dəmir yolu xəttinin çəkilməsi ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı və respublikada aparılan iqtisadi islahatlarla əsaslandırılır.

Sərəncamda deyilir ki, qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilib. O cümlədən turizm obyektlərinin sayı çoxalıb, xidmət səviyyəsi yüksəlib:

“Yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artıb. Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələyə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43,0 km olan yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə əlyetərliyin təmin edilməsinə öz töhfəsini verəcək”.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu layihə boşuna maliyyə sərfiyyatından başqa bir şey deyil. Bakıdan Qəbələyə avtomobillə 2-2,5 saatlıq yoldur, ancaq qatar Bakıdan Şəkiyə 8-9 saata gedir. İqtisadçı deyir ki, özünə hörmət edən turist 2 saatlıq yola 8-9 saat sərf etməz:

“Odur ki, bu dəmir yolunun tikilməsinin turizmə heç bir aidiyyatı yoxdur. Gəlin, AzTV-dən gözümüzü ayırıb, reallığa baxaq. Müasir turist profilini öyrənmədən hökumət mənasız qərarlar verir. Sonra da görür ki, qərarlar işlək və effektiv deyil. Hansı ərəb 8 saata Qəbələyə gedəcək?! Hansı iranlı qatarda bu qədər vaxt sərf etməyə razı olacaq?!”

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı deyir ki, Azərbaycan kimi ərazisi kiçik ölkələrdə sərnişindaşımada dəmir yolları sərfəli deyil:

“Bizdə sürət qatarları yoxdur, olması iqtisadi cəhətdən rentabelli olmaz, çünki qonşu ölkələrlə inteqrasiya olunmuş sürətli qatarlar şəbəkəsinin yaranması mümkün deyil. Bu, olmadan dəmir yolları turist cəlb edən faktor olmayacaq. Ləkidən Qəbələyə 43 km yol çəkiləcək, 200-250 nəfər sadə vətəndaş ayda 200-300 maaşı olan müvəqqəti işlə təmin olunacaq. 3-4 rəis özünə “Range Rover”, 1 iri məmur isə özünə Kiprdə villa alacaq. Amma bu layihənin Qəbələdə turizmin inkişafına heç bir aidiyyatı olmayacaq”.

Bölgələrə bir tərəfdən dəmir yolu xətləri çəkilir, digər tərəfdən də hava limanları tikilir, yenidən qurulur. Məsələn, ötən il Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra istismara verildi.

Hava limanının yenidən qurulmasına 2007-ci ildə də 10 milyon, 2008-ci ildə 17 milyon 800 min manat vəsait ayrılmışdı.

2007-2013-cü illərdə isə ümumilikdə bölgə hava limanlarının (Zaqatala, Qəbələ, Gəncə və Lənkəran hava limanlarına) yenidən qurulmasına 47 milyon 988 min 400 manat vəsait xərclənib.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın bir başından o biri başına ən uzaq məsafə 500 km-dən çox deyil. Belə kiçik bir ölkənin bölgələrinə həm hava limanları tikmək üçün milyonlar tökmək, həm də dəmiryol xətlərinin tikintisinə milyonlar xərcləmək israfçılıqdır. Həmin bölgələrə avtomobillə getmək daha ucuz və tez başa gəlir. Üstəlik, Qəbələdə işlək olmayan hava limanı da var.

Azalın saytından da görünür ki, bölgə hava limanlarından təkcə Lənkərandan (hər cümə günü) və Gəncədən (həftənin şənbə günləri) Moskvaya uçuş var. Qəbələdən də Moskvaya reys olduğu göstərilir. Ancaq uçuş yoxdur. Bir də Gəncədən həftənin üç günü Bakıya reys var. Qiymət isə 56 manatdır. Nə maddi, nə də vaxt baxımından sərfəlidir. Gəncədən Bakıya təxminən 360 kilometrdir. Bunu avtomobillə 4 saata, təyyarədən 5 qat ucuz qət etmək mümkündür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lqml04

Ən çox baxılan