İqtidar + Müxalifət+ Xalq= AZTV

Onların yerinə AzTv düşünür

Source:

Söhbət İsa Qəmbərin özünü hamıdan ağıllı hesab etməsindən, Əli Kərimlinin virtual dünyada göstərdiyi igidliklər nəticəsində virtual dünyanın cəngavərinə çevrilməsindən, Arif Hacılının həbsxanada “Darıxıram” şeiri yazmasından, Cəmil Həsənlinin ədəbiyyat nazirini “dostum” adlandırmasından getmir. Söhbət ondan gedir ki, Azərbaycanda ümumiyyətlə inqilabi təfəkkürlü siyasətçi yoxdur. Əgər 2005-ci ilə qədər müxalifət liderləri cəmiyyətin siyasətlə maraqlanan təbəqəsinin  tələblərinə az-çox  cavab verirdilərsə, bu gün cəmiyyətin siyasətlə maraqlanan təbəqəsi müxalifət liderlərindən daha ağıllı  düşünməkdə, hadisələrə daha yaradıcı münasibət göstərməkdədir.

Eyni aqibəti müxalifyönlü jurnalistlər, publisistlər də yaşadı. Əgər 2003-cü ilə qədər müxalifət düşərgəsində var olmağın özü yazara oxucu marağı və hörməti oyadırdısa, bu gün həmin maraq və hörmət tamam itib. Müxalifət yazarları  qəfildən köhnəldilər. İki-üç adamı çıxmaq şərti ilə yerdə qalanları sürətlə tamam maraqsızlaşdılar. Yazı oxuyan adamların tələblərinə həm mövzu baxımından, həm də hadisələrə yanaşma baxımından cavab verə bilmədilər. Beləliklə, müxalifət düşərgəsi və müxalifət liderləri böyük bir silahdan məhrum oldular.

Müxalifətin yazarlarını “şəkildən tanınan adamlar” adlandırsaq heç bir aşağılamağa yol vermərik. Məzmunsuzluqdan əziyyət çəkən bu yazarların yazılarını oxuduqda, adamın gözünün önündə belə  bir səhnə canlanır. Sanki bir insan uzaqda dayanıb nələrsə qışqırır, amma onun səsi eşidilmir. Sən yalnız onun  əl-qol atmağını görürsən. Müxalifət liderləri öz qorxaqlığını və prinsipsizliyini siyasət kimi qələmə verir. Guya bunlar elektoratı düşünüb, siyasət yapıyorlar. Hansı elektoratdan söhbət gedir? Xalq onsuz da müxalifət liderlərinə inanmır və əcəb edir, inanmır.

Bir vaxtlar yüz minlərlə insanın qarşısında çıxış edən İsa Qəmbərin yanında üç-dörd adam qalıb. Əli Kərimli artıq ikinci dəfədir müsahibəsində xalqın siyasi prosesə, ölkədə baş verən hadisələrə laqeyd münasibət göstərməsindən  şikayətlənir. Siz öz intriqalarınızla, lazımsız davalarınızla adamları bezdirdiniz, camaatın canını boğaza yığdınız, adamları niyə qınayırsınız? Cəhbəçilərin müsavatçılara, müsavatçıların cəbhəçilərə, Əli Kərimlinin İsa Qəmbərə, İsa Qəmbərin Əli Kərimliyə daxili nifrəti hakimiyyətə qarşı nifrətindən daha dərin və daha səmimidir.

Xalqı publisist, yazıçı tənqid edə bilər, siyasətçinin belə bir lüksü yoxdu. Siyasətçi zəhmət çəkib xalqı inandırmalıdır, təşkilatlandırmalıdır. Həm dinc mübarizədən danışırlar, həm də inqilabdan. Bu ona bənzəyir ki, bizim adamlar Cavidin repressiya olunmasına yas saxlayırlar, həm də paralel olaraq “Stalin kişi adam idi” deyirlər. Guya müstəqilliyimizlə fəxr edirlər, həm də  “allah Qarbaçovun balasın öldürsün, gül kimi yaşayırdıq, soveti dağıtdı” deyirlər.

Müxalifət liderləri istəyirlər ki, meydana bir milyon adam yığışsın, bunlar da gəlib mövzunun dalını davam etdirsinlər.  Ölkədə yazıçı bıçaqlanaraq qətlə yetirilir.  Müxalifət düşərgəsi mollaların qorxusundan öldürülən yazıçının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə qorxur. Sonra yazarlar səs-küy salır, qorxa-qorxa, xala xətrin qalmasın, dizləri əsə-əsə birtəhər özlərini ayağa qalxmağa məcbur edirlər.

