İntihar düşüncələri…

Ölkə gündəmini dağıdan “məmur arvadının intiharı” barədə isti-isti yaza bilmədim.

Source:

Ölkə gündəmini dağıdan “məmur arvadının intiharı” barədə isti-isti yaza bilmədim. Arif Allahverdiyev adlı həmin məmurun adını, əməllərini dəfələrlə hallandırmış olsam belə, məhz hadisə ərəfəsində çaşqın, yarımçıq təəssüratla yazmağın qeyri-etik olduğunu düşündüm. Saytlarda davamlı yerləşdirilən “Qəbələdə məmur arvadı özünü asdı” xəbərləri ürəyimi ağrıtdı. Azyaşlı uşaq anası gənc qadının acı taleyinə çox üzüldüm. Amma ha elədim, onun məhz azyaşlı övladını özünün baş edə bilmədiyi ortamda qoyub getməsinə haqq qazandıra bilmədim. Çünki az qala əlli yaşımda itirdiyim anamdan sonra üstümə çökmüş yetimlikdən mən yaşda adam hələ də əzilirəm. Yaşıdlarının yalnız xəyal edə biləcəyi təminata malik o uşaq isə bütün ömrü boyu hər şeyi ola-ola əslində dərin bir boşluğun işində çəkilməz, daşınmaz bir əskiklə “böyüyəcək”.

Arif Allahverdiyev yuxarıların gözünə girməkdə daha cevik, daha diribaş və bu məqsəd uğrunda hara və nəyə qədər desən gedəcək biri idi və şübhəsiz ki, əsasən bu xüsusiyyətləri onu Qəbələdə ən yumşaq desək, küllü-ixtiyar sahibinə çevirdi. Zaman-zaman “icra Arif” işarətinin sərt və geniş təsir dairəsindən yazsam da, məlum hadisədən sonra bu mövzunun artıq mənim üçün qapandığını duydum. Səbəb nə olur-olsun, o yerdə ki, anaların boynuna körpə qollar əvəzinə kəndir dolanır, o yerdə danışmağa adamın sözü qalmır. Hətta nəfəsi də tükənməyə başlayır.

Hərçənd bir həqiqət də var ki, söhbət hər xırda fürsətdə çörəyimizlə, ürəyimizlə, heysiyyətimizlə oynayan məmur sinfindən gedir. Bu sinifdə istisna olmaq üçün ariflərin nəinki şansları, heç arzuları, niyyətləri də yoxdur. Əksinə, qulluq etdikləri rejimin “əlaçısı” olmaq üçün çarəsiz kütləyə çevrilən xalqı daha canfəşanlıqla daha çox sıxmağa, boğmağa çalışacaqlar. Nəticədə duyğusuz və acımasız məmur sinfindən mərhəmət ummağa dəyməz. Bəs illərlə haqsız-hesabsız o sinfin arxa sıralarına məhkum edilmiş xalq kütləsinə ümid etməyə dəyərmi? Pafos olsa da, ümid də var, yaşam səbəbi niyə olmasın?

Ölkəni bürüyən intihar epidemiyasının səbəbləri və fəsadları saytlarda ötəri manşet, sosial şəbəkələrdə gündəlik müzakirə olmaqdan savayı rəsmi ünvanlarda ciddiyə alınmadı. Dövlət strukturları bir yana, dünyanın ən mənasız söhbətlərini aparan “yetim” deputatlar belə bu mövzunu dillərinə gətirməyə ehtiyac görmədilər. İntiharların yalnız sosial səbəblərdən törəndiyinə və bu üzdən də bəlanın öz əhatə dairələrindən yan keçəcəyinə əmin olduqları üçünmü? Amma bildiyimiz kimi ötən həftələrdə bir məmur arvadı adamların yalnız maddi sıxıntılara görə deyil, başqa səbəblər üzündən də bezib canlarına qıya biləcəklərini sübut edərək varlı-hallı allahverdiyevlər ailəsini də intihar siyahısına qatdı. Ona qədər və ondan sonra da bu siyahıda dəyişiklik edənlər olub, yenə ola bilər də.

Amma bu cür gedişlə bütöv yaxın-uzaq ətrafı yandıran o nakam xanım gəlin başqa bir insan imiş…

Kimsə heç nədən sığortalanmayıbsa, bircə məsələdə ortaq nöqtəyə gəlib bütün növ intiharlara “yox” deməyin vaxtı çatmayıbmı? Heç deyilsə ölkəni gəzən “könüllü” ölüm kabusuna qarşı çıxmaqla vicdanımız bir az rahatlayardı. Kim bilir, bəlkə bu yolla kiminsə əlindən öz həyatını xilas etmək də mümkün olardı.

Sonda:

Hər hansı şəkildə həyatdan getmək inadımız bizi təmənnasız sevən bircə nəfərə belə bir ömür acı çəkdirəcəksə, heç olmasa o nəfər üçün dirənək. Yoxsa qərarımız özümüzün deyil, onun ölüm hökmünə yönələcək. Biz qatil deyilik axı. Həm də sevdiklərimizin və sevənlərimizin qatili…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİntihar düşüncələri…