Şikayət məktublarının Təcridxanadan kənara çıxarılmasına yasaq qoyulub
8 sentyabrda vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquqşünas İntiqam Əliyevlə görüşüb. İ. Əliyevin vəkillərinə təqdim etmək üçün hazırladığı sənədlər yenə senzuradan keçirilib və ondan alınıb. Bu barədə vəkil F.Namazlı Meydan TV-yə məlumat verib. “6-7 sentyabrda Təcridxananın rəis müavini Fəqan müəllim İ. Əliyevlə görüşüb və hüquqşünas onun yazışmalarına qoyulan senzura və məhdudiyyətlərin qanunsuzluğu ilə bağlı rəis müavininə etirazını bildirib. Təcridxana rəhbərliyi təqsirləndirilən şəxslərdən konkret cinayət işi ilə bağlı olmayan bütün sənədləri – ərizə, şikayət, müraciətləri, o cümlədən Təcridxanada baş verən pozuntularla bağlı şikayət, ərizə və müraciətləri əllə yazıb, Təcridxananın yalnız dəftərxanası vasitəsi ilə ünvanlarına göndərməyi tələb edir. Həmin sənədlərin kompyüterdə yığılaraq vəkillə birlikdə imzalanmaqla ünvanlarına göndərilməsinə yasaq qoyulub”.
Vəkil deyib ki, sənədlərin həcmi böyük olduqda və onların bir neçə ünvana göndərilməsi nəzərdə tutulduqda təqsirləndirilən şəxs 10-15 səhifəlik sənədi əllə 2-3 dəfə üzünü köçürmək məcburiyyətində qalır. Bu sənədlərin qeydiyyatı və ünvanına göndərilməsi barədə təqsirləndirilən şəxslərə heç bir məlumat, bildiriş və ya qəbz verilmir. “Amma “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanun” və “Daxili İntizam Qaydaları”na görə Təcridxana bu cür sənədlərin qeydiyyata alınması barədə məlumatı təqsirləndirilən şəxslərə təqdim etməlidir”-deyə vəkil bildirib.
Vəkil əlavə edib ki, sənədlər Penitensiar Xidmətlə və ya həssas mövzularla bağlı olduqda onların ünvanlarına çatdırılmadığı hallar da olur.
Fariz Namazlı təqsirləndirilən şəxslərin vəkilləri ilə yazışmalarına qoyulan bu məhdudiyyətlərin həm ölkə qanunvericiliyinə, həm bə beynəlxalq müqavilələrə zidd olduğunu bildirib. O qeyd edib ki, biz bu məsələni sona çatdırmaq fikrindəyik və pozuntu ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırıq.
Vəkil bildirib ki, siyasi məhbusların söylədiyinə görə Təcridxanada son bir neçə gün gecə-gündüz təmir işləri gedir. Dünən məhbuslara təmiz yataq dəstləri paylanılıb, korpusların divarları, görüş otaqları rənglənir, kameraların qarşısında məcəllələr və qanunvericilik aktları qoyulan stollar yerləşdirilir. “Çox güman ki Təcridxanaya böyük kalibrli qonaqların gələcəyi gözlənilir. Onların haradan – Avropa Şurasından, yoxsa hər hansı digər yerdən olacağını dəqiqləşdirmək mümkün olmadı” -deyə vəkil əlavə edib.