Həmin günlər  müxalifət düşərgəsi dünyəviliyə xəyanət etdi. Bunu onlara heç vaxt bağışlamaq olmaz. Müxalifət liderləri və müxalifət yazarları sovetin şirşirdilmiş yazıçılarına , şairlərinə bu gün tam olaraq hakimiyyəti dəstəkləyən dırnaqarası sənət adamlarına pərəstiş etməkdədirlər. Şişirdilmiş, süni tirajlar müxalifət liderlərinin, müxalifət yazarlarının gözünü tutub, onları tamam qorxudub. Bunun adı köləlikdir. Vaqif Səmədoğlu öləndə, müxalifətin sayılıb-seçilən yazarlarından biri ağlaşma janrında bir yazı yazmışdı. Yazısında qeyd etmişdi ki, Vaqif Səmədoğlu başqaları kimi bizim düşərgəni tərk etdikdə bizi söymədi.

Təsəlliyə bax. Necə də miskin bir acizlik. Əvvəla, ağ yalandır. Vaqif Səmədoğlu dəfələrlə müsahibələrində tərk etdiyi düşərgəni aşağılamışdı. Bu cür adamların hakimiyyətə qarşı çıxması çox əhəmiyyətsizdir. Hakimiyyəti tənqid etmək, söymək asan yoldur. Cəsarətin çatırsa, sovetdənqalma yaradıcı birliklərə, bu birliklərdə oturanlara qarşı açıq şəkildə mövqeyini qoy ortaya. Kim sovetdənqalma birliklərə, bu birliklərin başında dayanan şişirdilmiş fiqurlara qarşı açıq şəkildə mövqeyini ortaya qoymursa, ona heç bir şəkildə etimad göstərmək olmaz.

Cəmil Həsənli Anar Rzayevi “dostum” adlandıran gün şəxsən mənim üçün bitdi. İstəyir, lap onu siyasi mübarizəsinə görə tutub, yüz il iş versinlər, bu heç bir əhəmiyyət daşımır. Eləcə də, Tofiq Yaqublunun siyasi fəaliyyətinin də heç bir əhəmiyyəti yoxdur. Çünki təfəkkür baxımından müxalifətlə iqtidar arasında heç bir fərqlilik yoxdu. Hər ikisi AzTv-dən qidalanır. Bu haqda bir az sonra.

İnsanlar  müxalifət liderlərinin sovetin “parnik”lərində şişirdilmiş psevdoziyalılara pərəstiş etmələrinin nə dərəcədə böyük bir naqislik olduğunu anlaya bilmirlər. Zaman-zaman bu haqda yazmağımızı “cığallıq” adlandırırlar. Guya daha vacib məsələlər varkən, müxalifətin psevdoziyalılara pərəstiş etmələri haqqında dönə-dönə  yazmaq düzgün deyil.  Bu qədər yazılıb, bir daha yazaq. İnsanlar bu məsələnin nə dərəcədə əhəmiyyətli olduğunu anlamırlar.   Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində əla bir söhbət var. İsgəndərlə Sokratın əhvalatı çox ibrətamiz əhvalatdır. Əhvalatın qısa məzmununu yazıram. Maraqlananlar daha ətraflı tapıb oxuya bilərlər.

Sokrat camaatdan ayrılıb zahidlik edirdi. Dünya malına gözünün ucuyla baxmayıb  asketik bir həyat yaşayırdı. Bir gün İsgəndər alimlər məclisi təşkil etmək qərarına gəlir. Sokratın da məclisə dəvət olunmasını tapşırır. Şahın xidmətçisi gedir Sokratın yanına. Onu şahın adından saraydakı məclisə dəvət edir. Sokrat şahın xidmətçisinə  deyir ki, belə məclislər mənim üçün maraqsızdır, mən başqa aləmdəyəm. Mənim sarayda heç bir işim yoxdu. Saray mənim yerim deyil. Məclisiniz özünüzə qalsın.

Xidmətçi saraya qayıdıb, Sokratın sözlərini İsgəndərə çatdırır. İsgəndər də elmə, alimə yüksək qiymət verən bir şah idi. Ağıllı və mərifətli sözə ehtiyacı vardı. Sokratı saraya dəvət etmək üçün onun yanına daha bir adam göndərir. Bu adam da təxminən eyni cavabla saraya qayıdır. Alimin dalınca gedən hər kəs gəlib, şaha deyir ki, Sokrat başqa FM- dədi. Həqiqətə çatıb. Bizim söhbətlərimiz onun üçün maraqsız, dəvətlərimiz onun üçün əhəmiyyətsizdi.

