İqtisadçı: 2017-ci ili son 4 ilin ən pis ili hesab etmək olar

Ötən il kredit qoyuluşunun səviyyəsi azalıb

Source:
Nemət Əliyev
Nemət Əliyev


Ötən il kredit qoyuluşunun səviyyəsi azalıb

2017-ci ildə ölkə iqtisadiyyatından 4,7 milyard manat həcmində kredit çıxarılıb. Kredit qoyuluşlarının səviyyəsi ötən bir ildə 28,5 faiz azalıb.

Məlumatı Azərbaycan Mərkəzi Bankı

yayıb

.

Məlumata görə, manatla yerləşdirilmiş kreditlərin səviyyəsi 1,7 milyard manat (19,7%), xarici valyutada yerləşdirilmiş kreditlərin səviyyəsi isə 1,6 milyard dollar (35,7%) düşüb.

İqtisadçı Nemət Əliyev deyir ki, bu nisbi göstəriciyə görə, 2017-ci ili son 4 ilin ən pis ili hesab etmək olar. 2017-ci ildə kredit portfeli orta hesabla hər ay 390 milyon manat, hər gün 13 milyon manat boşalıb:

“Kredit qoyuluşlarının ÜDM-də çəkisi son iki ildə 40 faizdən 16,8 faizə enib. Beləliklə, istehsalın və satışın fasiləsizliyinin təmin olunmasında, habelə istehsalın genişləndirilməsində, fondların artırılmasında mühüm rıçaqlardan biri əhəmiyyətli dərəcədə sıradan çıxarılıb. Mərkəzi Bankın açıqladığı məlumatlardan o da məlum olur ki, kredit qoyuluşlarının səviyyəsi inşaat və əmlak sektorunda 71 faiz, sənaye və istehsal sektorunda 51 faiz, energetika, kimya və təbii ehtiyatlar sektorunda 47 faiz, ev təsərrüfatlarında 21 faiz, ticarət və xidmət sektorunda 16 faiz enib”.

İqtisadçı bildirir ki, geri çəkilmiş 4,7 milyard manatlıq kreditin 29 faizi inşaat və əmlak sektorundan, 26,7 faizi ev təsərrüfatlarından, 13,7 faizi sənaye və istehsal sektorundan, 8,5 faizi ticarət və xidmət sektorundan götürülüb:

“2017-ci ildə ev təsərrüfatlarından 1,3 milyard manat həcmində kredit yığışdırılıb ki, bu da ailə təsərrüfatlarında problemlərinin daha da böyüməsi anlamına gəlir. Odur ki, böyük maliyyə resurslarından təcrid edilmiş sahələrdə, o cümlədən ailə təsərrüfatlarında iqtisadi fəallığın 2017-ci ildə nə dərəcədə pisləşməsini təsəvvür etmək çətin olmamalıdır. Milli valyutaya inamın sarsılması şəraitində çökmüş və etimadı itirmiş bankların bu böyük maliyyə boşluğunu 2018-ci ildə doldura biləcəyinə heç ümid yoxdur. Əksinə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasəti, yüksək faizlər, ölkədə qiymət sabitliyinin pozulması, əlverişsiz investisiya və haqsız rəqabət mühiti və sairə kimi hallar bu sahədə vəziyyətin cari ildə pisləşəcəyi ehtimalını daha da artırır”.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

2017-ci ildə “AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunub. Baş bankir Elman Rüstəmov bildirib ki, bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan

biridir

.

Ana səhifəXəbərlərİqtisadçı: 2017-ci ili son 4 ilin ən pis ili hesab etmək olar