İqtidar – müxalifət debatı olmayacaq

Hakimiyyət opponentlərini ciddiyə almır, müxalifət isə…

Source:


Hakimiyyət opponentlərini ciddiyə almır, müxalifət isə…

Hakim elita mənsublarının son çıxışları iqtidar və müxalifət liderləri arasında debat gözləyənlərə alçaldıcı formada verilən cavab idi. İslahatlara getmək istəməyən, demokratik açılımda maraqlı olmayan iqtidar siyasi opponentlərinin mövcudluğunu belə qəbul etmək istəmir. Elə bu səbəbdən də Azərbaycanda siyasi düşərgələr arasında münasibətlər gərgin olaraq qalmaqdadır.

Siyasi sistemin böhranı tərəflər arasındakı münasibətləri normallaşdırmaq lazım gəlir. Lakin düşərgələr bir-birlərinin mövcudluğunu inkar edirlər. Nə iqtidar müxalifəti bir siyasi qüvvə kimi qəbul edir, nə də ki müxalifət iqtidarın legitimliyini qəbul edir. Elə bir vəziyyət yaranıb ki, tərəflərdən heç biri status-kvonu dəyişmək istəmir və mövcud durum sanki hər iki tərəfə sərf edir. İstər psixoloji baxımdan, istərsə də siyasi iddia baxımından da kifayət qədər əngəllər var. İqtidar siyasi rəqiblərini bütün resurslardan məhrum edib. Belə olan təqdirdə, müxalifətin də debata qatılmağa marağı qalmır. Bir sözlə, dialoq üçün zəmin hələ mövcud deyil və tərəflərin müzakirə edə biləcəyi konkret predmet yoxdur. Eyni zamanda, dialoqun formatı bəlli deyil. Müzakirələr konkret olaraq kimlər arasında gedəcək və belə bir debat baş tutarsa, bütövlükdə cəmiyyət onu qəbul edə biləcəkmi? Bu gün dialoqa münasibət bir mənalı deyil və ən əsası debatlara sosial sifariş mövcud deyil. Hakimiyyətdə belə bir fikir formalaşıb ki, dialoqa razılıq versə, opponentləri onun buna vadar olduğunu iddia edə bilər. Digər tərəfdən, müxalifət liderləri debatda üstünlüyü ələ ala bilər. Bu isə müxalifətin güclənməsi ilə sonuclana bilər və hakimiyyətə qarşı beynəlxalq təzyiqləri daha da artıra bilər. Lakin istənilən halda dialoqun baş tutması üçün ilk addımı iqtidar atmalıdır. Digər tərəfdən, dialoq məsələsində müxalifətin də məsuliyyəti az deyil. Adətən dialoq ölkədə ictimai-siyasi sabitliyin pozulması, müxalifətin öz tələblərini hakimiyyətə diktə etdirə bilməsi ilə səciyyələnir. Azərbaycanda belə bir vəziyyət hələ müşahidə edilmir. Siyasi müxalifətin fəalları həbsdədir və bu düşərgə üçün mübarizə aparmaq xeyli dərəcədə çətinləşdirilib.

Onu da vurğulamaq lazım gəlir ki, ölkədə ictimai-siyasi sabitlik tərəfləri təcili danışıqlar aparmağa vadar etmir. Müxalifət iqtidarın siyasətindən narazıdır, lakin bu narazılıq hakimiyyət üçün hələ təhlükə mənbəyinə çevrilməyib, odur ki, iqtidar siyasi opponentlərini danışıqlar tərəfi kimi qəbul etmir və rəqiblərini siyasi səhnədən inzibati metodllarla silmək istəyir.

Hüquq müdafiəçilərinin siyasi və vicdan məhbusu kimi dəyərləndirdiyi şəxslərlə bağlı da müzakirə aparmaq mümkün deyil. İqtidar belə bir kateqoriyanın olmadığını bəyan edir, müxalifət isə ayrı-ayrı məhbuslara fokuslaşmaq istəmir, problemi yaradan səbəbləri həll etməyi tələb edir. İqtidar belə bir problemin mövcudluğunu qəbul etmədiyindən, bu məsələni müzakirə etməyə də hazır deyil. Seçki qanunvericiliyi ilə bağlı müzakirələrə də siyasi düşərgələr fərqli yanaşırlar və odur ki, yaranmış vəziyyətdə tərəflərin mövqelərinin uzlaşdırılması imkansız görünür. Hakimiyyət seçki islahatlarına getmək istəmir və odur ki, bu müstəvidə hər hansı bir debat mümkün deyil.

Bu gün hər iki düşərgənin eyni mövqedən çıxış edə biləcəyi yeganə məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ola bilərdi. Vaxtilə, beynəlxalq təzyiqlər qarşısında Azərbaycan sülhə vadar ediləndə, belə bir müzakirələr aparılmışdı. Lakin sonradan iqtidar yenidən müxalifəti zəiflətməkdə davam etdi. Digər tərəfdən, hakimiyyət Qarabağla bağlı belə bir təzyiqlə üzləşməyib və odur ki, bu problebi unutdurmaq istəyir.

Maraqlıdr ki, dialoq təklifi ilə daha çox müxalifətin özü tərəfindən də qəbul edilməyən,vaxtilə bu düşərgənin əsas siması olmuş, indi siyasi baxımdan iflasa uğrayan bəzi şəxslər çıxış edir. Aydın məsələdir ki, burada söhbət düşərgə maraqlarından getmir. Siyasi fiaskoya uğramış şəxslərin reanimasiya cəhdləri isə ciddi qəbul edilə bilməz.

Bir sözlə, debat ideyası real deyil və bu məsələyə fokuslaşmaq yanlışdır. Hakimiyyət yalnız özü üçün təhlükə gördükdə müzakirələrə gedə bilər. Bu baxımdan, daxildən təlatüm yaşayan iqtidarın müxalifətə əl uzadacağı inandırıcı deyil…

Ana səhifəAnalitikaİqtidar – müxalifət debatı olmayacaq