İqtisadçı: İşsizlərə ayrılan yardımı hesablayanda 190 yox, 175 manat alınır

Rəqəmlərdə yanlışlıq olduğunu bir çox iqtisadçılar vurğulayır.

Source: Specify Source


“Hətta rəsmi statistika bu rəqəmin reallığı əks etdirmədiyini deyir”

“İşsiz kimi qeydiyyatda olanlara yardım məqsədilə dövlət 190 manat ödəyir. Bu tədbirlərə 70 milyon manat ayırıblar. İşsiz kimi qeydiyyatda olan şəxslərin sayı isə 200 mindir. Məntiqlə 70 milyonu 2 aya və 200 minə böləndə 190 manat alınmalıdır. Amma 175 manat alınır”.

İqtisadçı Toğrul Vəliyev belə deyir. Bildirir ki, rəqəmlərdə nəsə problem var:

AZIZ1374.JPG
Toğrul Vəliyev

“Ümumiyyətlə, digər rəqəmlərə də baxsaq görərik ki, Nazirlər Kabinetinin sənədi olmasına baxmayaraq, orada yuvarlaqlaşdırmalar mövcuddur. Belə ki, İqtisadiyyat Nazirliyinin məlumatlarında, mikro və kiçik sahibkarların sayı 292,4 min göstərilmişdi. Amma bu sənəddə 300 mindir. Başqa sözlə, əgər 190 manatı əsas kimi götürsək, ölkə üzrə 200 min işsiz yox, 184,2 min işsiz alınacaq. Yeri gəlmişkən, hətta rəsmi statistika bu rəqəmin reallığı əks etdirmədiyini deyir”.

Rəqəmlərdə yanlışlıq olduğunu bir çox iqtisadçılar vurğulayır. Məsələn, Natiq Cəfərli deyir ki, martın 1-nə olan rəsmi məlumata görə, işsiz kimi qeydiyyatdan keçən 90 min 800 vətəndaş olub. Ancaq Tədbirlər Planında 200 min nəfər işsizin olduğu qeyd edilib. İqtisadçı bildirir ki, burada sual yaranır:

“Bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?! Bundan sonra görəsən real işsizlik rəqəmləri hesablanacaqmı?!”

Natiq Cəfərli
Natiq Cəfərli

Aprelin 4-də Nazirlər Kabineti koronavirus pandemiyası ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

6ee696c0f10a2c42ceaed0d74042e036.jpeg
NK

Sənədlə muzdlu işçilərə, işsiz kimi qeydiyyatda olanlara, eləcə də güzəştli ipoteka kreditləri üçün kompensasiya ödəniləcək. İmkansız ailələrdən olanların təhsil haqqının ödənilməsi də nəzərdə tutulub.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 minə yaxın şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.


Aprelin 2-də

isə ayın 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyəti ilə bağlı növbəti qərar qəbul edilib. Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər. Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.

Ana səhifəİqtisadiyyatİqtisadçı: İşsizlərə ayrılan yardımı hesablayanda 190 yox, 175 manat alınır