İntihar edən LGBT fərdi: Gedirəm, bu dünya mənlik deyil

“Anama onu çox sevdiyimi söyləyin”

Source:
Dəfndən foto
Dəfndən foto


“Anama onu çox sevdiyimi söyləyin”

“Ümidin valideynləri çoxdan ayrılıb. O, ögey atası, anası və iki bacısı ilə birgə Gəncədə yaşayırdı. Doğma atası isə Bakıya köçüb. Ümid “Disney Land” uşaq oyuncaqları mərkəzində çalışırdı. Xüsusi geyimlərdə toy və ad günü şənliklərinə gedirdi. Ögey atası xərclərinə ciddi nəzarət edirdi. Ümidi ən çox sıxan problemlərdən biri də elə bu idi”.

Noyabrın 14-də Gəncə şəhərində intihar etdiyi bildirilən LGBT fərdinin dostları belə deyir.

Ümid onun əsl adı deyil, ləqəbidir. Aktivist Vahid Əli Gəncədə 17 yaşlı yeniyetmənin dostları ilə söhbətləşib və açıqlamalarının səs yazısını Meydan TV-yə çatdırıb.

Məni camaatın içində rəzil edirsən

Dostları deyirlər ki, Ümid həmişə pulunun olmamasından gileylənirmiş. Ögey atası çalışdığı yerin müdirindən onun gündəlik qazancını xəbər tuturmuş:

“Bütün pulunu əlindən alırdılar. Bəhanələri də o olurdu ki, guya qazancını geylərə xərcləyir. Bizimlə oturub-durması ailəsinin xoşuna gəlmirdi. Məsələn, bu yaxınlarda atasının bir dostu Ümidi küçədə geylərlə görüb. Həmin adam Ümidin atasına, Bakıya zəng edib bu barədə deyib. Atası da Ümidə zəng edib “səni gəlib öldürəcəm, məni camaatın içində rəzil edirsən. Artıq hər kəs bilir. Bu, mənə utancdır”, – deyib. Ümid bundan çox qorxmuşdu”.

Əlləri əsirdi, gözündən ixtiyarsız yaşlar axırdı

Ümidin ən yaxın dostu deyir ki, həmin zəngdən sonra onunla görüşüblər. Vəziyyəti çox pis imiş:

“Bəlkə də 10 il geri düşmüşdü. Əlləri əsirdi, gözündən ixtiyarsız yaşlar axırdı. Bu barədə anasına danışmasını dedim. Anası bazarda çalışırdı. Yanına getdi, atasının ona dediklərini söylədi. Anası ona “qorxma, atan sənə heç nə edə bilməz” – deyib sakitləşdirdi”.

Anama deyərsiniz ki, onu çox istəyirdim

Dostu Ümidi gördüyü son günü – dünəni xatırlayır. Deyir, görüşüb, söhbətləşib, xoş vaxt keçirəndən sonra hər kəslə vidalaşıb və evə gedib. Axşam saat 10 radələrində dostlarına vida ismarıcı yazıb və intihar edəcəyini deyib. Dostları ona inanmayıb və zarafat etdiyini düşünüblər. Təsəlli ismarıclarına, deyilən sözlərə reaksiya verməyib. Sonuncu dəfə saat 23:11-də onlayn olub.

“Hamımızla qucaqlaşıb, sağollaşdı. İntihar edəcəyi ağlımıza da gəlməzdi. Axşam saat 10 radələri idi. Ümid mənə və bir neçə dostumuza “mən gedirəm, bu dünya mənlik deyil”, – yazdı. Bizə mesajda fotosunu da atmışdı. Boğazında kəndir var idi. Zarafat etdiyini düşündük. Çünki daha öncə də bu cür zarafatlar etmişdi. Yenə də biz ona təsəlli verməyə başladıq. Dedik, işin-gücün var, bir az döz, az qalıb, 18 yaşın olanda azad olacaqsan. Hər şey indikindən yaxşı olacaq. Bizimlə razılaşmadı. “Anama deyərsiniz ki, mən onu çox istəyirdim”, – dedi. Daha sonra ona haqqımızı halal etməyimizi istədi. Ölümündə kimsənin günahının olmadığını, bunun onun öz dərdi olduğunu dedi”.