Bir belə, iki belə, axırda İsgəndər alicənablıq göstərib, özü Sokratın hüzuruna gedir. Gəlib görür Sokrat bir palaza bürünüb. Həm də ona görə palaza bürünüb ki,  soyuqdan  qorunmaq istəyir. Fizika qanunlarına tabe olmazsa, heç palaza da ehtiyac duymaz. İsgəndər deyir ki, a kişi, mən sənin dalınca neçə dəfə adam göndərib məclisimə dəvət etdim? Kimsən sən, özünü nə hesab edirsən? Bu gücü, bu cəsarəti hardan alırsan? Bütün aləm qüdrətim qarşısında baş əyir. Sənin bu etinasızlığının mənbəyi nədir?

Sokrat deyir ki, sənin qüdrətin başqaları üçündü. Mənim üçün minnətsiz arpa çörəyi yemək, minnətli buğda çörəyi yeməkdən daha üstündü. Mənim nəfsim mənim qulumdu. Dünya malında gözüm yoxdu. Sən isə öz nəfsinin qulusan. Deməli, sən mənim qulumun qulusan. Əgər sən mənim qulumun qulusansa, mən niyə və nəyə görə sənə hörmət etməliyəm?

Əlbəttə, bu əhvalatda çox böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər. Bu əhvalatdan mövzumuz üçün belə bir çıxarış edə bilərik. Hakimiyyətin intellektual lakeylərindən qorxan, onların şişirdilmiş tirajları qarşısında zar-zar əsən, psevdoziyalılara pərəstiş edən müxalifət liderlərinin və onların ətrafındakı adamların siyasi mübarizəsi, döyülmələri, təzyiqə məruz qalmaları, həbs olunmaları çox əhəmiyyətsizdi. “Yenilməz batalyon” filmində deyildiyi kimi- matrosların davasına qarışmaq lazım deyil.

Hakimiyyətin intellektual lakeylərinin lakeyləri olan müxalifət liderləri hansı inqilabi təfəkkürlə, hansı yolla və necə adamları azadlığa çıxaracaq?  Ona görə qəti şəkildə demək olar ki, Azərbaycanda inqilabi təfəkkürlü siyasətçi yoxdu. Məsələnin məğzi bundadı. Həbsdə yatmaq, hakimiyyəti tənqid etmək, söymək bu mənada çox gülməlidir. Tofiq Yaqublunun təfəkkür baxımından Zahid Orucdan heç bir fərqi yoxdursa, onun həbsdə yatması da o qədər əhəmiyyətli deyil. Sadəcə, özü-özünə zülm edir. Təkcə siyasi baxımdan fərqliliyi aradan götürsək qalan başqa mövzularda və məsələlərdə hadisələrə yanaşmalarda Tofiq Yaqublu, Cəmil Həsənli, İsa Qəmbər, Arif  Hacılı, Pənah Hüseyn, Əli Kərimli və Zahid Oruc arasında böyük bir bərabərlik işarəsi qoymaq olar.

Ona görə də İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn, Cəmil Həsənli, Əli Kərimli və digər bu kimi adamlar siyasi səhnədən nə qədər tez silinib getsələr, bir o qədər yaxşı olar.  Təzə ortaya çıxmış siyasətçilər isə məsələn, realçılar ümumiyyətlə, məzmunsuzdurlar və mahiyyət etibarı ilə  beyinləri  AzTv-dən qidalanır.  Onlar həm də xalqı tanımırlar.  Real reallaşa bilmir. Klub kimi fəaliyyət göstərir. Erkin Qədirlinin fəlsəfəni  bilməsi əlbəttə yaxşıdı, amma Azərbaycan klassik ədəbiyyatından, Mirzə Cəlilin, Cəfər Cabbarlının, Haqverdiyevin, Üzeyir Hacıbəyovun, Yusif Vəzir Çəmənzəminlinin  əsərlərindən xəbəri yoxdursa,  hansı ölkədə yaşadığını, hansı xalqa mənsub olduğunu, xalqın necə yarandığını, necə formalaşdığını, hansı mərhələlərdən keçdiyini  tam olaraq  başa düşməyəcək.


