İqtisadçı: Büdcə kəsiri kosmik sürətlə artıb

İqtisadçı deyir ki, bundan sonra hələ nə qədər zaman keçməlidir ki, hakim komanda bu tezislərin nəticə olduğunu anlasın:

Source:


“Biznes mühiti yaxşı deyil, kölgə iqtisadiyyatının həcmi böyükdür”

Milli Məclisin oktyabr 22-də keçirilən plenar iclasında parlament sədrinin birinci müavini

Ziyafət Əsgərov

Azərbaycanın kosmik dövlət olduğunu söyləyib. Bunu 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmə və idman oyunlarına ev sahibliyi etməklə əlaqələndirib.

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, Azərbaycanda həm də büdcə kəsiri kosmik sürətlə artıb. 2019-cu ilin büdcəsinin gözlənilən kəsiri ötən illə müqayisədə 9 dəfədən artıq olacaq:

“Gələn il üçün büdcə kəsiri ötən ilə nisbətən 12,5 dəfə çox, ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Büdcə kəsirinin kosmik sürətlə artması iqtisadiyyatın pis idarə olunması, gizli iqtisadiyyatın və korrupsiyanın genişlənməsi səbəbindən gəlirlərin təminatında mövcud maliyyə potensialının zəif səfərbər edilməsi ilə əlaqədadır”.

İqtisadçı deyir ki, 2020-ci il büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyi güc strukturlarına, 18 manat 20 qəpiyi tikintiyə, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi isə elmə xərclənəcək:

“2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq. Büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Büdcə xərclərinə gəlincə, Qubad İbadoğlu deyir ki, hər 100 manatdan 64 manat 20 qəpik istehlaka, 29 manatı inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək:

“2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək”.

ReAL Partiyasının idarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli də bildirir ki, Azərbaycan iqtisadiyyatında ciddi problemlər var. Rəqəmlər şişirdilir, büdcədən mənimsəmələr olur. Azmış kimi statistika da doğru aparılmır:

“Ölkə neftdən asılıdır, iqtisadi böyümə ancaq büdcə xərcləri hesabına baş verir. Büdcə də öz növbəsində neft pulu ilə dolur. Məmurlar haqsız rəqabət yaradır. Bununla öz bizneslərini qorumaqla məşğuldurlar. Xarici investorlar ölkəyə gəlmir. Biznes mühiti yaxşı deyil, kölgə iqtisadiyyatının həcmi böyükdür”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli əlavə edir ki, müstəqil iqtisadçılar bütün bu problemlərin olduğunu illərdir deyirlər. Hətta bunu dedikləri üçün incidilir, sıxışdırılırlar. İqtisadçı deyir ki, bundan sonra hələ nə qədər zaman keçməlidir ki, hakim komanda bu tezislərin nəticə olduğunu anlasın:

“Səbəbinin idarəetmə sisteminin köhnə, məhkəmə sisteminin isə müstəqil olmadığından qaynaqlandığını bilsinlər. Bunun üçün hələ nə qədər vaxt lazımdır?”

2020-ci ilin dövlət büdcəsi zərfi parlamentə təqdim edilib və ictimaiyyətə açıqlanıb. Layihə parlamentin komitlərlərində müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunacaq.

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, " 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Büdcəsi zərfinə daxil olan məsələlərin Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-ü keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Büdcə kəsiri kosmik sürətlə artıb