Hesabından fotosunu sildi və bağladı

Dostu Ümidlə yazışmalarından sonra onun 30 dəqiqəyədək onlayn olduğunu söyləyir. Ancaq o, heç bir mesaja cavab verməyib:

“Sonra fotosunu sildi və hesabını bağladı. Gecə saat 23:11-də hesabına son girişi olub. Axşam dostlarımızdan biri dedi ki, polisə müraciət edək, evlərinə gedək. Ancaq həmin dostumun valideyni “etməyin, bəlkə də o zarafat edir, başınızı ağrıtmayın. Polisə yanlış məlumat vermək düzgün deyil” – deyib, qoymadı. Evini də kimsə tanımırdı. Hətta mən onunla sonuncu yazışanda dedim ki, nolar, ananın nömrəsini ver, mən onunla danışım, səni sakitləşdirsin. Ancaq o, mənə cavab vermədi”.

Ailə üzvləri bizə qarşı aqressiv idilər

“Səhər oyandım ki, telefonuma 20-yə yaxın zəng gəlib. Lezbiyan rəfiqələrim nə qədər mesaj yazıb, zəng ediblər. Geri yığanda “yas yerindəyik, Ümid özünü asıb. Meyit ekspertizadadır, hələ gəlməyib, gələ bilirsənsə, gəl”, – dedilər. Hamımız şok vəziyyətində evlərinə getdik. Ailə üzvləri bizə qarşı aqressiv idi. Ögey atası qolumuzdan tutdu ki, otaqda durmayın, sıxlıq yaratmayın, çıxın bayıra. Biz birazca da qalıb, anasına başsağlığı verəndən sonra evlərindən çıxdıq”, – deyir, dostu.

Bu cəmiyyət bizi yaşatsa…

Sabah, noyabrın 16-da Ümidi torpağa verəcəklər. Dostları mərasimə getməyəcəklərini deyirlər:

“Bilirik ki, İsanın ölümü zamanı ailəsi tərəfindən geylərə necə aqressiya, şiddət vardısa, indi də belə olacaq”.

Ümiddən öncə, 2014-cü il, yanvarın 22-də Azad LGBT təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlı göy qurşağı bayrağını boğazına dolayıb, yaşadığı evdə özünü asmışdı. Onun ölümündən sonra Azərbaycandakı LGBT fərdləri və bu təşkilata dəstək olan tolerant insanlar həmin günü Azərbaycanda Homofobiya ilə Mübariz Günü kimi qeyd etdilər.

“Qərar vermişik ki, daha sonra biz özümüz qəbri üstə gedərik. Əgər yaşasaq, bu cəmiyyət bizi yaşatsa…”.

Faktla bağlı araşdırma aparılır

Gəncə Şəhər Polis İdarəsindən Meydan TV-yə intihar faktını təsdiqləyiblər. Bildiriblər ki, hazırda meyit Tibbi Ekspertiza Mərkəzindədir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda homoseksuallıq 2001-ci ildə

dekriminallaşdırılıb

.

2017-ci il sentyabrın son iki həftəsində 83 nəfər LGBT fərdi polisə aparılıb. Sonradan hüquq-mühafizə orqanları həbslərin fahişəliyə qarşı reydlərin nəticəsi olduğunu

qeyd edib

.

Saxlanılanlar hüquq-müdafiəçilərinə polis tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Beynəlxalq təşkilatların və ictimai fəalların reaksiyasından sonra saxlanılanlar sərbəst buraxılıblar.

Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub

Ancaq 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən prezident İlham Əliyev norveçli xanım deputatın LGBT ilə bağlı sualına belə cavab vermişdi:

“Azərbaycanda bütün qrup insanların hüquqları təmin olunub və heç bir məhdudiyyət yoxdur. Azadlıqlarla bağlı mövcud vəziyyət yəqin ki, sizin ölkənizdəki vəziyyətdən

fərqlənmir”

.

Ana səhifəXəbərlərİntihar edən LGBT fərdi: Gedirəm, bu dünya mənlik deyil