''211 dollar əmək haqqı səviyyəsi ilə regionlar Bakı şəhərindən 2,3 dəfə, ölkə üzrə orta səviyyədən isə 38 faiz geri düşüb''
“Regionlar Bakı şəhərindən 2,3 dəfə geri düşüb. Ölkə üzrə orta səviyyə ilə götürəndə isə bölgələr 38 faiz geriləyib”.
İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, kənarlaşma 1-2 faiz olar, lap deyək, 5-10 faiz oldu, amma 40-50 faiz olmaz, olmamalıdır. İqtisadçı deyir ki, kənarlaşma bu həddə çatıbsa, idarəetmə sistemi dərhal şübhə altına alınmalıdır:
“Aprelin 1-də açıqlanan rəsmi orta aylıq əmək haqqı göstəricisinin müqayisəli təhlili də regionların sosial-iqtisadi vəziyyətinin ağır olduğunu göstərir. Bakı üzrə orta aylıq əmək haqqı nisbətən yüksək olsa da, bu, ölkə əhalisinin tam əksəriyyətinin məskunlaşdığı bölgələrdə çox aşağıdır”.
İqtisadçı əlavə edir ki, respublikanın ən böyük iqtisadi rayonu olan Aran bölgəsində orta aylıq əmək haqqı 195 dollara yaxındır. Bu göstərici Bakıda 481, ölkə üzrə isə 340 dollardır:
“Aranda orta aylıq əmək haqqı göstəricisi Bakıdan 59,6 faiz və ya 286 dollar azdır. Aran iqtisadi rayonu bu göstəriciyə görə ölkə üzrə orta səviyyədən 43 faiz aralı (aşağı) düşüb. İqtisadi rayona daxil olan Zərdab (163 dollar), Bərdə (168 dollar), Ağdaş (170 dollar) Ağcabədi (171 dollar), Göyçay (172 dollar), Sabirabad (172 dollar) rayonunda əhalinin yaşayış vəziyyəti daha ağırdır”.
N.Əliyev deyir ki, Şəki-Zaqatala iqtisadi rayonunda orta isə orta aylıq əmək haqqı səviyyəsi vur-tut 182 dollardır. Bakı ilə fərqi 62, ölkə üzrə orta göstəricidən isə 46 faiz geridir:
“Lənkəran, Dağlıq-Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax iqtisadi rayonları da oxşar taleləri yaşayır. Ən aşağı orta aylıq əmək haqqı göstəricisi Yuxarı-Qarabağ iqtisadi rayonunda məcburi köçkün həyatı yaşayan işçilərə verilən əmək haqqıdır (177,6 dollar)”.
İqtisadçı əlavə edir ki, bunu aparılan hesablamalar da göstərir. Bütün iqtisadi rayonlar üzrə orta aylıq əmək haqqı 211 dollardır. Bu isə öz növbəsində çox aşağı göstəricidir:
“Region əhalisinin indiki zamanda ayda aldıqları 211 dollarla aylıq problemlərinin öhdəsindən gələ biləcəyini düşünmək sadəlövhlük olar. İstənilən bir səhiyyə müəssisəsinin ilk həmləsi ilə bu vəsaitdən əsər-əlamət qalmayacağını bilməyən yoxdur. Belə şərtlər altında 211 dollarla yaşamağın nə qədər çətin olması heç kəsə sirr deyil”.
Nemət Əliyev deyir ki, normal şəkildə izahı olmayan daha bir məsələ də var. Bu “211” göstəricisinə ölkənin sosial-iqtisadi inkişafına 245 milyard dollar sərmayə (bunun təxminən 80 milyardının regionlara yönəldiyi bildirilir) xərclədikdən sonra nail olunub:
“Səbəb-nəticə əlaqələri baxımından nəticə heç adekvat deyil və çox uğursuzdur. Odur ki, “Daha neçə milyardları həzm-rabeədən keçirmək lazımdır ki, insanları normal əmək haqqı ilə təmin edə biləsən” sualı bu gün çox aktualdır. 211 dollar əmək haqqı səviyyəsi ilə regionlar Bakı şəhərindən 2,3 dəfə, ölkə üzrə orta səviyyədən isə 38 faiz geri düşüb”.
N.Əliyev deyir ki, beləliklə, regionlar ilə Bakı şəhərinin inkişaf səviyyələri arasında dərin uçurum əmələ gəldiyi aydın görünür. Regionlar ölkə üzrə orta səviyyədən çox kənarlaşıb. Belə bir nəticəyə gətirib çıxarmış idarəetmə sistemindən dərhal imtina olunmalıdır.