İqtisadçı: İnternet qiymətləri “Ağıllı kənd”in “cib”inə uyğun deyil

Onun sözlərinə görə, “Ağıllı kənd” lahiyəsi üçün internet qiymətləri bahadır

Source: Fed.az


İlham Əliyev “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı sərəncam imzaladı

Dünya Bankı Azərbaycan üçün "Ağıllı kənd" ideyasının perspektivlərilə bağlı analiz hazırlayıb.

İqtisadçı Rövşən Ağayev analizdə maraqlı məlumatların yer aldığını söyləyir və hesabatın əsas hissələri barədə məlumat verir.

O deyir ki, həmin hesabatda kəndlər üçün informasiya texnologiyalarının zəif inkişafı əsas problemlərdən biri kimi görünür. Kəndlərdə internetə çıxış şəhərlərlə müqayisədə 20 faiz aşağıdır. Eyni zamanda, daha bir problem kimi mobil rabitənin qiymətinin ucuz olmadığı göstərilir.

Dünya Bankı bunu Dünya Telekommunikasiya İttifaqının reytinqi əsasında analiz edib.

Bildirilir ki, mobil xidmətlər səbətinin aylıq dəyərinə görə (8,8 USD) Azərbaycan 184 ölkə arasında 70-ci yerdədir. İnternetin sürətinə görə isə 175 ölkə arasında 111-cidir (dünya üzrə orta hesabal 23.5 Mbps-dir).

“Ölkədə cəmi 42 faiz mobil telefon istifadəçisi genişzolaqlı mobil internetdən istifadə edir. Mobil internetdən istifadə üçün qiymətlərin əlverişli olması yetərli deyil. Gərək internetdən istifadəyə imkan verən "ağıllı cihazlar" da bütün istifadəçilərdə olsun”, – deyə Dünya Bankı bildirir.

Hesabatda deyilir ki, Azərbaycanda cəmi 20 faiz istifadəçinin yüksək sürətli fiber-optik internet xətlərinə çıxışı var: "Yerdə qalan istifadəçilər internetə köhnə texnologiyaların bazasında çıxır. Bütün mobil telefon istifadəçilərinin 65 faizi yalnız 1, 35 faizi isə 2 və daha çox mobil nömrə abunəçisidir”.

Rövşən Ağayev sözlərinə görə, Dünya Bankı həmçinin Azərbaycanın “ağıllı kənd” ideyasının tətbiqi üçün nə dərəcədə hazır olduğunu qiymətləndirən indeks də hesabayıb: "“Smart village readiness index” adlanan bu hesabatda 150-yə yaxın indikator əsasında qiymətləndirmə aparılıb. Hazırlıq səviyyəsi yerli inkişaf üçün iqtisadi resurslar, infrastruktur və xidmətlər, insan kapitalı, iqtisadi potensial, idarəetmə (sosial kapital, icmaların səfərbərlik səviyyyəsi) istiqamətləri üzrə qiymətləndirilib”.

İqtisadçı deyir ki, hazırlıq səviyyəsinə görə, 1-ci yerdə qərarlaşan kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 75, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 75, insan kapitalının yetərliliyi 86, iqtisadi potensialın yetərliliyi 91 faiz ətrafında qiymətləndirilib.

Dünya Bankının “Smart village readiness” indeksində bildirilir ki, 2-ci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 45, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 62, iqtisadi potensialın yetərliliyi 73, insan kapitalının yetərliliyi 64 faiz ətrafında qiymətləndirilir: “3-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 53, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 42, iqtisadi potensialın yetərliliyi 41, insan kapitalının yetərliliyi 33 faiz ətrafındadır. 4-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 19, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9, iqtisadi potensialın yetərliliyi 2, insan kapitalının yetərliliyi 36 faiz ətrafında, 5-ci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 30, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9, iqtisadi potensialın yetərliliyi 9, insan kapitalının yetərliliyi isə 17 faiz ətrafında qiymətləndirilir”.

Rövşən Ağayev bildirib ki, hökumət kənd inkişafını real qiymətləndirmə üçün yerli səviyyədə tədqiqatlar aparanlara qarşı maksimum məlumat xəsisliyi eləsə də, heç olmazsa beynəlxalq təşkilatlara qarşı səxavətli davranır.

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

Onun sözlərinə görə, "Ağıllı kənd" lahiyəsi üçün internet qiymətləri bahadır: "Belə desək, İnternet qiymətləri "Ağıllı kənd"in "cib"inə uyğun deyil, yəni bahadır".

Aprelin 19-da Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İşçi qrupun rəhbəri təyin edilib.

İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarına səfəri zamanı demişdi ki, Zəngilanın Üçüncü Ağalı kəndində "ağıllı kənd" layihəsi icra ediləcək: “Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfat", alternativ enerji sahələridir”.

Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsindən sonra ağıllı kənd, şəhər məsələləri tez-tez müzakirə edilir. Məsələn, bu yaxınlarda aprelin 13-də Belarus lideri Aleksandr Lukaşenko Azərbaycana səfər etmişdi.

Prezidenti İlham Əliyev onunla görüşdən sonra açıqlamasında bildirmişdi ki, Belarus lideri ilə onun ölkəsindəki aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə ediblər: “Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktik olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik”.

Azərbaycan prezidenti qeyd edib ki, Belarus da Azərbaycan üçün belə ölkədir: “Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.

Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyevin görüşləri zamanı iki ölkə arasında baytarlıq, turizm və energetika sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında başlayan 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Ötən il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ana səhifəSosialİqtisadçı: İnternet qiymətləri “Ağıllı kənd”in “cib”inə uyğun deyil