Ola bilsin ki, yuxarıda adını çəkdiyim ədiblərin əsərlərinin səviyyəsi Erkin Qədirlini, İlqar Məmmədovu  qane etmir, bunun heç də məsələyə dəxli yoxdu. Xalqı tanımaq üçün klassik yazıçıların əsərləri əvəzedilməz bir mənbədir. Onları oxumadan xalqla danışmağın dilini bilməyəcəksən. Belə deyək, uzağı görmək yaxşıdı amma hərdən yaxını da görmək lazımdır. Bu sözlər tək siyasətçilərə aid deyil. Ümumiyyətlə xalqla, adamlarla işləyən hər bir peşə sahibi klassik ədəbiyyatı mütləq oxumalıdır.

İqtidar  düşərgəsi də müxalifət düşərgəsi kimi məzmunsuzluqdan əziyyət çəkməkdədir. Sadəcə iqtidar pulla əldə olunan parıltı və güc hesabına öz məzmunsuzluğunu birtəhər örtbasdır etməyi bacarır. Pulla əldə olunmuş süni parıltı, mərmər parklar, bir tərəfi ağardılmış binalar, bahalı mağazlar, restoranlar, Alov qüllələri, ən uca bayraq və dəxi bu kimi söhbətlər  adamların gözünü qamaşdırır, əşyaları və hadisələri olduğu kimi görməyə imkan vermir. İllərlə  qaranlıq otaqda qalmış adam birdən-birə  gün işığına çıxanda necə olur, təxminən elə bir vəziyyət. Ətrafı görə bilmirsən. Məcbur olub gözünü yumursan. Ya da təzədən qaranlıq otağa qayıdırsan. Güc  isə adamları qorxudur və adamlar bu məzmunsuzluğu görmək istəmirlər.

Müxalifətin pulu və gücü olmadığından məzmunsuzluqları ortadadı. Başqa bütün məsələlərdə bu iki düşərgəni asanlıqla qardaşlaşmış düşərgə adlandıra bilərik və buna görə heç də vicdansızlığa yol vermərik. Çünki hər iki düşərgəyə mənsub adamların beyni AzTv-dən qidalanır. Hər iki düşərgənin adamları üçün Ramil Səfərovun baltası, dolma, sarı gəlin davaları müqəddəsdir. Hətta müxalifət düşərgəsinin adamları AzTv-nin aşıladığı həyat  fəlsəfəsində daha səmimidirlər.

Bəs AzTv fəlsəfəsi nə deməkdir? Etiraf edim ki, bir neçə mövzuda fikrimi ifadə etməkdə acizəm. Bu mövzulardan biri də AzTv mövzusudur. Hardan başlayasan, necə başlayasan? Fikrini ifadə etmək üçün hansı yazıçıları köməyə çağırasan, hansı əsərlərə istinad edəsən? Düstur yoxdu. “Dadaşbala əməliyyatı” tamaşasında maraqlı bir səhnə var. Orda yadplanetli səhv etmirəmsə, Dadaşbalaya deyir ki, mən sizi başa düşmürəm. Dadaşbala da yadplanetliyə cavab verir ki, bizi başa düşmək çətindi. Bizi başa düşmək üçün gərək əvvəlcə oktyabryata keçəsən. Sonra gərək pionerə keçəsən. Sonra gərək komsomola keçəsən. Sonra da partiyaya keçəsən. Keçəsən, keçəsən, keçəsən…

AzTv-ni başa düşmək üçün adamdan böyük bir həyat təcrübəsi tələb olunur. Uşaq-muşaq söhbəti deyil. Gərək ən azı son iyirmi ildə baş verən hadisələrin iştirakçısı olasan. Ümumiyyətlə, təcrübə iştirak etmək deməkdi. Burda tamaşaçı olmaq heç bir əhəmiyyət kəsb etmir. Gərək hər bir hadisəni öz dərində hiss edəsən. 20 yanvar hadisəsindən ifrat dərəcədə təsirlənib partiya biletini atan, iki gündən sonra böyük bir məqalə yazıb partiyadan üzr istəyən, təsir altına düşdüyünü deyən ziyalını,  müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarovanın müstəqil respublikanın ən ali mükafatlarından birini almasını, sovet zamanı elmi ateizmdən dərs deyənlərin sovet dağılan kimi Həcc ziyarətinə gedib hacı olmaqlarını, Elçibəyin Kələkiyə qaçmağını, Alim Qasımovun Rastropoviçin qabağında:

Əzizim Azərbaycanda…

Təmir gedir Azərbaycanda…

Soruşdum, bu nə həngamədir?

