Taksilərin fəaliyyəti ilə bağlı yeni konsepsiya narazılıq yaradıb
Bakıda taksi fəaliyyəti ilə bağlı vahid çağrı mərkəzi yaradıla bilər. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı bu və başqa bir neçə təklifləri özündə birləşdirən konsepsiya hazırlayıb.
BNA düşünür ki, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar var. Əsasən də qeyri-müəyyən tariflərin olması, taksi sürücülərinin az qazanması ən böyük problemlərdəndir:
"Aşağı gəlirlilik, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması kimi problemlər də var. Bunları aradan qaldırmaq üçün taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması lazımdır. Konsepsiya bu məqsədlə hazırlanıb. Burada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər əksini tapıb".
BNA iddia edir ki, konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda, sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.
İqtisadçı Samir Əliyev deyir ki, hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə, əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu, sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobilər gətizdirdi:
"İndi də müxtəlif tənzimləyici qaydalarla mövqeyini bazarda möhkəmləndirmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq və ancaq dövlət şirkəti, ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətsiz xidmət sonda bahalaşacaq. Xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq".
İqtisadçı deyir ki, BNA bu konsesiyanı irəli sürəndə yəqin ki xarici ölkələrin təcrübəsinə istinad edib. Samir Əliyev bildirir ki, doğrudan da, bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr var. Bu tənzimləmələr əsasən, 3 istiqamətdə olur:
1) Tarifin tənzimlənməsi;
2) Lisenziyaların tənzimlənməsi;
3) Keyfiyyətin tənzimlənməsi.
İqtisadçı bildirir ki, son illər əksər ölkələrdə taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası var. Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır:
"Bu gün dünyada “ride-sourcing” və “ride-sharing“ kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik".
BNA-nın sürücülərin gəlirinin aşağı olması, sərnişinlərin təhlükəsiz getməsi ilə bağlı əsaslandırmasına gəlincə, Samir Əliyev deyir ki, tariflər aşağı olduğundan sürücülərin gəlirinin az olması fikri doğru deyil:
"Təsəvvür edin, hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və əksinə), Sumqayıta (və əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət 20 Yanvar, Koroğlu metrostansiyaları, 20 Yanvar – Müşviqabad istiqamətində də var. Və yaxud Koroğlu metrostansiyasından Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa, niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir? Yəqin BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “birmanatlıq” taksilər azaldır. Və ya UBER, Bolt, Maksim və s. kimi xidmətlərdə işləyənləri götürək. Məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub".
İqtisadçı deyir ki, sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu, onların öz seçimidir: "Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələ ki qane edir".
Vahid çağrı mərkəzinə gəlincə, iqtisadçı bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyinin məlum olmadığını deyir. Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmağından gedir:
"Bütün zənglər cavablandırılacaqmı, yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaqmı, bilmirəm".
BNA-nın digər iradı xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Samir Əliyev bu məsələdə agentliyi haqlı sayır. Deyir, bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsinin təmin etməkdən ibarət olmalıdır:
"Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən, xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür".
Sonda iqtisadçı deyir ki, vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq:
"Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı və inhisarçı taksi xidməti ilə yekunlaşacaq".
İndiyə qədər müstəqil ekspertlər hər zaman deyirdilər ki, Azərbaycanda taksi inhisara alınmayan yeganə xidmət növüdür. BNA-nın yeni konsepsiya təklifi sosial şəbəkələrdə də müzakirə edilib. İnsanlar vahid çağrı mərkəzinin yaradılması fikrinə birmənalı yanaşmayıblar. Onların çoxu bundan narazıdır. Bu prosesin taksi xidmətinin bahalaşmasına gətirib çıxaracağını düşünürlər.
Bir müddət öncə ''Bakı Taksi Xidməti'' yeni 100 ədəd 6 nəfərlik “LEVC TX” modelli "London taksi"si alanda da bəzi ekspertlər taksi xidmətinin yaxın zamanda inhisara alınacağını proqnoz
etmişdilər
.
Yeni alınan taksilər elektriklə işləyir və “Bakı Taksi Xidməti” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Avqustun 12-də Prezident İlham Əliyev yeni taksilərə baxış keçirmişdi. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirmişdi ki, avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcək.
Ramin Quluzadə deyib ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu, ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə bildirmişdi ki, bu, taksi xidməti bazarının inhisara alınmasıdır:
“Ötən il müsahibələrimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın", – sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə uculaşmışdı. Amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır”.