İntihara məcbur edən səbəblər…

Source:

Azərbaycanı intiharlar cənginə alıb. Az qala hər gün məmləkətimizin xəbər xətti bu barədə məlumatlarla başlayır və bitir. Görünən odur ki, cəmiyyətimiz belə məlumatları yanız paylaşmaqla işini bitmiş hesab edir. Bu istiqamətdə real mənzərəni əks etdirən nə bir araşdırmaya, nə də cəmiyyətimizin narahatlığını ifadə edə biləcək bir geniş müzakirəyə rast gəlinmir. Müqayisə üçün deyim ki, yaşadığım Niderland Krallığında keçən il bir məktəblinin intiharı ölkə parlamentinin gündəliyinə çıxarılmaqla ölkəboyu geniş müzakirələrə səbəb olmuş, həmin hadisənin təkrarlanmaması üçün cəmiyyətin bütün müvafiq resursları işə salınmışdı.

İntihar nədir, onun kökündə nələr dayanır, dünyada bu problemə hansı yanaşmalar var, onun qarşısını necə almaq olar, prosesdə dövlətin və vətəndaş cəmiyyətinin vəzifələri nədən ibarət olmalıdır? Bu yazıda qeyd edilən suallara cavab axtarmağa cəhd edəcəyik.


İntihar nədir?

İntihar şəxsin öz həyatına şüurlu şəkildə, yəni qəsdən son qoyma hadisəsinə deyilir. Buna özünüöldürmə və yaxud elmi ədəbiyyatda beynəlxalq termin olaraq “suisid” deyilir. İntihar üçün səbəb həmişə aydın deyil. Bu şəxsin hissi və psixi vəziyyətilə əlaqədar və yaxud onun ətrafında baş verən sosial səbəblərin təsirindən baş verə bilər. Bəzən intihar edən öz dilindən, onu intihara məcbur edən səbəblər barədə yazılı izahat da saxlayır.

Konkret intihar hadisəsi hüquqi qiymət tələb edir. Bununla istintaq orqanları məşğul olur. Amma belə hadisələr, hazırda Azərbaycanda olduğu kimi kütləvi hal alırsa, buna tək hüquqi qiymət vermək yetərli hesab edilə bilməz. Bu artıq sosial problem kimi qəbul edilir və özünüqoruma instinkti olan cəmiyyətlər bu barədə öz resurslarını mobilizə etməyə sadəcə borclu olurlar. Belə ki, intiharetmə neqativ proses olaraq cəmiyyətin bütövlükdə mövcüdluğu üçün təhlükəli hesab edilir.

İntiharı fərdi akt hesab edirlər. Bəzən müəyyən dövrdə yaşama (zaman baxımından digər vaxtlarla müqayisədə), müəyyən qrupa mənsub olma (etnik, milli, dini, sosial və s.) da intiharların statistikasına təsir edən amillər hesab edilir.

O da xüsusi olaraq qeyd edilməlidir ki, müasir dünyada yayılmış əksər dinlər intiharı qadağan edir.


 İntiharın səbəbləri

Məşhur Fransa sosioloqu Durkheim özünün “Le suicide” əsərində göstərirdi ki, intiharların əsas səbəbi fərdin cəmiyyətə inteqrasiya oluna bilməməsilə bağlıdır. İnteqrasiyadan kənarda qalmanın izahı kimi Durkheim şəxsin sosial dairələrdə təmsil olunmaması (söhbət dini, siyasi, mədəni, sosial tipli təşkilatlardan gedir), qrup əlaqələrin zəifliyi, onun ailə vəziyyəti, şəxsə aidiyyəti olan siyasi proseslərdən onun kənarda qalmasını göstərirdi.

İntiharın psixatrik, psixoloji, genetik, fiziki-bioloji səbəbləri ola bilər. Belə hallar insan cəmiyyətinə xasdır və dünyanın hər yerində təsadüf edilir. Onların miqyası o qədər cüzidir ki, normalda onlar barəsində xəbər xətlərində yer ayrılmır. İntiharların bu gün müşahidə edilən formada Azərbaycan gündəminə gəlməsinin səbəbləri heç də sadalanan səbəblər deyil. Bu gün intiharın bu formada kütləviləşməsinin, gündəlik olaraq ölkənin xəbər xəttindən düşməməsinin səbəbləri əsasında siyasi və iqtisadi faktorlar duran sosial vəziyyətlə bağlıdır, buna da sosial səbəblər deyilir.

Qərb sosiologiya elminə görə sosial varlıq olaraq insan daim ixtiyarını (muxtarlığını) əlində saxlamaq uğrunda mübarizədədir. Bunun sərhədləri üç amillə müəyyən edilir:


1)

sabah (gələcək) üçün məqsəd;


2)

həmin məqsədlərin realizəsi üçün mövqe və vasitə;


3)

məqsədi və sərəncamda olan vasitələri uzlaşdırmaqla digər insanların davranışına təsir etmə imkanı.

Yeri gəlmişkən, “ixtiyar” anlayışına Azərbaycan poeziyasında da rast gəlinir. Məhəmməd Füzuli deyirdi ki,

Mən gövhərəm, özgələr xiridar,

Məndə deyil ixtiyari-bazar…

Olsaydı mənim bir ixtiyarım,

Olmaz idi səndən özgə yarım!

Öz ixtiyarını (hakimiyyətini) əldə saxlamaq üğrunda mübarizədə insan təbii amillərlə, cəmiyyətlərarası və konkret cəmiyyətin özündə gedən proseslərlə üz-üzə dayanır. Bu proses həmişə arzuedilən formada baş vermədiyindən o (proses), bəzən fərd üçün riskli və təhlükəli situasiyaya gətirib çıxarır. Qorxu və təhlükə fərdin cəmiyyətdən razı qalmasına, onun özünürealizə və çiçəklənmə imkanlarına kölgə salan an o (fərd), özünü ixtiyarsız sanır, mənini necə deyərlər evdə hiss etmir və öz varlığını mənasız hesab edir. Həmin an fərd özgələşir. Füzuli demişkən: “Dövran ki, məni məzadə saldı, Bilmən kim idi satan, kim aldı?”.

