”Manatın növbəti dövrlər üçün məzənnəsi daha çox xarici faktor olan neftin qiymətindən asılı olacaq”
İqtisadçı Vüqar Bayramov hesab edir ki, qarşıdakı aylarda manatın devalvasiyası davam edəcək.
“Turan”-a müsahibəsində V.Bayramov deyib ki, hələlik AZN real məzənnəsini tapmayıb.
Son iki ayda milli valyutan ucuzlaşmaqda davam edir. Əgər 2016-cı ilin iyulunda 1 dollar 1,56 manat idisə, avqustda dollar hər gün bahalanır. Dolların rekord yüksək məzənnəsi 11 mart 2016-cı ildə olub – 1USD/1,6456AZN. Ən aşağı məzənnə isə 25-26 may 2016-cı ildə qeydə alınıb – 1USD/1,49AZN.
V.Bayramov dolların daim bahalanması ilə bağlı deyib ki, bunun bir neçə səbəbi var.
“Valuta ehtiyyatlarının kritik həddə qədər azalması Mərkəzi Bankın intervensiya imkanlarını məhdudlaşdırıb. Nəticədə son iki ayda valyuta tələbi tam ödənilmir ki, bu, milli valyuta üzərində təzyiqləri artırır. 2016-cı ilin mart-iyul aylarında Mərkəzi Bank cəmi 1 dəfə 100 milyon ABŞ dolları həcmində intervensiya edib”,- deyə ekspert düşünür.
Ekspert ikinci səbəb kimi Azərbaycanın xarici ticarət balansında mənfi saldonu göstərir. Mart ayından etibarən mənfi saldo yaranıb. Nəticədə ilin 1-ci yarısında ticarət saldosu mənfi 225.8 milyon ABŞ dolları olub. Halbuki, əvvəlki illərdə müvafiq dövr üçün Azərbaycanın xarici ticarət saldosu daimi müsbət olub. Manatla pul bazasının artması da dolların bahalanmasına təsir edir.
“İyul ayının 29-da manat kütləsinin həcmi yanvar ayı ilə müqayisədə 1.85 milyard və yaxud 24% artıb ki, bu da valyuta bazarlarında tələbi artıran faktor hesab edilir”, deyə Bayramov bildirib.
Ekspertin fikrincə, Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsi ölkə əhalisinin kütləvi şəkildə valyuta bazarları iştirakçısına çevrilməsinə səbəb olub: “Nəticədə valyuta bazarlarında yeni tendensiya formalaşıb. Belə ki, ölkə vətəndaşları və biznes subyektləri məzənnə dəyişikliyindən gəlir məqsədli mövqe tutmağa çalışırlar”.
O, xarici dövlət borcunun artmasını da başqa bir səbəb hesab edir: “Azərbaycan Respublikasının xarici dövlət borcunun artması növbəti dövrlərdə borclara xidmət xərclərini artırır ki, bu da öz növbəsində valyuta bazarlarında dövlət mənşəli tələbin yüksəlməsinə səbəb olur”.
Bayramov qeyd edib ki, kommersiya banklarının xalis xarici öhdəliyində artım müşahidə edilir: “Belə ki, ilin əvvəlində müvafiq göstərici 151.6 milyon manat olduğu halda may ayının sonuna təxminən 7 dəfə artaraq 1 milyard 26 milyon manata yüksəlib. Bu artım növbəti dövrlərdə komersiya bankları tərəfindən formalaşan valyuta tələbini artıracaq. Hazırda bağlanan və yaxud sağlamlaşdırmaq məqsədi ilə dövlət nəzarətinə götürülən kommersiya banklarında xarici valyutada yerləşdirilmiş əmanət və depozitlərin manatla geri qaytarılması tendensiyası müşahidə olunur ki, bu hal öz növbəsində valyuta bazarlarında əlavə tələbin formalaşmasına təsir etməkdədir”.
“Hesab edirəm ki, manatın növbəti dövrlər üçün məzənnəsi daha çox xarici faktor olan neftin qiymətindən asılı olacaq. Hər hansı fors major hallar baş verməzsə, neftin qiymətində 2016 və 2017 -ci illər üçün mühüm artım proqnozlaşdırılmır ki, bu da USD/AZN cütlüyündə artımların davam edəcəyi qənaətini gücləndirir”, deyə V.Bayramov bildirib.