İnternat məzunlarının mənzil problemi: “Ayrı-seçkilik var”

Foto: Trend

“Əvvəl məzunu olan uşaqlar var ki, vaxtilə rüşvət veriblər”

Müğənni Roza Zərgərlinin qəyyumluğa götürdüyü oğlu Corc Qafarova Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil verilməsi ictimaiyyətdə müzakirə və etirazlara səbəb olub.

Narazılıq – illərlə ev növbəsində dayananların, mənzilə ehtiyacı olanların kənarda qalması ilə əlaqədardır.

İddiaya görə, agentlik mənzil təqdim edərkən ayrı-seçkiliyə yol verib, müraciət edənlər arasında düzgün seçim aparılmayıb, ictimaiyyətə internat məzunlarının siyahısını açıqlamayıb.

Müzakirə və etirazların ardından Sosial Xidmətlər Agentliyi məsələyə münasibət bildirib. Həmçinin mənzil alan internat məzunları ilə bağlı siyahı təqdim edib.

Bildirilib ki, 360-dan çox internat məzununa agentliyin layihəsi olan “Məzun evi”ndə mənzil verilib.

2021-ci ildən etibarən bu rəqəm ümumilikdə 600 nəfəri əhatə edib.

Roza Zərgərli oğlu Corc Qafarovla. Mənbə: “oxu.az”

Maştağadakı 1 nömrəli tam orta internat məktəbini səkkizinci sinifə qədər oxuyan 1980-ci il təvəllüdlü Əfsanə Xudaverdiyeva ev növbəsinə dayansa da, ona mənzil verilməyib.

Ona deyiblər ki, mənzillə yalnız internat məktəbini tam bitirənlər təmin olunurlar:

“Biz uşaqkən atam anamdan ayrılıb. Anam bizi internata qoyub. Özü də süpürgəçilik edirdi. Səkkizinci sinfə qədər internatda olmuşam. Sonra biləndə ki anam xəstədir, gəlib, onun qulluğunda dayandım. Çünki onun çay-çörəyini hazırlayan kimsə yox idi. Anama qulluq edəndən sonra təbii ki, təkrar internata qayıdırdım. Çünki gedəcək yerim yox idi. İnternatda mənə deyilməmişdi ki, mənzil almaq üçün məzun olmaq lazımdır”.

Əfsanə Xudaverdiyevanın vətəndaş nikahından bir oğlu var. Dediyinə görə, hökumətdən hər hansı sosial yardım almır:

“Hazırda oğlumla küçələrdə, onun-bunun qapısında qalmışam. Nə olsun ki, məzun deyiləm. Dövlət bu evi yetim uşaqlara verir. Özüm də şəkər xəstəsiyəm, üstəlik, əməliyyat olunmalıyam. Niyə maddi imkanı yaxşı olana ev verilir, mənə yox? Bu, ədalətsizlikdir”.

Hüquqşünas Sübhan Həsənli təəssüflə qeyd edir ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna görə evlər yalnız internatdan məzun olanlara şamil edilir:

“Valideynlərini itirmiş, amma internatda böyüməyən şəxslərə mənzil verilməməsi ədalətsizlikdir. Qanun təkmilləşdirilməli və həmin şəxslər üçün də mənzil almaq əlçatan olmalıdır”.

Hüquqşünas deyir ki, digər bir problem məzunların evlə gec təmin olunmasıdır:

“Corc Qafarova mənzil 26 yaşında verilib. Ortada 7-8 il müddət itib. Azərbaycanda xeyli sayda evlə təmin olunmamış internat məzunları var. Bu şəxslər həmin illər ərzində harada yaşayırlar? Onların əlavə maddi təminatı varmı? Mənzil verilərkən bu məqamlar ciddi araşdırılmalıdır. Təqdim olunan arayışla kifayətlənilməməlidir. Kimin daha çox ehtiyacı varsa, əldə kifayət qədər ev yoxdursa və sayla uyğun gəlmirsə, daha çox ehtiyacı olana, həssas qruplara verilməlidir. Məzun olmayana ev verməyin özü də ayrı-seçkiliyin bir formasıdır. Hesab edirəm ki, bu məsələdə tətbiq edilən növbəlilik prinsipi ədalətli deyil”.

Sübhan Həsənli. Foto: arqument.az-dan screenshot

Hüquqşünasın fikrincə, mənzillərin təqdim edilməsi ilə bağlı siyahı ictimaiyyətə açıqlanmalıdır:

“Məhz neçə nəfərə mənzil təqdim edilməsi ilə bağlı məlumatlar olmadığı üçün insanlar arasında haqlı narazılıq və çaşqınlıq yaranıb. Cəmiyyət ən azından bilməlidir ki, onun vergisi ilə formalaşan və həmin şəxslərə edilən yardımlar necə paylanılır. Qərar verilib və necə tətbiq olunub? Bununla bağlı həm qanunvericilik səviyyəsində, həm də ictimai olaraq məlumatsızlıqdır”.

