Hüquqşünas vəkillərindən sualları dayandırmağı istədi
Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə hüquqşünas İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə çıxış edən İntiqam Əliyev öncə ötən məhkəmədə baş verənlərə görə zaldakı iştirakçılardan üzr istəyib:
“Ötən dəfə yaşananlara görə öz adımdan zaldakı iştirakçılardan üzr istəyirəm. Və məhkəmədən xahiş edirəm ki, prosesin daha böyük zalda keçirilməsini təmin etsin. Çünkü adamlar küçədə gözləməyə məcbur olurlar. Bizdə olan məlumata görə, böyük zal boşdur. Daha sonra bir daha vurğulamaq istəyirəm, mən sizin hakimliyinizə etiraz edirəm. Ötən dəfə siz qanunsuz olaraq, dindirməni dayandırdınız. O dəfə baş verənlər açıq-aşkar provakasiya idi. Zərərçəkmiş dindirilərkən, siz açıq-aşkar müdafiə tərəfi və zərərçəkmiş arasındakı çəkişməyə müdaxilə etdiniz. Hakimin bu çəkişməyə müdaxilə etmək hüququ yoxdur. Avropa Məhkəməsində bununla bağlı neçə-neçə göstərişlər var. Bütün bunlar sizin qərəzli olduğunuzu göstərir. Bilirsiz, onsuz da sizin yerinizdə hansısa başqa bir hakimin oturması heç nəyi dəyişməyəcək. Siz olmayın, başqası olsun. Mənim haqqımdakı qərar artıq verilib. Amma buna baxmayaraq, mən yenə də ölkədəki məhkəmə sisteminə etiraz olaraq, sizin bu işdən kənarlaşdırılmağınızı istəyirəm”.
Sonra məhkəmə sədrindən başqa digər hakimlər müşavirəyə gedərək, sədrin prosesdən uzaqlaşması məsələsinə baxıblar. Müşavirədən sonra hakimlər qərarı açıqlayıblar. İntiqam Əliyevin hakimə etirazı Azərbaycan Respublikası Cinayət –Prossesual Məcəlləsinin 109.1-ci bəndinə zidd olduğundan, etiraz baxılmamış sayılıb. Daha sonra hakim prosesi davam edərək, ötəndəfəki prosesdə çıxışı yarımçıq saxlanılan zərərçəkmiş Əfsanə Orucovaya söz verib.
Müdafiə tərəfinin vəkili Şəhla Hümbətova Əfsanə Orucovadan soruşub: “Siz ötən dəfə dediniz ki, hesabınızdan pulları çıxarıb, bacınız Gülşən Orucovaya verirdiniz. O isə pulları İntiqam Əliyevə verirdi. Siz nə vaxtsa bacınızın İntiqam Əliyevə pul verdiyini görmüsünüzmü?”
Ə.O. – Mən pulu bacıma verirdim. O da İntiqam müəllimin otağına girirdi.
Ş.H. – Siz konkret bacınızın İntiqam Əliyevə pul verdiyini görmüsünüzmü? “Hə” və ya “yox” cavabı verin zəhmət olmasa.
Ə.O. – Mən görürdüm ki, bacım İntiqam Əliyevin otağına girir.
Zərərçəkmişin bu cavabına yan hakimlərdən biri etiraz edərək, Gülşən Orucovaya deyib:
“Xanım, siz burada niyə bu qədər uzunçuluq edirsiniz? Vəkil sizə konkret sual verir. Görmüsünüzsə, deyin ki, görmüşəm. Görməmisinizsə, deyin ki, görməmişəm”.
Daha sonra Gülşən Orucova bacısının İntiqam Əliyevə pul verdiyini heç vaxt görmədiyini deyib.
