İnsanlıqdan çıxmaq sənəti

Sənət sənət üçündür, yoxsa sənət cəmiyyət üçündür?

Source:

Bu polemika harada başlayıb, onu demək çox çətindir. Amma on doqquzuncu əsrdə Fransada elə bir tozanaq qopardı ki, hətta 20-ci əsrin əvvəllərində Osmanlıya da gəlib çıxdı. “Sənət sənət üçündür, yoxsa sənət cəmiyyət üçündür?”. Bu mübahisənin arxasında iki gizlin niyyət dururdu. Birincisi, “Sənət sənət üçündür” deyənlər idi. Onlar sənətin özəl kriteriyaları arxasında gizlənib, ictimai hadisələrə susqunluqlarına əsas axtarırdılar. Məsələn: “Mən burda “Məryəmin əzabları” heykəlin yonuram, orada İsanın çarmıxa çəkilməsinə qarışa bilmərəm”. Müasir Azərbaycanda isə adamlar bunu ya tarixi vətənpərvərlik, ya da yüksək intellektuallıq pərdəsi arxasında edirlər. Yəni o qədər ağıllıdırlar ki, ağılsızların ölkəni talamasına qarşı çıxmırlar. Ya da kimsə bunlara 20 min Oksford məzunu olan mitinqçi tapmalıdır ki, çıxıb qarşısında çıxış eləsinlər, yoxsa bu möht’rəm zatları başa düşən yoxdur. Bu qorxaqlıqdan “sənət sənət üçündür- səviyyə səviyyə üçündür” deyənlərdir. Bir də var, tamam sıradan çıxmış bir nəsl. Onlar nə keçmişi yaşaya bilmirlər, nə gələcəyi qura bilmirlər. İddia edirlər ki, əsas vəzifələri, ulduzlara baxmaq, Tanrıynan söhbət etmək (arada onu danlamaq), meşələrin qırılmasına ah çəkib insanların qırılmasına qəzavü qədər deməkdir. Bütün hallarda və dövrlərdə “sənət sənət üçündür” deyənlərin məqsədi ictimai proseslərə münasibətdən qaçmaq olub.

Söz isə danışlamadan, yazmadan yoxdur. Ona görə də “ürəyi sözlə dolu” olanların ağırlıqdan yıxıldığını görən olmayıb. Söz azadlığı da danışmaq və yazmaq azadlığıdır. “Ürəyinə çoxlu söz yığmaq” azadlığı deyil. Hər cür sözü dilə gətirmək olarmı? Bu sualın cavabı təbii ki, birmənalı deyil. Amma o söz ki, həyatdan gəlir, onu qadağan etmək yüngül desək, çevrilmədir. Yəni riyakarlıq. Bu isə abırlı görünmək, təmkinli duruş sərgiləmək üçün ödəniləcək bədəl deyil. Bu mənada susmaq heç vaxt ağıllılığın göstəricisi ola bilməz. Çünki, ağıllı susmurlar, yazırlar, danışırlar. Yaradıcı adamlar ictimai məsələlərə münasibətdə susmaq və danışmaq öhdəliyi daşıyırlarmı? Əlbəttə, bu onların insan kimi seçimi olmalıdır. Məsələn, biz demokratiya üçün fransız və ya alman ictimaiətindən vətəndaş mövqeyi tələb etmirik, onlardan insani münasibət gözləyirik. Bu, məhz gözləntidir. Bu, bizim bizə yaxın düşüncədə olan insanlardan gözləntimizdir. Bu gözləntiyə cavab verməyənlərə insan deyillərmi? Əlbəttə, insandırlar, amma bizimlə eyni dəyəri bölüşməyən insan. Onların yaşamaq və düşünmək haqqı varmı? Təbii ki, var. Biz onlarda tələb edə bilərikmi ki, bizim kimi düşünsünlər? Yəqin ki, “düşünmək” və “tələb” ifadələrini hansısa məntiqli təsdiq cümləsində işlətməyin çətinliyini hamı dərk edir. Biz onları düşüncəmizə təhlükə kimi görürükmü? Görürüksə, bunun cavabını özümüzü daha yaxşı ifadə etməklə verməliyik. Çünki, fikrin yox olmasını yalnız ondan daha yaxşı fikir təmin edə bilər. Sənət adamı özünü qorumaq üçün deyir ki, sənət sənət üçündür. İctimai fəal, siyasi funksioner onu öz sırasında ideyasının cəbhəsində görmək üçün deyir ki, sənət cəmiyyət üçündür. Sizcə, bu dilemmanın həlli mümkündürmü? Məncə yox, bu dalandan çıxış yoxdur. Çünki, cəmiyyət olmadan sənətdən danışmaq absurddur. Çünki, yalnız şüurlu toplum qiymətləndirmək imkanındadır. “Hər kasta öz sənətini yaradır” desəniz, o zaman “sənət” nisbi kateqorial anlam daşıyacaq. Yəni hər kəs öz sənətindən danışacaq. Ona görə də biz bu sualın cavabını verməliyik. İnsanın “insan olmaq”dan başqa sənəti nədir? Çünki, məhz insan insanlıqdan çıxanda ondan mövqe bildirmək tələb olunur.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim Fikrimcəİnsanlıqdan çıxmaq sənəti