İntiqam Əliyev: Günahsız tutulmuş adamın əfvində hər hansı humanizmdən söhbət gedə bilməz

Bunlar olmasa, həbslər davam edəcək, yaxşı halda siyahı boşalacaq ,sonra yenə dolacaq və milli barışıq, dialoq, islahat şüar, baş qatmaq vasitəsi olaraq qalacaq

Source:

“Günahsız insanların tutulduqları gündən haqq etdikləri azadlığını humanizm kimi təqdim edib bir nəfərə minnətdarlıq etməli deyilik”

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, Siyasi Məhbuslar üzrə İşçi Qrupunun təmsilçisi İntiqam Əliyev ölkə başçısının martın 16-da imzaladığı Əfv sərəncamını Meydan TV-yə şərh edib.

İntiqam Əliyev deyib ki, hər zaman olduğu kimi budəfəki sərəncamdan sonra ikili hiss keçirir:

“Bir tərəfdən azadlığa çıxanlara görə sevinirsən, o biri tərəfdən həbsdə qalan çox sayda günahsız insanlara görə qanın qaralır. Azadlığa çıxanların heç bir cinayət törətmədikləri, fərqli baxışların daşıyıcıları olduqlarına görə həbs olunmuşdular, ölkədə ədalət hissini itirməyən böyük bir kəsim və sivil dünya onları siyasi məhbus sayırdı, azad olunmasını tələb edirdi. Bu həmrəyliyin nəticəsidir ki, dostlarımız azadlıqdadırlar. Ona görə də günahsız insanların tutulduqları gündən haqq etdikləri azadlığının əfv adı altında onlara minnətlə qaytarılmasını humanizm kimi təqdim edib bir nəfərə minnətdarlıq etməli deyilik. Günahsız tutulmuş adamın əfvində hər hansı humanizmdən söhbət gedə bilməz”.

İntiqam Əliyev həmçinin düşünür ki, bu adamların azadlığa çıxmasını vasitəçi olan qrupların öz adlarına yazması da çox ayıb işdir:

“Tut(dur)an bir nəfərdir, buraxdıran çox: həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda onların azadlığı üçün çalışan minlərlə, on minlərlə insan var. Minnətdarlıq da onlara düşür”.

İntiqam Əliyev hesab edir ki, günahsız insanların azadlığından oğurladıqları illərə görə onları tutduranladan haqq-hesab tələb etməkdə utanmamaq lazımdır:

“Tələbləri daha əzmlə və daha ucadan səsləndirmək gərək ki, həbsdə qalmaqda davam edən çox sayda digər günahsız insanlar da tezliklə ailələrinə qovuşsunlar. Həm də ona nail olmalıyıq ki, Avropa Şurasının üzvü olan ölkələrdə adamların siyasi motivlərlə həbsi kimi biabırçı təcrübəyə nəhayət, son qoyulsun. Bunun yolu hakimiyyət bölgüsündən, azad seçkilərdən, azad mediadan, müstəqil məhkəmələrdən, siyasi plüralizmdən, azadlıqlardan keçir. Bunlar olmasa, həbslər davam edəcək, yaxşı halda siyahı boşalacaq ,sonra yenə dolacaq və milli barışıq, dialoq, islahat şüar, baş qatmaq vasitəsi olaraq qalacaq”.

Prezident İlham Əliyevin

sərəncamı

ilə bu gün 399 məhbus əfv edilib. Onlardan 51 nəfəri siyasi motivlə həbs olunan hesab edilir.

Ana səhifəXəbərlərİntiqam Əliyev: Günahsız tutulmuş adamın əfvində hər hansı humanizmdən söhbət gedə bilməz