 Özgələşmə elə bir prosesdir ki, bu zaman fərdlər ixtiyarlarını itirməklə inkişafa heç bir təsir edə bilməyəcəklərini düşünür, şəxsiyyətlərini itirmiş hesab edir, özlərini əmtəə (şey) səviyyəsində görür və bunu öz mənlərinə sığışdırmayaraq son qərarını verirlər.

İnteqrasiya çərçivəsindən kənarda qalma fərdi mənsub olduğu cəmiyyət üçün özgə birinə çevirdiyinə görə o, belə qərara sürüklənir. Bu qərar fərdin özü öz gələcəyilə bağlı ekstremal şəraitdə verdiyi qərardır.

Bu gün gələcəyi üçün əksər Azərbaycan insanı heç bir prespektiv görmür. Dövlət özünün ənənəvi vəzifəsini (cəmiyyətin birliyinə, cəmiyyət üzvlərinin inteqrasiyasına nail olma) yerinə yetirməkdə nəinki maraqlı görünmür, əksinə hər vasitə ilə cəmiyyətin birliyini dağıtmaq, fərdlərin cəmiyyətə inteqrasiyasına mane olmağa çalışır. Bu sosial-iqtisadi böhran zamanı daha kəskin xarakter alır. Belə situasiyalarda hökmran qüvvələrin öz hakimiyyətlərini itirmək qorxuları onları bu istiqamətdə daha sərt olmağa vadar edir.

Nəticədə fərd cəmiyyətdə yerini tapa bilmir. Bunun üçün Azərbaycandakı mövcud siyasi sistem hər şeyi edib. Ölkədə xəfiyyə sistemi ailə institutuna qədər işləyib. Bu gün yalnız siyasi baxışlarına görə ata oğuldan, bacı qardaşdan, ər arvaddan imtina edir. Siyasi motivlərə görə boşanma Azərbaycan cəmiyyəti üçün sanki çoxdanın həyat normasıdır. Kəndlərdə çayxana söhbətlərini belə xüsusi xidmət orqanları qeydiyyata almaq istəyir, onları kağıza köçürərək, xüsusi xidmət orqanının anbarına vurur. Problemlər burulğanında qalan insan üz-üzə dayandığı çətinlikləri hətta mənsub olduğu sosial qrupu ilə belə müzakirə etməkdən çəkinir. Belə şəraitdə o, nəinki özünün üzvü olduğu dini, ictimai birliyi ilə, hətta ailə üzvlərilə bağlarını itirir. O, öz üzərində ixtiyarını (muxtarlığını, hakimiyyətini) itirərək özgələşir və çıxış yolunu intihar etməkdə görür.

Fərdin intiharı cəmiyyətə verilən bir siqnaldır. Onun kütləviliyi artıq tək konkret fərdlərin deyil, həm də bütövlükdə cəmiyyətin özgələşməsini ifadə edən əsas indekatordur. Bu zaman əslində səbəblərin geniş analizinə ehtiyac qalmır. Bütün baxışlar mövcud siyasi sistemə yönəlir.


İntiharla mübarizə necə olmalıdır?

İntiharla mübarizə aparmaq onun barəsində danışmaqdan keçir. Peşəkarlar intihara gedən situasiyadan çıxış yolu kimi aşağıdakı addımları təklif edir:



1) ümidsizlik hisslərə səbəb olan situasiyadan yan keçmək üçün cəmiyyətin səfərbər olmalı və bu istiqamətdə yollar axtarmalıdır. Məsələn, problemin ən azı geniş müzakirəsinin təşkili və çıxış yollarını aramağa cəhd etmə. Bü gün Azərbaycanda az qala hər bir ailə “kredit” deyilən bir problemlə üz-üzədir. Bir toplum olaraq cəmiyyət bu problemə hamının diqqətini cəlb etməyə, az təminatların ondan xilas olma yollarını tapmağa kömək etməlidir.



2) fərdi səviyyədə özünə qayğı, yaxşı yemək, doyunca yatmaq, idmanla məşğul olmaq məsləhət görülür;



3) sosial əlaqlərin: ətrafdakı insanlarla əlaqələrin, barəndə pozitiv düşünən sosial şəbəkədən istifadənin genişləndirilməsi, tədbirlərə meyllilik, maraq dairəsinin artırılması, yeni xobbilər, yeni başlanğıclar, stresslə sağlam şəkildə davranma faydalı hesab edilir.

Sadalanan və sadalanmayan addımlar cəmiyyətdə sabahkı günə İNAMını motivasiya etməli, fərdə öz ixtiyarının geri qaytarılmasına vasitə olmalı, fərdin və cəmiyyətin özgələşməsinə son verməlidir. Bu, tək fərdin həyata yeni vəsiqəsi deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin sürətlə özgələşmədən xilas yoludur.

Beləliklə, intiharla ən yaxşı mübarizə fərdlərin ixtiyarlarının əllərindən çıxmasına şərait yaradan vəziyyəti aradan qaldırmağa nail olmaqdan keçir.



P.S.


Bu yazını bitirdiyim an Azərbaycanın xəbər xəttində intiharla bağlı növbəti informasiya yer almışdı: “Biləsuvar rayonunun Bəydilli kəndində orta məktəb müəlliməsi özünü asıb. Müəllimə intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib”…

Ana səhifəAnalitikaİntihara məcbur edən səbəblər…