Müdafiə tərəf növbəti suallar verməli olsa da, İntiqam Əliyev sualları saxlayıb:
“Bilirsiniz, mən uzun illər məhkəmələrdə iş aparmışam. Hüquqlarını müdafiə etdiyim şəxslərdən indi bu zalda olanlar da var. Məsələn, Əvəz Zeynallı, “Nida”çılar, Yadigar Sadıqlı, Anar Məmmədli və digər bu qəbildən olan şəxslər proseslərdə özlərini müdafiə edəndə, sübut etməyə çalışandakı yox, haqlarındakı ittihamlar əsassızdır, mən təəccüblənirdim. Məsələn, mən çox təəccüblənirdim ki, axı niyə İlkin Rüstəmzadə heykəli təhqir etmədiyini, bunun mümkünsüz olduğunu sübut etməyə çalışırdı? Axı dünyanın heç bir yerində, kimisə heykəli təhqir etdiyinə görə həbs etmirlər. Mən ona görə təəccüblənirdim ki, axı bu tip işlərdə qərarın çoxdan verildiyi hamımıza aydındır. Burada oturan hər kəs bilir ki, bu işin sonu necə olacaq. Mənim özümə indi də söz göndərirlər ki, əlimizdən heç nə gəlmir, bizlik deyil və s. 20 ildir görə-görə gəlirik. Bu tip işlərdə qərarı hakimlər yox, başqaları verir. Ona görə də vəkillərimdən xahiş edirəm, sualları dayandırsınlar. Bu qadın da mənim onun bacısına pul verdiyimi heç vaxt görmədiyini deyir. Məncə, bu qadın sadəcə bacısının qurbanıdır. Bir daha vəkillərdən xahiş edirəm, sualları dayandırsınlar”.
Daha sonra zərərçəkmiş Gülşən Orucova hakimdən söz istəyib:
“Ötən dəfə gedib, mənim haqqımda öz istədikləri kimi yazıblar. Guya mən kimə isə “erməni” demişəm. Belə bir şey olmayıb. Mən çox yaxşı bilirəm. Mənim şəxsi həyatım haqqında xəbərlərin, şəkillərimin yayılması birbaşa İntiqam Əliyevin sifarişidir. Ona görə də mən İntiqam Əliyevlə e-mail yazışmalarımı sizə oxumaq istəyirəm. Baxın, bu yazışmalarda İ.Əliyev mənə deyir ki, boş əmək kitabçalarında sənədləri işləyib, bitirim. Orada işçi yerinə başqa adamın adını yazmağın mümkün olduğunu qeyd edir. Nə qədər ki, İ.Əliyev mənim şəxsi həyatım haqda xəbərlərin yazılmasına imkan verəcək, mən də bu yazışmaları burada oxuyacağam. İntiqam Əliyev özü çox yaxşı bilir ki, o, niyə həbs olunub”.
İntiqam Əliyev G.Orucovanın oxuduğu məktuba belə reaksiya verib:
“Biz ötən dəfələrdə də dedik ki, bizim kompyuterlərimizi gətirsinlər, biz də açıb, o yazışmalara baxaq. Xanımın oxuduğu məktub adi bir iş yazışmasıdır. Üstəlik, mənə aid olub-olmadığını da bilmirəm. Bu yazışma ictimaiyyət arasında səhv anlaşıla bilər. Ona görə də, mən tələb edirəm ki, istintaq bizim kompyuterlərimizi qaytarsın, burada baxış keçirək. Görək, mənim yazdığım hər hansı bir maildə fəaliyyətimin qanunsuz olduğunu sübut edən nə isə varmı? Bir şeyi də deyim. Xanım iddia edir ki, onun haqqında yazılanları mən sifariş edirəm. İctimayyət bunu səhv anlaya bilər”.
Hakim İ. Əliyevin fikirlərinə “Məhkəmə belə hesab etmir ki, baş verənlər sizin sifarişiniz olub” -deyə, cavab verib.
Daha sonra vəkil Ş.Hümbətova İntiqam Əliyevin evindən və ofisindən müsadirə olunan və istintaqın yekunlaşmasına baxmayaraq, geri qaytarılmayan sənədlərin siyahısının qaytarılması ilə bağlı vəsatəti məhkəməyə təqdim edib. Vəsatətlə bağlı zərərçəkmiş Orucovalar qərarı məhkəmənin öhdəsinə buraxıblar. Digər zərərçəkmiş Sadiq Bağırov vəsatətin təmin olunmasını istəyib. Prokuror da hakimə vəsatətin təmin olunmasında problem görmədiyini bildirib. Hakim vəsatəti təmin etdiyini və sənədləri geri qaytarması üçün onları isitintaqa göndərəcəyini bildirib.