Dedilər Rastropoviç gəlir! –

misraları üzərində muğam oxumağını  və bu kimi çoxlu hadisələri görməmisənsə AzTv-ni necə başa düşəcəksən? Aztv-ni başa düşmək üçün gərək Azərbaycanı qarış-qarış gəzəsən. Yüzlərlə, minlərlə araq məclislərində iştirak edəsən. Sağlıqlar eşidəsən, sağlıqlar deyəsən. AzTv-ni başa düşmək bütöv bir ömür tələb edir.

Bəzən işin ciddiyyətini başa düşməyən uşaq-muşaq sual verir: “Kimdi AzTv-yə baxan, niyə o kanalı bu qədər şişirdirsiniz?” Elə bilirlər AzTv haqqında yazdıqlarımda ironiya var. Əvvəla, hələ elə bir insan doğulmayıb ki, AzTv-yə ironiya edə bilsin. Aztv kosmosdur. Hətta onu söküb yerlə-yeksan etsələr də, AzTv-nin canımıza və ruhumuza  hopdurduqu həyat fəlsəfəsinin izlərini uzun müddət silmək mümkün olmayacaq. Kosmetik vasitələrlə bəlkə də o izləri bir az gizlətmək olar, amma tam olaraq silmək bir az çətin məsələdir.

İkincisi, AzTv-nin gücü ondan ibarətdir ki, ona sözün birbaşa mənasında baxmağın və ya baxmamağın fərqi yoxdu. Ola bilsin,  adam doğurdan da televizorun qarşısında oturub AzTv-yə baxmır. Azərbaycan dilinə ürəyində nifrət edir. Evdə rus dilində, ofisdə ingilis dilində danışır, arada da etnik mənsubiyyətini ifadə etmək üçün Azərbaycan dilində həqarətlə  “ay balam”, “nətərsən”, “gejən xeyrə”  kimi sözlər işlədir, amma təəssüf ki, bu heç nəyi həll etmir. AzTv-dən xilas olmağın yolları çox çətindi. İstər rusdilli ol, istərsə də ingilisdilli, istərsə də almandilli, çuşka ya da qlamur, kəndli və ya şəhərli, savadlı və ya savadsız, fərqi yoxdur – AZTV bizi birləşdirən dəyərdir.

AzTv azərbaycanlıların ən ali hisslərinin və arzularının ifadəçisidir. Bu dəqiqə mən bu cümlələri yazarkən necə mənasız  bir işlə məşğul olduğumun fərqindəyəm. Bizim insanlar danışmırlar. Ağızlarını yalandan açıb-yumurlar. Onların əvəzinə AzTv danışır. Bizim insanlar düşünmürlər. Həm də düşünməyə ərinirlər. Onların əvəzinə AzTv düşünür.  Ona görə yaxşısı budur, AzTv söhbətini burda saxlayıb keçək xalqa. Maraqlananlar “Aztv-Bizi birləşdirən dəyər” adlı yazını tapıb oxuya bilərlər.

Dörd-beş gün əvvəl təsadüfən bir məclisdə iştirak etdim. Zamin Hacıdan söhbət düşdü. Bir nəfər qayıdıb deyəsən ki, deyəsən o müxalifətçidi. Belə baxırsan hər şey qaydasındadı. Geyimi, keçimi, danışığı. Ədəbiyyat filan da oxuyub. Düşünürsən ki, ölkənin vəziyyəti, ölkədə baş verənlər bu adamı maraqlandırmalıdır, lakin o necə də məharətlə hadisələrdən özünü bloklayıb. Turist kimi yaşayır. Hətta mövcud şəraitdən yararlanmağı bacarır. Şəraitə uyğunlaşıb-uyğunlaşmamaq nədi, şərait ona sərf edir. Zamini tanımaq şərtdimi? Bəli şərtdi. Sən onu sevmək məcburiyyətində deyilsən, hətta nifrət də edə bilərsən. Amma ölkənin ən tirajlı ve ən təcrübəli üç publisistindən biri olan adamı tanımırsansa, bu o deməkdir ki, heç nə səni maraqlandırmır.

Belə adamlar ölkədə çoxdur.  Hansı mövzuda istəyirsən danışsınlar, müzakirə aparsınlar, təkcə daxili mövzulardan savayı.  Daxili mövzulardan danışan adamlar  onların qanlarını qaraldır. Hər kəs öz işində- gücündədir.

Necə deyərlər, altda qalanın canı çıxsın…

Ana səhifəMənim Fikrimcəİqtidar + Müxalifət+ Xalq= AZTV