İqtisadçı: “Bahalaşmanın ən sərt üzünü görən vətəndaşdır”

Foto: Meydan TV

“Azərbaycan bazarı kifayət qədər liberal deyil”

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi olub. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışı zamanı deyib ki, ölkədə baş verən bahalaşmanın səbəbi idxal məhsullarıdır.

O bildirib ki, yerli istehlak bazarında aparılan təhlillər və müşahidələr zamanı istehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir.

Onun sözlərinə görə, daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdir.

Nazir müavini deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında dünyada qiymət son 30 ildə ən yüksək səviyyəyə çatıb:

“Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23 %-i keçib. Hətta hazır qida məhsullarının idxal qiymətləri indeksi 25 %-i ötüb”.

Sevinc Həsənova, Foto: Report.az

Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edir. “FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”, – deyə nazir müavini qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov Meydan TV-yə deyib ki, ölkədə qiymət artımları yalnız idxaldan qaynaqlanmır:

“Bahalaşmaya eyni zamanda bazarın konyukturu, mövcud vəziyyət də təsir göstərir. Azərbaycan bazarı kifayət qədər liberal deyil. Belə demək mümkünsə, oyunçuların sayı rəqabəti yaradacaq səviyyədən aşağıdır. Bu da qiymət optimallaşmasının qarşısnı alan ən ciddi problemlərdən biridir. Hətta bir çox sahibkar inhisarçı mövqedədir. Bəziləri gücləri birləşdirərək qiymət artımı istiqamətində sövdələşmələrə gedir”.

Rəşad Həsənov, Publika.az

Ekpert hesab edir ki, bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyəti də effektiv deyil:

“Son nəticədə qiymət artımın, yəni bahalaşmanın ən sərt üzünü görən isə istehlakçıdır, vətəndaşdır. Dövlətin əlində qiymətlərə təsir göstərəcək rüsum, vergi, təşfiq kimi alətlər var”.

“Təəssüf ki, qiymətlərin sürətlə artmasına baxmayaraq, Azərbaycan hökuməti bazarda qiymət artımını önləmir. Əksinə, qiymət artımı istiqamətində qərarlar qəbul olunur. Büdcə müzakirələri prosesində yüzdən artıq rüsumun artırılması ilə bağlı qərar qəbul edilib”, – deyə o vurğulayıb.

“Eyni zamanda 2021-ci ilin əvvəlindən başlayaraq, bir sıra məhsullar, həmçinin enerji üzrə – hansı ki, bu sahələrdə dövlətin özü inhisarçıdır- qiymətlərin artırılması ilə bağlı qərarlar verilib.

Bu qərarlar dolayısı ilə istehlak qiymətləri indeksini, yəni inflyasiyanı daha da sürətləndirən faktorlara çevrilib”.

İqtisadçı hesab edir ki, bunu yalnız idxalla, dünya bazarlarında qiymət artımı ilə əlaqələndirmək doğru deyil:

“Bütün bunlar dövlət siyasətinin özünün də nöqsanlı, qeyri-effektiv olmasından xəbər verir”.

Ana səhifəSosialİqtisadçı: “Bahalaşmanın ən sərt üzünü görən vətəndaşdır”