1993-cü ildən sonra Azərbaycanda siyasi həbslər iki mərhələyə bölünür. Birinci mərhələni əhatə edən 1993-2003-cü illərdə daha çox o dövrdə cinayət məcəlləsinin məşhur olan 57-ci, vətənə xəyanət maddəsi ittiham aktına çevrilirdi.
2003-cü ildən sonra isə Azərbaycanın siyasi həyatında dəyişikliklər baş verdi. Azərbaycana 10 il başçılıq edən Heydər Əliyevin yerinə oğlu İlham Əliyev hakimiyyətə keçdi. 2003-cü il prezident seçkiləri ölkədə ixtişaşlarla və seçki saxtakarlığı iddiası ilə yadda qaldı. Həmin hadisələrdə 1000-dən çox insan saxlanıldı. 200-dən çox insan həbs olundu.
2013-cü il də bir çox həbslərlə yadda qaldı, İsmayıllı qiyamından sonra onlarla adi vətəndaşlarla yanaşı siyasi partiya rəhbərlərinin, “Əsgər ölümlərinə son” aksiyalarına görə NİDA-çı gənclərin, seçkilər öncəsi və sonrası hüquq müdafiəçiləri və digər vətəndaş cəmiyyəti nümayəndələri siyasi məhbus sıralarına daxil oldu.