İqtisadçı: Azərbaycan idxal və ixrac bahalaşmasından 9 milyard qazanıb

Foto: https://azerforum.com/

“Hazırkı sürətli bahalaşamanı gəlirlərin azalması ilə izah etmək absurddur”

Bu ilin ilk 9 ayında Azərbaycan xaricə 14,6 milyard dollarlıq mal ixrac edib.
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikada belə qeyd olunub.

Bildirilir ki, idxal isə 8,3 milyard olub. Nəticədə, 6,2 milyardlıq xarici ticarət saldosu yaranıb.
Statistikadan görünür ki, Azərbaycan bu müddət ərzində 182 ölkəyə mal ixrac edib və bu əməliyyatlardan büdcəyə təxminən 870 milyon 111 min manatlıq vergi daxilolması olub.

İqtisadçı Nemət Əliyev “Facebook” hesabında yazır ki, statistika ölkənin idxaldan çox ixrac əməliyyatı yerinə yetirdiyini göstərir. Yəni Azərbaycan son 9 ayda kifayət qədər gəlir əldə edib: “Ancaq çoxu düşünür ki, Azərbaycanda vəsait çatışmazlığı var, gəlirlər azalıb və buna görə də kommunal xidmətlərin qiymətlərində bahalaşmaya, rüsum və vergilərdə artıma gedilib”.

İqtisadçı bildirib ki, Azərbaycan ixrac və idxal mallarının bahalaşmasından 9 aya 9 milyard manat xalis gəlir götürülüb: “Necə? Baxın, bu ilin ilk 9 ayında Azərbaycan xaricə 14,6 milyard dollarlıq mal ixrac edib. Azərbaycanda bahalaşma faizi rəsmi 41,9 faizdir. Deməli, təkcə ixrac olunan malların bahalaşmasından 4,3 milyard dollar xalis gəlir götürüb”.

Nemət Əliyevin açıqlanan rəsmi məlumatlardan aldığı rəqəmə görə, gəlirin cəmi 4 faizi (172 milyon dollar) qeyri-neft məhsulları hesabınadır. Qalan 96 faiz neft-qaz satışının bahalaşmasından gələn vəsait hesabınadır: “Hələ bura ölkədaxili topdansatış qiymətlərlə maya dəyəri göstəricisi arasındakı fərqdən yaranan mənfəəti daxil etmirəm. Bir sözlə, xarici ticarətdə 9 aylıq bahalaşmadan götürülən gəlir 2020-ci ildəki ucuzlaşma səbəbindən itirilmiş 4,3 milyardlıq vəsaitin, demək olar ki, hamısını kompensasiya edib”.

Nemət Əliyev
Foto: Meydan TV

2020-ci ildə pandemiya səbəbindən bütün dünyada neftin qiymətlərində kəskin enmə olmuşdu.

İqtisadçı əlavə edir ki, Azərbaycan bu ilin 9 ayında həmçinin, idxal edilən malların bahalaşmasından da gəlir əldə edib:

“Rəsmi məlumatlar göstərir ki, ilk 9 ayda ölkəyə 8,3 milyard dollarlıq mal idxal edilib. Bu malların qiymətləri isə 21,7 faiz bahalaşıb. Rəqəmlə desəm, bahalaşma məbləği 1,5 milyard dollardır. Azərbaycanın mal aldığı ölkələrdə 5-6 faiz bahalaşma olmasını nəzərə alıb hesablasaq, 1,5 milyarddan 1 milyardın Azərbaycana qaldığını görürük”.

Sonda iqtisadçı bildirib ki, bu ilin 9 ayında Azərbaycan xarici ticarətdə bahalaşmadan 5,3 milyard dollar və ya 9 milyard manat xalis gəlir götürüb: “Bu, ölkə daxilindəki sosial və iqtisadi zərərləri qarşılamaq üçün çox iri maliyyə mənbəyidir. Odur ki, hazırkı sürətli bahalaşamanı gəlirlərin azalması ilə izah etmək absurddur. Kifayət qədər vəsait var, ancaq yenə də ölkədə sürətli bahalaşma prosesi gedir”.

Oktyabrın 16-da Azərbaycanda qazelektrikin qiyməti yenidən qaldırılıb.

Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb. Üstəlik, son bir ildə Azərbaycanda ərzaq məhsullarının qiymətlərində də artım olub.

Ekspertlərin Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlar əsasında gəldiyi nəticəyə görə, ərzaq məhsulları 50-80 faiz aralığında bahalaşıb.

Deputat Sabir Rüstəmxanlı da ölkədə müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz edib.

O, parlamentdəki çıxışı zamanı ölkədə qiymət siyasətinə kimin baxdığını sorğulayıb: “Ölkədə bahalaşma ildırım sürətilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı ayrıca yığıncaq təşkil edək. Bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur, ya yox”.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Azərbaycan idxal və ixrac bahalaşmasından 9 milyard qazanıb