Yazıya bu cümlələrlə başlamaq istərdim : “O gün yenə dostlarla çay içib söhbət edirdik.” Amma başlaya bilmirəm təəsüf ki. Çünki ətrafda nə tanış tapmaq olur nə də dost. Hamı öz hücrəsinə çəkilib, virtuallaşır. Hamı telefona qapanıb. İnsanlar artıq yaxından bir-biri ilə əlaqə qurmaq istəmirlər, hisslər virtuallaşır. Çünki bu daha rahatdır. Bu daha istidir. Vəziyyəti təsvir etmək bir az çətindir. Virtualda insanlara qarşı keçirdiyimiz isti hisslər söhbət reallığa gələndə soyuqluq ilə əvəz olunurdu.
Bir zaman mən də bu uçuruma düşdüm və hələ də çabalayıram. İnsanlar olurdu ki, səhərə kimi oturub, danışırdım amma məsələ real görüşməyə gələndə… Baxın, burada “stop” olurdu hər şey. Qarşımdakılar da elə bunu istəyirdi. “Online nə qədər istəyirsən, danışaq, amma görüşməyək.” Bütün həvəs, hisslər ölürdü görüş adı gələndə. Real həyatdan iyrənib, soyuyub virtual həyata bağlanırıq. Düzdür, məsələ məndə indi də fərqli deyil, amma inkişaf var, real görüşlərdən qaçmıram.
Buna tənbəlləşmə, virtuallaşma, pikselləşmə, ütopik həyata bağlanmaq adlarını vermək olar.
Utopiya demişkən … Çexov da elə bunu göstərmək istəmirdimi ? Onun uzaqgörənliyi də elə bunda idi. Amma o zaman onun əsərlərindəki estetikanı, üslubu utopiya adlandırırdılar. İndi isə bu reallığa çevrilib. İndi yaşasaydı, Çexov yəqin ki, utopiyanı belə təsvir edərdi : “İnsanlar antik dövrdəki kimi xoşbəxt yaşayır, şəhərdə hamı əylənir, texnologiya yoxdur və s.”
Əvvəllər radio, sonra televizor, kompüter indi də ağıllı telefonlar. Hermetikləşirik, qapanırıq özümüzə, yeyirik, şişirik və indiki təkamül formamıza çatırıq. Telefon şirkətləri hər il yeni bir layihə ilə insanları 9-10 sm-lik texniki şeylərinə dolayırlar.
Uçuruma doğru daha da inkişafla addımlayırıq. Bu, insan oğlunun çöküşüdür. On doqquzuncu əsrdən bəri davam edən çöküşü. Müasir post-modernizm əsrinin taunu. Bu bizim virtuallaşmağımız, pikselə çevrilməyimizdir.
2015-ci ildə çəkilən “Pixels” filmi kimi. Hamı və hər şey pikselə çevrilir. Siz də elə bilirsiniz ki, bu film komediyadır ? Xeyr, bu, insanoğlunun çöküşünün film vasitəsilə təzahürüdür. Hisslərinin elektronlaşmasıdır. Həqiqətən, düşdüyünüz vəziyyətdən qorxmursunuz ?
Bəlkə bunu da boykot edək ?
Azadlıqa çıxaq.
Hamı evlərindən çölə çıxsın.
İnsan izdihamı küçələrdə səs-səsə verib, əylənsin…
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…