İntiqam Əliyevin məhkəməsində dava düşdü

Zərərçəkmiş kimi tanınan Gülşən Orucova jurnalistləri təhqir edib

Source:


Zərərçəkmiş kimi tanınan Gülşən Orucova jurnalistləri təhqir edib

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri, hüquqşünas  İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. Prosesdə hüquqşünasın vəkili Fəxrəddin Mehdiyev hüquqlarını müdafiə etdiyi şəxsin azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb. Vəkil İntiqam Əliyevin həbsinin hüquqi əsası olmadığını bildirib. O, Arzu Abdullayeva, Gültəkin Hacıbəyli, Şahvələd Çobanoğlu, Yalçın İmanov kimi ictimai-siyasi şəxslərin hüquqşünasın azadlığa buraxılması ilə bağlı hakimə ünvanladıqları ərizəni məhkəməyə təqdim edib.

Hakim zərərçəkmişlərdən vəsatətin təmin edilməsinə etiraz edib-etməmələrini soruşub. Zərərçəkmişlərdən Əfsanə Orucova məsələni məhkəmənin ixtiyarına buraxdığını deyib. Digər zərərçəkmiş Sadiq Bağırov vəsatətin təmin olunmasını istəyib. Dövlət ittihamçısı hakimdən xahiş edib ki, İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı vəsatət əsassız olduğundan, məhkəmə vəsatəti təmin etməsin. Hakim vəsatəti təmin etməyib.

Müdafiə tərəfin digər vəkili Şəhla Hümbətova özünümüdafiə üçün istintaqın İntiqam Əliyevin evindən və ofisindən müsadirə etdiyi sənədlərə ehtiyacları olduğunu, lakin istintaqın bitməsinə baxmayaraq, sənədlərin onlara qaytarılmadığını bildirib: “Biz prokurorluğa müraciət etmişik ki, ofisdən götürülən sənədlər, flaşkalar, kompüterlər bizə qaytarılsın. Lakin müraciətimizə müsbət cavab almamışıq. Ona görə də məhkəmədən xahiş edirik ki, həmin sənədləri bizə təqdim etsin”.

Hakim bildirib ki, müdafiə tərəfi ehtiyacı olan sənədləri adla məhkəməyə bildirərsə, məhkəmə həmin sənədləri vəkillərə təqdim edə bilər. Müdafiə tərəfin vəkili Cavad Cavadov  etiraz edib: “Möhtərəm hakim, istintaq axtarışı vaxtı İntiqam Əliyevin evindən və ofisindən götürülən bütün sənədlər bir-bir qeydə alınmalı idi. Lakin bu, baş verməyib. Sənədlər və digər əşyalar qeydiyyata alınmadan götürülüb. Bizə lazım olan sənədlərin adlarını biz də əzbər bilmirik”.

Vəkilin çıxışını hakim gülüşlə qarşılayıb. Hakimin gülüşünə  isə İntiqam Əliyevdən belə reaksiya gəlib: “Vəkilimin dediyində güləcək bir şey yoxdur. Ona qalsa, mən də sizə gülə bilərəm. Sizin bu məhkəmə məhkəmə yox, məzhəkədir. Beynəlxalq hüquq bir tərəfədə qalıb. Sizin vəsatətləri təmin etməməklə bağlı dedikləriniz mənə çox qəribə gəlir. Anar Məmmədovun işində istintaq bitəndən sonra bütün materiallar Anar bəyə təqdim olunmuşdu. Görünür, indi şərtlər daha da sərtləşdirilib ki, istintaqın bitməsinə baxmayaraq, qanunsuz olaraq, materialları bizə qaytarmırlar. Hakimiyyət mənim əl-qolumu bağlayıb. Üzərimə top-tüfənglə gəlir. Mən də deyirəm ki, heç olmasa, qollarımı aç, səninlə döyüşə bilim. O sənədlər mənə özümü müdafiə üçün lazımdır”.

Hakim bildirib ki, vəkil Şəhla Hümbətova istintaqda qalan sənədlərlə bağlı  məhkəməyə yazılı şəkildə müraciət edəndən sonra məhkəmə bu məsələyə baxacaq.

Müdafiə tərəfi Ədliyyə Nazirliyinin Dövlət Reystr Xidmətindən qeydiyyat kitabını tələb etdiklərini, lakin ala bilmədiklərini bildiriblər. Ona görə də, vəkillər hakimdən bu kitabı almaqla bağlı məhkəmə qarşısında vəsatət qaldırıblar.  Dövlət ittihamçısı hələlik bu vəsatəti təmin etməyə ehtiyac olmadığını qeyd edib. Hakim vəsatəti təmin etməyib.

Daha sonra zərərçəkmiş Əfsanə Orucova ifadə verib. Onun çıxışı zamanı müdafiə tərəfin vəkillərinin sualı səs-küyə səbəb olub. Müdafiə tərəfin vəkili Elçin Sadıqov zərərçəkmişdən məlum bank hesabından başqa hesabının olub-olmadığını soruşub. Zərərçəkmiş “yox” cavabı verib. Lakin Elçin Sadıqov məhkəməyə zərərçəkmişin digər bank hesabının olduğunu sübut edən sənədi məhkəməyə təqdim edib.  Və zərərçəkmişdən bu hesab haqda soruşub. Lakin məhkəmə sədri və zərərçəkmişin bacısı Gülşən Orucova prosesə müdaxilə ediblər. Məhkəmə şahidə özü sual vermək istəyib. İntiqam Əliyev buna etiraz olaraq, hakimə bildirib: “Siz elə bilirsiniz ki, siz hakimsiniz deyə, ürəyiniz istədiyi vaxt prosesə müdaxilə edə bilərsiz? Sizin mənim vəkillərimlə şahid arasındakı dialoqa müdaxilə etmək səlahiyyətiniz yoxdur”.

Zərərçəkmişin verəcəyi cavabdan narahatlığı sezilən Gülşən Orucova zaldakı jurnalistləri və iştirakçıları hədəf alaraq, qarşıdurma yaradıb. O, jurnalistləri təhqir edərək, hakimə “Burada bəzi üzdəniraq jurnalistlər var. Məni tanımadan haqqımda nə gəldi danışırlar” – deyib.  Hakim bu təhqirə reaksiya verməyərək, zaldakıları sakit olmağa çağırıb. Zalda oturan iştirakçılar Gülşən Orucovaya “İntiqam müəllimin çörəyi sənə haram olsun, harda işləmisən, hər yerdən oğurluq etmisən” – kimi cavablar veriblər. Bu zaman Gülşən Orucova üzünü zaldakılara tutaraq, “Hamınız ermənilərə işləyirsiz. Atanız, ananız, bacınız, qardaşınız bəlli deyil” – deyib. Zərərçəkənin vəkili N.Heydərov isə jurnlaistlərə üzünü tutaraq, nalayiq söyüşlər söyüb. Qarşıdıruma zamanı hakimlər zalı tərk edib. Nəzarətçilər iştirakçıları zaldan çıxarıblar. Proses bu şəkildə yekunlaşıb.

Məhkəmə martın 17-nə təxirə salınıb.

Ana səhifəXəbərlərİntiqam Əliyevin məhkəməsində dava düşdü