”İntiharların cavanlaşması həyəcan siqnalı verir”

Psixoloq: ”Məktəbli intihar haqqında düşündükdə istər-istəməz bunu hansısa formada bildirir”

Source:


Psixoloq: ”Məktəbli intihar haqqında düşündükdə istər-istəməz bunu hansısa formada bildirir”

2017-ci ilin ilk 17 günündə 32 nəfər intihara cəhd edib, onlardan 7 nəfəri sağ qalıb. Məlumatı “Facebook” istifadəçisi Cavid Qurbanov paylaşıb.

O, informasiya agentliklərinə istinadən intihara cəhd edənlərin kimliyini də qeyd edib. İntihar edənlərin 6-sı 18-25 yaşda, 12 nəfəri 25-40, 14-ü isə 40-83 yaşlılar arasındadır. Onlardan 11-i qadındır.

Yanvarın 18-də isə 4 intihar hadisəsi qeydə alınıb. Onlardan 2-ni xilas ediblər, 2-si ölüb. İntihar edənlərdən biri 6-cı sinif şagirdidir.

Daha öncə də uşaqların intihar etmə xəbərləri yayılırdı. Təkcə 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məlumatında belə deyilir.

Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report” bildirib ki, Azərbaycanda 2014-cü ildə 50, 2015-ci ilin ilk üç ayı ərzində 8 uşaq intihar edib. Bu, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 nəfər olub.



Uşaqların intihar etməsinə səbəb nədir?

Psixoloq Aysel İsgəndərli deyir ki, son zamanlar gün ərzində ən azı bir, ən çox 3-4 intihar xəbəri eşidirik. Səbəbindən asılı olmayaraq insan ölümü hamıya təsir edir. Ancaq intiharların get-gedə cavanlaşması, məktəblilər arasında qeydə alınması artıq həyəcan siqnalları verir:

“6-7-ci sinif şagirdlərinin intiharları gündəlk xəbərlərdə adi hal almağa başlayıb. Ümumiyyətlə, uşaqlarda 10 yaşından etibarən ölüm haqqında fikirlər formalaşır. İntihara cəhdlər isə yeniyetməlik dönəmindən başlayır. Fikir verin, intihar edənlərin çoxu qızlar, ancaq intihar nəticəsində həyatını itirənlər isə oğlanlardır. Qızlar daha çox diqqət çəkmək üçün bu yola əl atırlar. Təəssüf ki, bəzən bu ölümlə də nəticələnir”.



“Ən təhlükəlisi ailədə intihara cəhd edənin olmasıdır”

Uşaqların intiharlarının səbəbinə gəlincə, Aysel İsgəndərli deyir ki, bu ailədəki münaqişələr, valideynlərin boşanması, ailədə intihara cəhd edənin olması, yaxınlarından birini itirmə, məktəbdə yaşanan gərginlik və s. bağlı ola bilər. Ən əsas təhlükəli hesab edilən isə ailədə intihar edənin və ya buna cəhd edənin olmasıdır:

“Çünki uşaq onu nümunə olaraq götürür. Yaxınını itirən zaman isə fikirləşir ki, ölərsə həmin insana qovuşa bilər. Bəzən isə sırf diqqətin üzərində olması, ailəsinin onun itirmə qorxusunu yaşaması üçün intihar edir uşaqlar”.



“Məktəblərdə psixoloq kimi çalışanların çoxu qeyri-ixtisas sahibləridir”

Psixoloq bildirir ki, yeniyetməlik dönəmi olduqca emosianal, fikirlərin qarışdığı vaxtdır. Bu dönəmdə istər ailələr, istərsə də müəllimlər diqqətli olmalıdırlar. Çünki bəzən ailədə yaşanan balaca bir gərginlik yeniyetmənin dünyasında böyük bir ağırlığa çevrilir:

foto sosial şəbəkə

“Avropa ölkələrində də məktəblilərin, yeniyetmələrin intiharına rast gəlinir. Ancaq bizdən fərqli olaraq onlarda məktəblərdə fəaliyyət göstərən psixoloqlar bu gəncləri xüsusi diqqətdə saxlayırlar. Ailə ilə söhbətlər aparır, məktəblinin evdəki durumu ilə maraqlanır. Lazım gəldikdə isə psixiatra müraciət etmələri gərəkdiyini və ya məktəbli ilə terapiya aparılmalı olduğunu deyirlər. Bizdə məktəblərdə psixoloq kimi çalışan şəxslərin çoxu qeyri-ixtisas sahibləri olur”.



“Məktəbli intihar haqqında düşünəndə bunu hərəkətləri və ya başqa formada bildirir”

Aysel İsgəndərli deyir ki, Bakı üzrə tək-tük məktəbdə psixoloqların şagirdlərlə həqiqətən çalışdığını eşidib:

“Bu çox gözəl effekt də verir. Məktəbli intihar haqqında düşündükdə istər-istəməz bunu ya hərəkətləri ilə, ya da hansısa başqa formada bildirir. Obrazlı desək, “məni xilas edin” deyir. Məhz buna görə istər ailə, istər müəllim, istərsə də məktəb psixoloqu onun hərəkərlərinə, danışdıqlarına və fikirlərinə diqqətli yanaşılmalı, uşağa peşəkar yardım göstərməlidirlər”.

Ana səhifəXəbərlər”İntiharların cavanlaşması həyəcan siqnalı verir”