“ADDIM ona görə yaradılıb ki, indi qərarların qəbulu heç vaxt olmadığı qədər əhəmiyyətlidir”
ABŞ, Avropa və Azərbaycandan olan bir qrup hüquq müdafiəçisi Azərbaycanda insan hüquqlarının müdafiəsi və dəstək məqsədilə yeni təşkilatın – ADDIM-ın yaradıldığını elan edib. Məlumatı “Turan İA”-a yeni təşkilatın sədri olan Səid Nuri verib.
ADDIM Azerbaijani Democratic Development, Information and Monitoring Center (Azərbaycan Demokratik İnkişaf, İnformasiya və Monitorinq Mərkəzi) kimi açılır. Təşkilatın adının abbreviaturası Azərbaycan dilindəki “addım” sözünü ifadə edir.
“Təşkilatın devizi belədir: “Korrupsiyalı keçmişdən demokratik gələcəyə doğru addımlayırıq””, – deyə Nuri bildirib.
Səid Nuri bildirib ki, Azərbaycan hakimiyyəti rejimə loyallıq göstərməyən hər kəsi təcrid etmək, cəzalandırmaq və həbsə atmaq üçün əsassız həbslər sistemindən istifadə edir. Azərbaycanda insan hüquqlarının pozulması demokratik cəmiyyətin əsasları və demokratiyanın digər təməl prinsipləri üçün təhlükə təşkil edir”.
Hazırda Azərbaycanda 110-a yaxın siyasi məhbus var, onların əksəriyyəti QHT liderləri, gənc fəallar, jurnalistlər və blogerlərdir. Onlar həbs ediliblər və həbsdə işgəncələrə və təzyiqə məruz qalırlar.
Səid Nuri özü siyasi məhbuslardan biridir, o, bir neçə il əvvəl ABŞ-da sığınacaq alıb. Bu yaxınlarda xəstə atasına baş çəkmək üçün vətənə gəlib, amma saxlanılıb, dindirilib və daha sonra ölkədən deportasiya edilib.
“ADDIM ona görə yaradılıb ki, indi qərarların qəbulu heç vaxt olmadığı qədər əhəmiyyətlidir”, – deyə Nuri bildirib.
“Yeni təşkilat Azərbaycanda insane hüquqları sahəsində bir sıra layihələr həyata keçirəcək, vəkillik metodlarından, o cümlədən hüquqi və siyasi təhlil, siyasi məhbuslara və onların ailələrinə hüquqi yardımdan istifadə edəcək”, – Səid Nuri belə deyib (contact.az).