1988-ci il təvəllüdlü Əli Əlizadə Maşatağakı 1 saylı internat məktəbinin məzunudur. İnternatı 2006-cı ildə bitirib.

Aidiyyəti üzrə müraciətindən bir ay keçməmiş də evlə təmin olunub:

“Ətrafım geniş olduğu üçün evi tapşırıqla, tanışlıqla aldım. Bu baxımdan bəxtim gətirdi. Amma mənimlə məzun olanlar var ki, hələ də ev növbəsi gözləyirlər. Onlara müxtəlif səbəb göstərib, bəhanələr gətirirlər. İnternatın illər əvvəl məzunu olan uşaqlar var ki, vaxtilə rüşvət veriblər. Onların adlarını siyahıda qabağa salıblar”.

Vəkil Zibeydə Sadıqova deyir ki, Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyi internat məzunlarını mənzilləri şəffaflıq prinsipinə əməl etmədən təqdim edir:

Zibeydə Sadıqova
Zideydə Sadıqova. Foto: “Amerikanın səsi”

“18 yaşdan sonra internatdan məzun olan uşaqların əksəriyyətinin sonrakı aqibəti məlum deyil. Onlar harada işləyirlər? Ümumiyyətlə, işlə təmin olunurlarmı? Universitetdə oxuyurlarmı, evləri varmı? Məvacibləri varmı? Bu barədə heç bir araşdırma yoxdur. Dövlət də heç vaxt şəffaflıq hesabatları yaymır”.

Sosioloq Sənubər Heydərova hesab edir ki, hökumət valideynlərini itirmiş uşaqların hüquqlarını qorumaq istiqamətində ciddi addımlar atmalı, qanunlar qəbul etməlidir:

“Valideynlərini itirən uşaqların vərəsəliyi dəyişdirilir. Onlar vərəsə olduqları evə gedə bilmirlər. Kimsəsiz olmaqlarından istifadə edib, mənzillərdən məhrum edirlər. Daha bir məqam, uşaqlar internatı bitirəndən sonra onlara heç nə təklif olunmur”.

1999-cu ildə Azərbaycanda Sos Uşaq kəndləri (SOS Children’s Villages) Beynəlxalq təşkilatının nümayəndəliyi yaradılıb.

Məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir.

Sənubər Heydərova bu kəndlərin üstünlüyündən danışır.

O deyir ki, burada qalan uşaqlar daha sonra yarımqayğı sisteminə keçirirlər. Daha sonra isə gənclər evinə keçirilir, orada təhsil almağa, yaxud da hansısa peşə bacarıqları əldə etməklərinə çalışırlar:

“Sonra onlar yeni bir mərhələyə keçirlər. Özləri işləyib, yaşayacaqları mühitə köçürürlər. Bütün bunlardan sonra müstəqil həyata başlayırlar”.

Onun sözlərinə görə, internat evilərində uşaqlara 18 il ərzində hətta çörək almağı belə öyrətmirlər:

“Onlar internatdan çıxırlar və heç kimləri yoxdur. Əllərində heç bir peşə olmadan məcburdurlar ki, müstəqil həyata atılsınlar. Bu müstəqil həyatın da nəticəsi nə olur? İnternat uşaqlarından biri demişdi ki, ilk dəfə dükana girəndə nə edəcəyimi bilmirdim. Elə bilirdim ki, çörəyi götürüb getməliyəm”.

“Bu uşaqların internatdan sonrakı həyatı əksər hallarda acınacaqlı olur. Adətən, təhsil ala bilmirlər, əllərində heç bir peşələri olmur. İnternet məzunu olan qızların əksəriyyətinin seks işçisi olması təəccüblü deyil. Çünki əllərində bədənlərindən başqa heç nə yoxdur”, – deyə o bildirib.

Sosioloq Sənubər Heydərova
Foto: Meydan TV

Valideyn himayəsindən məhrum olan, yaxud da valideynlərini itirənlərin hüquqları “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Uşaqların hüquqlarının qorunması haqqında” qanunlarla tənzimlənir.

Azərbaycanda ümumilikdə körpələr evinin sayı 4, uşaq evlərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 9, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı 2, ümumtəhsil internat məktəblərinin sayı 25-dir.

Ana səhifəSosialİnternat məzunlarının mənzil problemi: “Ayrı-seçkilik var”