Sonra müdafiə tərəfinin vəkili Şəhla Hümbətova növbəti vəsatəti qaldırıb:
“Biz ötən dəfə də bildirdik ki, Ədliyyə Nazirliyinin Dövlət Reyestr kitabının bizə təqdim olunması ilə bağlı nazirliyə müraciət etmişik. Lakin onlar sorğumuzu təmin etməyiblər. Məhkəmədən xahiş etdik ki, nazirlikdən bu reyestr kitabını o alsın. Lakin bu vəsatətimiz baxılmaq üçün sonraya saxlanıldı. Bu kitab bizə nəyə görə lazımdır? İntiqam Əliyevə qarşı irəli sürülən əsas ittiham odur ki, o, qeydiyyatdan keçirilməmiş qrant layihələri əsasında pul mənimsəyib. Halbuki, o reyestr kitabçasında bütün bu layihələrin qeydiyyatdan keçdiyi qeyd olunub. Bu materiallar Ədliyyə Nazirliyinin rəsmi saytında da qeyd olunurdu. Konkret İ.Əliyevin həyata keçirdiyi 13 qrant layihəsinə nəzər salaq. Bunlardan 7-sini bir kənara qoyuram. Çünkü bu 7 layihə 2009-cu ilə qədər baş tutmuş layihələrdir. 2009-cu ilin dekabrına qədər həyata keçirilən qrant layihələrinin qeydiyyatının vacib olması ilə bağlı qanun olmayıb. Bu qanun 2010-cu ildən qüvvədə olub. 2010-cu ildən İ.Əliyevin təşkilatının həyata keçirdiyi bütün layihələrin qeydiyyatı isə Ədliyyə Nazirliyinin saytında var idi. Hazırda bu qeydlər saytın rəsmi səhifəsindən silinsə də, “Google”də qalıb. Biz Google vasitəsi ilə həmin materialları çıxarmışıq. Orada yalnız 2 layihənin qeydiyyatı göstərilməyib. Ona görə ki, o layihələr 2013-cü ilin 2-ci yarısında həyata keçirilib. O vaxtdan isə vətəndaş cəmiyyətinə təzyiqlər başladığından, nazirlik rəsmi saytında bu məlumatları göstərməyib. Digər sənədlərin qeydiyyatını isə sizə təqdim edirəm. Bu sənədlər nazirliyin rəsmi saytının məlumatıdır. Bu sənədləri Azərbaycanda Notariatı təsdiqləmədəyi üçün, Gürcüstanda Notariatdan da keçirmişik. Xahiş edirik ki, bu sənəd Ədliyyə Nazirliyinin rəsmi reyestr sənədi kimi qəbul olunsun”.
Vəkilin çıxışından sonra çıxış edən İntiqam Əliyev Ədliyyə Nazirliyini saxtakarlıqda ittiham edib: “Vəkilimin dedikləri bir daha sübut edir ki, nazirlik QHT-lərə qarşı düşmən mövqedədir. Konkret QHT-lər var ki, onlar Ədliyyə Nazirliyinin “qara siyahı”sındadır. Bu, təkcə mənim işimə yox, Rəsul Cəfərovun və digər QHT –çilərin işinə aiddir. Nazirlik qeydiyyatını apardığı layihələri qeydiyyatda olmayıb adı ilə açıqlayır. Bu, bir daha sübut edir ki, Ədliyyə Nazirlyi də bu saxtakarlığın içindədir”.
Müdafiə tərəfin vəsatəti ilə bağlı hakim prokurorun fikrini soruşub. İkinci bildirib ki, o, sənədlərə baxıb, növbəti prosesdə vəsatətin təmin edilib-edilməməsi ilə bağlı münasibət bildirəcək.
Zərərçəkmişlərdən biri-Gülnar Mehdiyeva xəstə olduğundan prosesdə iştirak edə bilməyib. Buna görə də hakim məhkəməni təxirə salıb. Proses martın 31-də davam edəcək.